Ermənistan SQ Baş Qərargahının köhnə yeni rəisi vəzifəsinin icrasına başlayıb
Artak Davtyan yenidən Ermənistan SQ Baş Qərargah rəisi təyin edilib. O, əvvəl də – 2018-ci ildən 2020-ci ilə qədər bu vəzifədə olub və baş nazir Nikol Paşinyanın təklifi ilə işdən kənarlaşdırılıb. Onun koronavirusa görə lokdaun elan olunan zaman oğluna toy etməsi buna səbəb olub. Həmin dövrdə bütün kütləvi tədbirlər qadağan edilmişdi.
Artak Davtyanın artıq vəzifəsinin icrasına başladığı haqda baş nazir özü Facebook səhifəsində məlumat verib. Daha sonra o, Baş Qərargah rəisini yüksək hərbi heyətə təqdim edib.
Davtyanın Baş Qərargah rəisi postuna təyin edilməsi onun sələfinin işdən azad edilməsi ilə bağlı qalmaqalın ardıdır. Məsələ burasındadır ki, siyasi böhran fonunda fevralın 25-də keçmiş Baş Qərargah rəisi Onik Qasparyan və yüksən komandanlıq heyətinin bir çox üzvləri baş nazir Paşinyanı istefa verməyə çağırıb.
Baş nazir bu tələbi hərbi çevriliş cəhdi adlandırıb və əvvəlcə prezidentə İnik Qasparyanın vəzifədən azad edilməsilə bağlı vəsatət göndərib, sonra isə bu vəzifəyə Artak Davtyanın təyin olunmasını təklif edib.
Hər iki sənədi prezident Armen Sarqsyan imzalamayıb və iradlarla birlikdə baş nazirə qaytarıb.
Onik Qasparyanın vəkili elan edib ki, prokurorluğa baş nazir Nikol Paşinyana qarşı cinayət ittihamı ilə bağlı şikayət göndərmək iyyətindədir. Məsələ burasındadır ki, Onik Qasparyan inzibati məhkəmədə vəzifədən azad edilməsini mübahisələndirib. Bir neçə gün əvvəl məhkəmə Onik Qasparyanın vəzifədən azad edilməsi prosesini dayandırıb – bu məhkəmə işi üzrə yekun qərar elan olunana qədər.
“Baş nazirin bəyanatı [Artak Datyanın Baş Qərargah rəizi vəzifəsinin icrasına başladığı haqda] onun məhkəmə hakimiyyətini saymadığı anlamına gəlir”, – vəkil bildirib.
- Tarix açıqlandı: Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçiriləcək
- Siyasi qeyri-stabillik, işsizlik, Qarabağ münaqişəsi – Ermənistanın üç əsas problemi
Hadisələrin xronologiyası
Martın 10-da Nikol Paşinyan Onik Qasparyanın artıq Ermənistan SQ Baş Qərargah rəisi vəzifəsindən kənarlaşdırıldığını elan edib, çünki prezident baş nazirin onun işdən azad edilməsi haqda təqdim etdiyi sərəncamı zamanında imzalamasa da, bu qərarı Konstitusiya Məhkəməsində mübahisələndirməyib də.
Armen Sarqsyan sadəcə KM-ə “Hərbi xidmət haqda və hərbçinin statusu haqda” qanuna edilən dəyişikliyin konstitusiyaya zidd olub-olmadığını müəyyət etmək xahişi ilə müraciət edib. Baş Qərargah rəisinin təyin edilməsi və kənarlaşdırılması qaydaları da bu qanunla təsbit edilib.
O zaman baş nazir prezidentə Artak Davtyanın Ermənistan SQ Baş Qərargah rəisi təyin edilməsi haqda təklifi də göndərib.
Martın 11-də baş nazir apparatına bu layihə ilə bağlı da iradlar daxil olub. Amma baş nazir bu iradları qəbul etməyib və yenidən Armen Sarqsyana yeni Baş Qərargah rəisinin təyin olunması üçün “müvafiq izahatlarla məktub” göndərib.
Prezident Artak Davtyanın təyinatl ilə bağlı təklifi imzalamayıb və yenə də bu qərarı Konstitusiya Məhkəməsində mübahisələndirməyib. Buna görə də “Davtyanın təyinatı haqda fərman martın 22-də qüvvəyə minib” – bu haqda baş nazir Favebook səhifəsində məlumat verib.
Baş nazir hərbçiləri neytrallığı qorumağa çağırıb
“Siz hamınız bilirsiz ki, Davtyan Baş Qərargah rəisi postunu hərbi xidmətə aidiyyatı olmayan səbəbdən tərk edib. Qeyd etmək lazımdır ki, bu müddət ərzində biz həmişə əlaqədə olmuşuq və aydın idi ki, onun potensialından mütləq bizim dövlət işlərimizdə istifadə etməliyik”, – baş nazir yeni Baş Qərargah rəisini təqdim edərkən bildirib.
Nikol Paşinyan vurğulayıb ki, onun istefa tələdinə qoşulan hərbçilərə qarşı kin saxlamır, amma bundan sonra neytrallıq saxlamağı və siyasətə müdaxilə etməməyi tələb edib.
Yeni Baş Qərargah rəisi Artak Davtyan isə əmin edib ki, Silahlı Qüvvələr siyasi proseslərdə iştirak etməyəcək:
“Ermənistan SQ Konstitusiyaya görə hökumətin tabeliyində və mülki nəzarətdə olduğu üçün siyasi məsələlərdə neytrallığı qoruyacaq, sırf təhlükəsizliyin, ərazi bütövlüyünün və Ermənistan sərhədlərinin toxunulmazlığının təminatı üzrə vəzifələrini rəhbər tutacaq”.