Ermənistan: Qavar əyalət şəhərində yüzlərlə insanın iştirakı ilə linç məhkəməsi və iğtişaşlar
Ermənistan paytaxtının 90 kilometrliyində yerləşən Qavar şəhərində iki nəfərin qətlə yetirilməsi 500 nəfərə yaxın insanın iştirakı ilə kütləvi iğtişaşlara və linç məhkəməsinə səbəb olub.
Hadisə aprelin 28-də baş verib, amma indiyə qədər məlum deyil ki, bu qanlı hadisələrə nə səbəb olub.
Nə baş verib – təfərrüat
Ermənistan mediasında son qanlı hadisələrin yeniyetmə qavarlılar arasında iki ay əvvəl başlanan davanın davamı olduğu haqda yazırlar. Yeniyetmələrin davasına böyüklər də qarışıb və Qavar küçələrindən birində atışma başlayıb – kriminal savaşlardan bəhs edən filmlərdə olduğu kimi.
Sosial şəbəkədə yolda maşınların dayandığını, bu maşınlardan bir neçə kişinin düşdüyünü və atışmağa başladığını əks etdirən video yayılıb.
Nəticədə iki nəfər öldürülüb, onlardan biri hərbi polis müstəntiqidir. Daha dörd nəfər yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hücum edənlərdən ikisi öz avtomobilində qaçıb, amma qəzaya düşüblər və indi onlar da xəstəxanadadırlar.
Yerevandan Qavara əlavə polis qüvvələri cəlb olunub. Polis rəisi özü də hadisə yerinə gedib.
Güc strukturlarının nümayəndələri cinayət yerində işlədikləri müddətdə təqribən 500 nəfərdən ibarət izdiham yaralıların gətirildiyi Qavar xəstəxanasına hücum edib.
Polis kordonunu yararaq yüzlərlə insan tibb müəssisəsini alt-üst edib, hücumçular atışmada iştirak edən iki yaralının palatasına gedib çıxıblar. Medianın yazdığına görə, bu insanlar öldürülən şəxslərin qohumları və dostları olub və onlar yaralıların boğazını kəsərək qətlə yetiriblər.
Amma İstintaq Komitəsinin mətbuat xidməti bu məlumatı təkzib edib, rəsmən bildirilib ki, qavarlı “intiqamçılar” polis müdaxiləsindən sonra “cinayəti sona çatdıra bilməyib və qaçıblar”.
Artıq hücumda iştirak edən 50 nəfər saxlanılıb. Dağıntılara baxmayaraq, Qavar xəstəxanası işinə davam edir. Mümkün iğtişaşların qarşısını almaq üçün xəstəxana polisin xüsusi nəzarətində qalır.
Sosial şəbəkələrdə nə yazırlar?
Sosial şəbəkələrdə insanlar hadisələrin inkişafını izləyir və fəal şəkildə şərh edirlər. Facebook istifadəçilərinin yazdığı statuslardan bəziləri:
“Biabırçı vəziyyətdir! Bizdə kimin işi yoxdursa kriminal avtoritet olur. Bu 500 nəfərdən azı 300-nün dəqiq heç çörək almağa da pulu yoxdur”.
“Yaxşı, gənclər başa düşmür, onların qanı qaynayır, bəs böyüklər neyləyir? qarşılıqlı hörmət yoxdur, bir-birini bağışlamaq bacarığı yoxdur! Hamı özünü hər şeyə qadir hiss edir! Burda polisin, ya da dövlətin nə günahı var?”
“Gənclərin düşmənçiliyini qoyaq bir qırağa. Bunu hələ nə cürsə başa düşmək olar – cavandırlar. Bəs polis necə imkan verib ki, 500 nəfər xəstəxanaya soxulub, hər şeyi dağıdıb-töküb? Əgər onlar bir kəndin camaatıdırsa, bütün kəndi cəzalandırmaq lazımdır!”
“Polis öz yerində və daha ciddi olmalıdır!”
“Bəs axı siz deyirsiz ki, fövqəladə vəziyyət rejimidir! Bəs bizi güdən və anketlərimizi yoxlayan polislər harada imiş?”