Paşinyan: “Biz KTMT-dən çıxacağıq, başqa yol yoxdur”
Ermənistan KTMT-dən çıxacaq
“Çıxacağıq. Nə vaxt çıxacağımıza qərar verəcəyik”, – Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın rəhbərliyi altında fəaliyyət göstərən KTMT hərbi blokundan çıxmaqla bağlı sualı cavablandırarkən deyib.
Eyni zamanda o, bir daha təkrar edib ki, bu qərarın səbəbi KTMT müttəfiqlərinin Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməməsidir: “Müttəfiqlik köpüyü yaradanlar günahkardırlar ki, onların üzvləri müqavilə öhdəliklərini yerinə yetirmək əvəzinə, Azərbaycanla birlikdə bizə qarşı müharibə planlaşdırıb”.
Bundan əvvəl baş nazir artıq Ermənistana qarşı “müharibənin hazırlanmasında iştirak etmiş ən azı iki [KTMT üzvü] ölkəni tanıdığını” bildirib. Söhbət 2020-ci ilin 44 günlük Qarabağ müharibəsindən gedir.
Baş nazir ilk dəfə deyil ki, Ermənistanın KTMT-dən çıxa biləcəyindən danışır. Və bu bəyanat Ermənistanda ajiotaj yaratmayıb. Teleqram kanalları bu məlumatı dərc edən kimi Paşinyanın sözləri ölkə xaricində daha çox diqqət çəkib. Çoxlarına elə gəlir ki, bu, artıq təşkilatdan çıxmaq qərarı ilə bağlı bəyanatdır. Baş nazir parlamentdə hökumətin deputatlara verdiyi ənənəvi cavab saatında çıxış edib. Ondan sonra isə xarici işlər naziri Ararat Mirzoyan izahat verməyə məcbur olub.
“Ermənistanın baş naziri deməyib ki, biz KTMT-dən çıxırıq. Baş nazir deyib ki, nə vaxt ayrılacağımıza qərar verəcəyik, amma geri qayıtmayacağıq. O, bunu deyib – nə az, nə çox”, – Ermənistanın XİN rəhbəri vurğulayıb.
- “Moskva regionda yeni reallıqlarla barışmalı olacaq”. Bakıdan baxış
- Sülh müqabilində ərazilər: Azərbaycan yeni müharibədən imtina edəcəkmi?
- Şimal-Cənub nəqliyyat dəhlizi uğrunda rəqabət. Bakıdan baxış
Paşinyan baş nazir olmasaydı, nə baş verərdi? – “Ermənistan Rusiyanın tərkibində əyalət olardı”
Ermənistanda aprel ayında başlayan etiraz aksiyaları və hökumətin istefası tələbləri fonunda müxalifət hökumətə sərt suallar verib.
Müxalifətin “Hayastan” fraksiyasının deputatı Tadevos Avetisyan baş nazirdən soruşub ki, o, özünə sual veribmi əgər hakimiyyətdə olmasaydı, Ermənistan necə yaşayardı? Paşinyan isə cavab verdi ki, bir şey istisna olmaqla, hər şey eyni olardı:
“Ermənistan 100% [Rusiyanın] əyaləti olardı”.
O, hökumətinin niyə başqa yol tutması sualına bir neçə dəfə qayıdıb. Ermənistanın strateji müttəfiqi olan Rusiyanın himayəsi altında yaradılan və fəaliyyət göstərən KTMT hərbi blokunun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsindən danışıb.
Müxalifətçi deputatların Ermənistanın niyə belə olan halda KTMT-dən çıxmaması ilə bağlı iradına Paşinyan belə cavab verib:
“Çıxacağıq. Bununla bizi qorxudursunuz? Nə vaxt çıxacağımıza qərar verəcəyik. Biz bu barədə danışırıq. Məgər bu barədə kifayət qədər məlumat yox idi? Sizcə növbəti addım nə olacaq? Sizcə geri dönəcəyik? Yox, başqa yol yoxdur”.
Ermənistanın hansı istiqamətdə hərəkət etdiyi, yəni vektorunu Qərbə doğrumu dəyişirmi deyə sualına isə baş nazir belə cavab verib:
“Biz əsl Ermənistana, Ermənistan Respublikasına, sərhədləri müəyyən edilmiş suveren, təhlükəsiz, dinc dövlətə doğru irəliləyirik. Və demək olar ki, təyinat nöqtəsinə çatmışıq. Narahat olmayın, oraya [KTMT-yə] qayıtmayacağıq. Sadəcə, əhvalınızı pozmamaq üçün bunun tezliklə baş verəcəyini demirik [hakim komandanın fikrincə, Rusiyanın maraqlarına xidmət edən parlament müxalifətinə müraciət edib]”.