Ermənistan və İran ikinci ölkədən birinciyə qaz təchizatı imkanlarını müzakirə edibş Yerevanda çoxları bunu ölkənin alternativ enerji mənbəyi tapmaq və tamamilə Rusiya qazından asılı olmamaq cəhdi kimi dəyərləndirib.
Yeni imkanlar Ermənistan baş naziri Karen Karapetyanın İrana yenicə başa çatmış səfəri zamanı müzakirə olunub.
“Ermənistanın baş naziri bildirib ki, Yerevan İran qazının idxalında maraqlıdır. Bunun cavabında İranın neft naziri bu məsələni İranın Milli Qaz Şirkəti ilə müzakirə edəcəyinə söz verib”, – İranın Asrenaft agentliyi İranın neft naziri Bijan Zanqaneyə istinadən məlumat verir.
Ermənistan qazı iki ölkədən – Rusiya və İrandan idxal edir. Ötən il Ermənistana 1,5 milyard kubmetr qaz təchiz edilib ki, bunun da 200 milyonunu İran qazı təşkil edir.
İran mediası xəbər verir ki, danışıqlar zamanı o cümlədən Türkmənistan qazının Ermənistana təchizatı imkanları da müzakirə olunub və İranın bu yöndə yardım etməyə hazır olduğu bildirilib.
Bu gün Ermənistanda çoxları hesab edir ki, enerji mənbələrinin diversifikasiyası Ermənistanın Rusiyadan qaz asılılığını azaltmaq üçün lazımdır.
Amma energetika sahəsində ekspert Vahe Davtyan bildirir ki, bununla o qədər də razı deyil. Onun fikrincə, İran Ermənistana qaz təchizatının həcmini ancaq Rusiyanın razılığı ilə artıra bilər.
“İran-Ermənistan qaz borusu Rusiyanın “Qazprom” şirkətinə aiddir. Hətta əgər İran hansısa danışıqların nəticəsi olaraq Ermənistana ucuz qaz satmağa başlasa belə, bu qaz istənilən halda Ermənistana Rusiyanın sahib olduğu həmin borularla gələcək. Bu qazın paylanması da Rusiyanın operatoru tərəfindən, yəni Moskvanın razılığı ilə həyata keçiriləcək”, – Davtyan deyir.
O həmçinin hesab edir ki, İranın Ermənistana Rusiyadan daha ucuz qiymətə qaz təklif edə biləcəyi inandırıcı deyil.
“Biz Rusiyadan qazı sərhəddə 150 dollara alırıq. Bu, məxsusi olaraq Ermənistan üçün təyin edilmiş güzəştli qiymətdir. İranın qazının Ermənistan üçün qiyməti 170-180 dollardır. Əlbəttə, İran qazı daha keyfiyyətlidir, amma hər 1,000 kubmetri Rusiya qazından 20-30 dollar bahadır”, – Vahe Davtyan deyir.
Ermənistana İran qazının təchizat həcminin artırılmasının mümkünlüyü və bunun nə zaman ola biləcəyi ilə bağlı hələlik rəsmi heç bir məlumat açıqlanmayıb.