Ermənistanda milli valyutanın 25 illiyi qeyd olunur. Ölkənin Mərkəzi Bankı və ekspertlər bu illər ərzində dramın özünü stabil valyuta kimi göstərə bildiyi fikrində uzlaşırlar.
Dram necə Ermənistanın milli valyutası oldu?
Dram 1993-cü il noyabrın 22-də Ermənistanın milli valyutası elan edilib. Paralel olaraq, maliyyə sistemi və bank strukturunun formalaşması prosesi gedirdi. Ermənistan 1991-ci ildə müstəqilliyini elan etmişdi, amma 1993-cü ilə qədər rubl zonasında qalırdı. Ölkədə milli valyutanın tətbiqinin məqsədəuyğunluğu ətrafında mübahisələr gedirdi.
Ermənistan əskinasları və sikkələri xaricdə kəsilir.
Yubileylə əlaqədar olaraq, Ermənistan Mərkəzi Bankı dövriyyəyə aşağıdakı dəyərlərdə “üçüncü nəsl” yeni əskinaslar buraxıb:
Şair Paruyr Sevakın əksi olan 1000 dramlıq,
Şaxmat üzrə dünya çempionu Tiqran Petrosyanın əksi olan 2000 dramlıq,
Yazıçı Ulyam Saroyanın əksi olan 5000 dramlıq,
Bəstəkar Komitasın əksi olan 10000 dramlıq,
Rəssam İvan (Hovannes) Ayvazovskinin əksi olan 20000 dramlıq,
Bütün ermənilərin birinci Katolikosu Qriqori Lusavoriçin (Maarifçi Qriqori) əksi olan 50000 dramlıq.
Mərkəzi Bankdan bildirildiyinə görə, yeni əskinaslar daha keyfiyyətlidir, əvvəlkindən daha yaxşı müdafiə olunub. Əskinaslar qismən kağızdan, qismən polimerdən (plastik) ibarətdir.
Erməni dramı hansı yoldan keçib?
Bu 25 ildə erməni dramı özünü stabil valyuta kimi göstərib. Ciddi tərəddüdə məruz qalsa da, bu, heç vaxt iqtisadiyyatın kollapsına gətirib çıxarmayıb. Həm keçmiş, həm də hazırkı yüksək vəzifəli şəxslər, eyni zamanda müstəqil ekspertlər bu qənaətə gəlir. Ermənistanın Mərkəzi Bankının rəhbəri Artur Cavadyan hesab edir ki, əhalinin drama olan etibarı artır:
“Ermənistan dramı bu illər ərzində postsovet məkanında ən stabil valyutalardan birinə çevrilib. Biz çətin dövrlərdə qətiət göstərib milli valyutanı tətbiq edən insanlara minnətdar olmalıyıq. Həmin illərdə Ermənistanın milli valyutasına inanan və inanmaqda davam edən vətəndaşlarımızı da unutmamalıyıq. Respublikada erməni valyutası ilə yatırımların pay faizi də davamlı artır”.
Beynəlxalq İnsan İnkişafı Mərkəzinin eksperti Aşot Xurşudyan da razılaşır. İqtisadçı hesab edir ki, 25 il əvvəl vacib maliyyə islahatı aparılıb və bundan sonra Ermənistan öz milli valyutasını dəyişməyib, həm də postsovet məkanının digər ölkələrindn fərqli olaraq:
“Biz Dramı tətbiq etməklə yalnız bir dəfə valyuta dəyişmişik. Və biz Drama sadiq qaldıq, o da bizə. Dram stabil valyuta olub. Baxmaraq ki, bu dövrdə üç maliyyə sarsıntısı yaşanıb – 1998-ci ildə Rusiyada defolt, həmçinin 2008 və 2015-ci il maliyyə böhranları”.