Erməni soyqırımının tanınması ilə bağlı qətnamə ABŞ Senatında səsverməyə gedib çıxmayacaq
Amerikalı respublikaçı senator Lindsi Qrem oktyabrın 29-da ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilən erməni soyqırımın tanınması haqda qətnaməni bloklayıb.
Nümayəndələr Palatasının 405 konqresmeni Osmanlı imperiyası ərazisində ötən əsrin əvvəllərində baş verən ermənilərin kütləvi qırğınını soyqırım kimi tanıyıb. Bunun əleyhinə səsverənlər cəmi 11 konqresmen olub. Üstəlik qətnaməni həm demokratlar, həm də ABŞ prezidenti Donald Trampın təmsil etdiyi Respublika Partiyasının üzvləri dəstəkləyib.
Sənəd Senatdan keçməli idi. Senat qəbul etsəydi, qətnamə ABŞ prezidentinin imzasına göndəriləcəkdi.
Amma Donald Trampın yaxın tərəfdaşlarından hesab edilən respublikaçı Lindsi Qrem öz hüququndan yararlanaraq sənədi bloklayıb. Bu hüquqa əsasən, ABŞ Senatının hər bir üzvü qətnamə qəbunu bloklaya bilər.
Erməni soyqırımı – Osmanlı Türkiyəsində 1915-ci ildə baş verən kütləvi qırğın. Buna qədər Osmanlı imperiyasının ərazisində iki milyon yarım erməni yaşayıb. Kütləvi qətliam və deportasiyalar nəticəsində onların yarında çoxu məhv olub.
Osmanlı imperiyasında ötən əsrin əvvəllərində baş verən bu faciəli hadisələr nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən də Avropa Şurası, Avropa Parlamenti, Dünya Kilsələr Şurası tərəfindən soyqırım kimi tanınıb. Erməni soqırımını tanıyan ölkələr sırasında Kanada, Argentina, İsveçrə, Avstriya, İtaliya, Rusiya, Belçika, Fransa, Polşa, Clovakiya, Hollandiya, Uruqvay, Yunanıstan, Kipr, Vatikan, Almaniya, Livan, ABŞ-ın 48 ştatı var.
Türkiyə soyqırım iddiasını qəti şəkildə rədd edir.
İndiyə qədər ABŞ prezidentləri, o cümlədən də Donald Tramp öz rəsmi çıxışlarında 1915-ci il hadisələri haqda danışarkən “soyqırım” sözündən istifadə etməyiblər.
ABŞ-ın 50 ştatından 49-u rəsmən erməni soyqırımını tanıyıb, amma federal səviyyədə proses hər dəfə hansısa məqamda ilişib qalır.
Qremin izahatı və Senatın reaksiyası
Senatın hüquq komitəsinə rəhbərlik edən senator Lindsi Qrem izah edib ki, qətnaməni Türkiyə prezidenti Ərdoğanla Ağ Evdə baş tutan görüşdən sonra bloklayıb. Onun sözlərinə görə, o, qətnaməni “keçmiş üçün yox, gələcək üçün” bloklayıb:
“Mən indicə Ərdoğanla və prezident Trampla görüşdüm və Türkiyənin Suriyaya hərbi müdaxiləsi nəticəsində qarşılaşdığımız problemlər haqda danışdım. Mən ümid edirəm ki, Türkiyə və Ermənistan bu problemi birlikdə çözə biləcəklər”.
Qrem əlavə edib ki, senatorlar “nə şişirtməli, nə də tarixi yenidən yazmalıdırlar”.
Xarici işlər üzrə komitədə əsas demokrat senator Robert Menendes Qremə belə cavab verib:
“Siz Türkiyədən belə qorxmusuz? Sizdən hansınız super gücsünüz? Mən düşünürəm, axırda elə olacaq ki, Amerika Senatının nə qərar qəbul etməli olduğunu Türkiyə müəyyən edəcək”.
Bu bəyanatlar Trampla Ərdoğanın 13 noyabrda Ağ Evdə baş verən görüşündən sonra səslənib. Brifinq zamanı Türkiyə prezidenti oktyabrın 29-da qəbul edilmiş qətnaməni “Türkiyə xalqı üçün məyusedici” adlandırıb.
Nə və niyə baş verir? Ekspert rəyi
Politoloq Suren Sarkisyan hesab edir ki, qətnamənin bloklanmasına müxtəlif amillər təsir edib. Onlardan biri də Amerika-Türkiyə münasibətlərinin yaxşılaşdırılmasıdır:
“Tram-Ərdoğan görüşündən sonra Türkiyə və ABŞ arasında münasibətlər tamam başqa yolla irəliləyə bilər. Bu il ərzində yaxınlaşma ola bilər, çünki görüş isti keçib.
Bu o deməkdir ki, bir çox məsələlərə yanaşma dəyişir. Münasibətlər iki strateji müttəfiqin münasibətləri kimi inkişaf edəcək. Yaxın zamanda çox güman ki, onların münasibətlərində yaxşılaşma müşahidə edəcəyik”.
Bununla belə, o, vurğulayıb ki, qlobal anti-Türkiyə əhvalı hələ keçməyib:
“Hələ Amerika ictimaiyyəti və siyasi çevrələri üçün açıq qalan məsələlər var. Bu, Türkiyənin Rusiyadan aldığı hava hücumundan müdafiə sistemləri məsələsidir. Bu, həm ABŞ, həm də NATO üzrə tərəfdaşları üçün böyük problemdir”.
Qremin qərarına gəlincə, politoloq hesab edir ki, senatora “açıq şəkildə bildirilib ki, qətnamənin keçəcəyi təqdirdə ABŞ-ın Suriya üzrə problemləri olacaq və Türkiyə ABŞ-a kömək etməyəcək”.
Politoloq deyir ki, indi də qətnaməni irəlilətmək imkanı mövcuddur:
“Senatdakı respublikaçıların lideri qətnamə üzərindən vetonu götürmək hüququna sahibdir. Amma bunun üçün böyük siyasi iradə və senatorların güclü dəstəyi lazımdır. O zaman qətnamənin şansı olacaq. Amma bu, çox zaman alacaq”.
Suren Sarkisyan deyir ki, indi erməni lobbisi qarşısında çətin vəzifə durur – Qremin vetonu qaldırmasına nail olmaq:
“Əgər o, qətnaməyə qarşıdırsa, sadəcə əleyhinə səs verə bilər, senatda qətnaməni bloklamaz. Əgər o, digər senatorlar tərəfindən güclü dəstək ala bilsə, bu yolla gedə bilər”.
Niyə Nümayəndələr Palatası daha əvvəl qətnaməni qəbul edib?
ABŞ Konqresi NATO üzrə müttəfiqi Türkiyə ilə münasibətləri korlamaqdan ehtiyatlandığı üçün illərlə erməni soyqırımının tanınmasını ləngidib.
• Bundestaq “soyqırım” sözünü səsləndirib
Qətnaməyə təcili baxış ABŞ və Türkiyə münasibətlərinin pisləşməsindən irəli gəlmişdi. Vəziyyətə bir neçə amil təsir edib:
• Türkiyənin “İslam Dövlləti” ilə mübarizədə Amerikanın əsas müttəfiqləri olan Suriya kürdlərinə qarşı həyata keçirdiyi hərbi əməliyyat. Üstəlik bütün bunlar Donald Tramp qəfldən qoşunların Suriya ərazisindən çıxarılması haqda bəyan edəndən sonra baş verib.
• ABŞ-ın narazılığına baxmayaraq, Türkiyənin Rusiyada S-400 ZRS almaq qərarı [hava hücumu vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulan zenit raket sistemi].
Üstəlik qətnamənin qəbul edilməsinin geosiyasi kontekstini onun tərəfdarları da gizlətmirdi. Türkiyə Suriyada əməliyyata başladığı gün çox sayda erməninin yaşadığı dairəni təmsil edən konqresmen Ted Lyu Twitter-də ABŞ-ın erməni soyqırımını tanımasının əsl zamanı olduğunu yazıb.
• Hollandiya parlamenti Osmanlıda erməni soyqırımını tanıyıb
Üstəlik soyqırım üzrə səsvermədən dərhal sonra Nümayəndələr Palatasının deputatları yenə də böyük əksəriyyəti ilə Trampı Türkiyəyə qarşı sanksiyaların tətbiqinə çağıran qanun layihəsini dəstəkləyib.
Qanun layihəsinə əsasən, Türkiyənin müdafiə naziri də daxil olmaqla yüksək vəzifə sahiblərinə qarşı sanksiya tətbiq etmək, Türkiyə məmurlarının aktivlərini bliklamaq və Türkiyə banklarına qarşı sanksiyalar tətbiq etmək təklif olunur.