Xeyriyyəçilik, yoxsa praqmatizm: erməni milyonçu azərbaycanlı biznesmenlərin ziyanlarını kompensasiya etməyə hazırdır
Erməni əsilli rusiyalı milyonçu Serger Sarkisov Moskvada ermənilərlə azərbaycanlılar arasında yaşanan toqquşmalar zamanı bütün Azərbaycan vətəndaşlarına dəyən ziyanı kompensasiya etmək təklifini irəli sürüb.
Ötən həftə Rusiya paytaxtında çox gərgin vəziyyət yaranıb. Sosial şəbəkələrdə iki diaspora nümayəndələrinin bir-birinə hücumunu əks etdirən videolar yayılıb. Moskvada iğtişaşlar Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi fonunda baş verib. İyulun 12-dən 16-a qədər hər iki tərəfdən ümumilikdə ən azı 17 nəfər həlak olub.
Ermənistanda biznesmenin sülhpərvər çağırışı xoş niyyət nümunəsi kimi yox, praqmatik addım kimi dəyərləndirilib. Ekspertlər hesab edirlər ki, bu yolla biznesmen azərbaycanlı tərəfdaşları ilə əlaqələrini bərpa etmək və öz biznesinin inkişafını davam etdirmək istəyir.
● Moskva: azərbaycanlılarla ermənilər arasında dava, niyə? Video və foto
Sarkisov nə deyib?
Milyonçu Moskvadakı iki diaspora nümayəndələrini zorakılıqdan əl çəkməyə və xaricdə iğtişaşları təhrik edənləri dayandırmağa çağırıb.
Öz müraciətində Sarkisov vurğulayıb ki, o, azərbaycanlı dostları qarşısında “öz milli idrakını zorakılıq və dağıntılarla ifadə etmək qərarına gələn vandallara görə çox utanır”:
“Bizi qəbul edən, yaşamaq, işləmək, uşaqlarımıza oxumaq imkanı verən evdə dava çıxarmaq bizim xalqlarımızın ənənələrinə uyğun deyil. Mən Rusiyanı nəzərdə tuturam. Öz xalqlarınızı, öz əcdadlarınızı biabır etməyin”.
Biznesmen bildirib ki, onun ailəsi azərbaycanlı bisnesmenlərə dəyən ziyanı qarşılayacaq:
“Əminəm ki, azərbaycanlı biznesmenlər də bununla razıdırlar və eyni cür davranacaqlar”.
Ermənistanda nə düşünürlər?
Politoloq Qrant Mikaelyan Sarkisovun bəyanatını şərh edib. Onun sözlərinə görə, Sarkisov öz bəyanatı ilə münaqişəni yumşaltmağa, azərbaycanlı tərəfdaşları ilə əlaqələrini qorumağa çalışır.
“Düşünürəm ki, ermənilərlə azərbaycanlılar arasındakı toqqumalar nəticəsində azərbaycanlı biznesmenlərə dəyən ziyan böyük deyil. Bu cür kompensasiyadan Sergey Sarkisovun əldə edəcəyi qazanc praqmatik nöqteyi-nəzərdən daha yüksəkdir”, – Mikaelyan qeyd edib.
Politoloq güman edir ki, azərbaycanlılar tərəfindən çətin ki, eyni addımı atacaq insanlar tapılsın, çünki Bakı bu mənada radikal mövqedədir:
“Azərbaycanlılar tərəfindən də eyni cür cavab pası olacağı fakt deyil, hərçənd gözləyək, görək”.
Sosial şəbəkələrdə nə yazırlar?
Sarkisovun təklifi haqda xəbər Facebook-un yalnız Ermənistan yox, həm də Rusiya seqmentində qızğın müzakirə olunub.
Bəzi şərhlər:
“Bu gedişi etməklə qardaşlar mövqeləri və ümumilikdə vəziyyəti bərabərləşdiriblər. Vaxtilə Qorbaçov və siyasi bürodakı babalar eyni şeyi etmişdi, Sumqayıtdakı qırğını Ermənistandakı N sayda xuliqanlıqlarla bərabərləşdirərək. Bunun nəyə gətirib çıxardığını biz artıq bilirik. İndi eyni nəğməni oxuyurlar. Siyasi büro dəyişib, metodlar isə eyni qalıb”.
“Növbəti satqınlıq və sahib qarşısında xidmət göstərmək cəhdi!”
“Rusiyada sağ qalmaq, əks halda, bizneslərini itirə bilərlər. Onlar Xodorkovskidən daha yaxşı və ya daha sərtdilər məgər?”
“Düşünürəm ki, azərbaycanlılar mədəni və nəzakətli şəkildə bu yardımdan imtina edəcəklər”.
Sarkisovlar kimdir?
Sergey və Nikolay Sarkisov qardaşları əslən Dağlıq Qarabağdandırlar.
Sergey Sarkisov Rusiyanın ən böyük sığorta şirkətlərindən olan “Reso-Qarantiya”nın banisidir. O, şirkətin direktorlar şurasına daxildir və Rusiya Sığortaçılar İttifaqının idarə heyətinin və prezidiumunun üzvüdür.
Onun varidatı 700 milyon dollar həcmində dəyərləndirilir.
Nikolay Sarkisov şirkətin baş direktorunun müavinidir.