19 erməni ekspert Azərbaycana gəlib - ikitərəfli "Sülh Körpüsü"nün dördüncü görüşü başlayır
Erməni ekspertlər Bakıya gəlib
10 apreldə Ermənistan vətəndaş cəmiyyətinin 19 nümayəndəsi Azərbaycana gəlib. Onlar 20 azərbaycanlı ekspertlə birlikdə 10-12 aprel tarixlərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində təşkil olunan ikitərəfli dəyirmi masada iştirak edəcəklər.

Bu, iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin artıq dördüncü görüşüdür. Erməni ekspertlər Azərbaycana ikinci dəfə səfər ediblər.
Ötən ilin noyabrında təşkil olunan səfərdən fərqli olaraq, bu dəfə onlar hava yolu ilə deyil, quru yolu ilə gəliblər və iki ölkə arasında delimitasiya olunmuş Tavuş-Qazax quru sərhədində sərhəd və pasport nəzarətindən keçiblər.
Azərbaycanlı ekspertlər də bu ilin fevralında eyni marşrutla Ermənistana səfər etmişdilər, müşahidəçilər bunu “simvolik addım” kimi qiymətləndirmişdilər.
Təşəbbüsün Ermənistandan fəaliyyətini “Armenian Council” analitik mərkəzi əlaqələndirir. Mərkəzin prezidenti Areq Koçinyan dəfələrlə bəyan edib ki,
Ermənistan və Azərbaycanda təşkil olunan görüşlər “dəmir pərdəni aradan qaldırmaq cəhdləri” kimi qiymətləndirilməlidir.
“Sülh Körpüsü” layihəsində iştirak edən erməni ekspertlər bu təşəbbüsü birbaşa dialoq üçün əlavə platforma kimi dəyərləndirirlər.
Onlar hesab edirlər ki, müntəzəm təmaslar qarşılıqlı etimadın möhkəmlənməsinə, peşəkar əməkdaşlığın genişlənməsinə və Ermənistan-Azərbaycan münasibətlərinin tədricən normallaşmasına əhəmiyyətli töhfə verə bilər.
Aşağıda hazırda məlum olan məlumatlar təqdim olunur.
- Yerevanda Ermənistan və Azərbaycan QHT nümayəndələrinin görüşü keçirilir: nə gözləmək olar
- Yerevanda Azərbaycan və Ermənistan QHT-lərinin görüşü: sülh dialoqu, yoxsa simvolika?
- “Müstəqilliyin əldə edilməsindən sonra ilk iqtisadi saziş”: Azərbaycan benzini artıq Ermənistandadır
Görüşün gündəliyi barədə nə məlumdur?
“Armenian Council”un məlumatına görə, Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilmiş sammitdə təsdiqlənmiş sülh gündəliyi çərçivəsində aparılır.
Məlumata əsasən, iki günlük dəyirmi masaların gündəliyinə aşağıdakı məsələlər daxildir:
- Sülh prosesinin hazırkı vəziyyəti,
- “Sülh Körpüsü” təşəbbüsü iştirakçılarının öz ölkələrində həyata keçirdikləri fəaliyyətlər və onların nəticələri,
- Regiondakı vəziyyət.
“Bəzi iclaslar ictimai mühitdə sülhün təşviqinə və sülh prosesinin növbəti mərhələlərində etimadın artırılmasına yönəlmiş səylərə həsr olunacaq”, – mərkəz belə bildirir.
Analitik mərkəz vurğulayıb ki, “Sülh Körpüsü” təşəbbüsü iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqu və birbaşa qarşılıqlı əlaqəni təşviq etməyə davam edir.
Kontekst
Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü 21-22 oktyabr 2025-ci ildə Yerevanda baş tutub.
Bir ay sonra, 21-22 noyabr tarixlərində erməni ekspertlər Bakıya səfər ediblər. Həmin vaxt Ermənistan hökuməti Yerevan-Bakı və Bakı-Yerevan marşrutları üzrə çarter reyslərinin təşkili üçün təxminən 17,5 milyon dram (təxminən 20 000 ABŞ dolları) vəsait ayırmışdı.
İkinci görüşdən sonra tərəflərin işçi əlaqələri və qarşılıqlı səfərləri davam etdirmək barədə razılığa gəldiyi açıqlanıb və təşəbbüs “Sülh Körpüsü” adlandırılıb.
İlkin mərhələdə təşəbbüsdə hər iki ölkədən 5 ekspert iştirak edirdi. Lakin 2026-cı ildə iştirakçıların sayı artırılıb.
13-14 fevral 2026-cı ildə Ermənistanın Kotayk vilayətinin Tsaxkadzor şəhərində təşkil olunan “Sülh Körpüsü” təşəbbüsünün üçüncü konfransında erməni tərəfdən 20, Azərbaycan tərəfdən isə 19 ekspert iştirak edib.
Bu mərhələdən etibarən layihəyə Camnyusun (JAMnews) Ermənistan ofisinin direktoru, redaktor Naira Martikyan da qoşulub və hazırda o da Azərbaycandadır.
İki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin gündəliyinə Ermənistan-Azərbaycan münasibətlərinin mövcud mərhələsi və inkişafı ilə bağlı sülh sazişinin imzalanmasından kommunikasiyaların açılmasına qədər geniş məsələlər daxil edilib.
Təşəbbüs çərçivəsində ekspertlər yüksək vəzifəli şəxslərlə də görüşlər keçirirlər.
Belə ki, 2025-ci ilin payızında Bakıya səfər zamanı erməni ekspertlər Azərbaycan Prezident Administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Hikmət Hacıyevlə görüşmək imkanı əldə ediblər.
Azərbaycanlı ekspertlər isə Ermənistanda olduqları müddətdə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüblər.
Erməni ekspertlər Bakıya gəlib