Ermənistanın yeni hakimiyyəti xidməti maşınların bir qismindən imtina edəcək
Paylaşmaq
Paylaşmaq
Ermənistanın hökumət aparatı xərclərin optimallaşdırılması üçün xidməti maşınların sayını 30 faiz azaltmağa hazırlaşır. Nazirlər Kabineti aparatının rəhbəri hesab edir ki, öncəki tərkib nəqliyyata həddən artıq çox pul xərcləyirmiş, buna görə də strukturun tabeliyində olan 110 maşından 70-ə yaxını qalmalıdır.
“Düşünürəm ki, yanacaq büdcəyə çox baha başa gəlir. Burada həqiqətən əhəmiyyətli dərəcədə qənaət etmək mümkündür”, – hökumət aparatının rəhbəri Eduard Ağacanyan vurğulayıb.
O həmçinin bəyan edib ki, öncəki aparat çox şişirdilmiş olub, əsassız və özünü doğrultmayan xərclərə yol verib:
“Birinci növbədə söhbət xidməti avtomobillərdən, yanacaq üçün təqdim olunan çeklərdən gedir. Bütün bunlar əsassızdır və yaxın zamanda siz buna əmin olacaqsız”.
Aparat rəhbəri sui-istifadələr haqda işlərin Milli Təhlükəsizlik Xidmətinə veriləcəyini də istisna etmir.
Nikol Paşinyan baş nazir seçiləndən sonra onun formalaşdırdığı hökumətin bəzi üzvləri xidməti maşınlardan imtina edib. Məsələn, baş nazirin birinci müavini Ararat Mirzoyan sərəncamında olan beş maşından yalnız ikisini saxlayıb. Baş nazirin müavini Tiqran Avinyan da Mirzoyandan nümunə götürüb. Metro ilə gedib-gələn təhsil və elm naziri Araik Harutunyanın fotoları isə sosial şəbəkələrdə fəal müzakirə olunub.
Yaxın zamanda Ermənistanda Nazirlər Kabinetinin bütün üzvləri üçün xidməti nəqliyyatdan vahid istifadə qaydalarının qəbul edilməsi mümkündür.