Ermənistanın keçmiş prezidenti Robert Köçəryan həbsdən sonra siyasətə qayıdır
Bir neçə gün bundan əvvəl azadlığa buraxılan Ermənistanın ikinci prezidenti Robert Köçəryan böyük siyasətə qayıtdığını bildirib.
“Hesab edin ki, qayıtmışam [siyasətə]. Birmənalı. Bu, müxtəlif formatlarda ola bilər. Məni siyasətə qayıtmağa vadar edən səbəblər barədə danışa bilərəm.
İki səbəb.
Birinci səbəb bu gün gördüyüm geosiyasi təhdidlərdir. Sadəcə xəritəyə baxsaz görərsiz ki, bizi hansı ölkələr əhatə edir və onlarla hansı münasibətlərdəyik. Bu gün Rusiya ilə Amerika arasındakı münasibətlər “soyuq müharibə”dən sonra ən aşağı səviyyədədir. Biz Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər və həll olunmamış Qarabağ münaqişəsi haqqında bilirik.
Bütün bunları əlaqələndirməyə çalışın… Bizim, mənim fikrimcə, bütün bunları anlamayan hökumətimiz var. Təcrübəsi olmayan. Bu vəziyyətdə ancaq güclü ordunun dövlətçiliyimizin əsl zəmanəti olduğunu anlamayan hökumətimiz var”.
Robert Köçəryan 1998-2008-ci illərdə Ermənistan prezidenti olub. Onun həbsi 1-2 mart 2008-ci il hadisələri ilə bağlı olub. 19 fevral 2008-ci il prezident seçkilərindən sonra ölkədə istefalar başlayıb – Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi siyasi blokun tərəfdarları bildirirdi ki, seçkilərdə məhz Ter-Petrosyan qalib gəlib və seçkilərin nəticələrini yenidən nəzərdən keçirməyə tələb edirdilər.
Mərkəzi Seçki Komissiyası artıq seçkilərin nəticələrinə görə, Serj Sarqsyanı qalib elan etmişdi, amma həmin vaxt o, hələ vəzifə başına keçməmişdi – ölkə prezidenti hələ də Robert Köçəryan idi. O, fövqəladə vəziyyət elan etdi. 1 mart 2008-ci il tarixində mitinq dağıdılan zaman hərbi silahdan istifadə edildi, on nəfər – səkkiz mülki şəxs və iki polis əməkdaşı həlak oldu.
Robert Köçəryan həm də Ermənistan-Rusiya münasibətlərindən və Ermənistan hökumətinin rəsmi Moskvaya münasibətdə ritorikasından narahatlığını ifadə edib.
“Rusiya bu gün Ermənistan hakimiyyətinin danışdığı dildə danışılası ölkə deyil. O, bizim strateji tərəfdaşımızdır, onunla əməkdaşlıq bizim təhlükəsizliyimiz üçün çox vacibdir”.
• Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı niyə tutdular və niyə buraxdılar?
Robert Köçəryan həm də növbəti dəfə bildirib ki, indiki hakimiyyət ona qarşı saxta məhkəmə işinə başlayıb. O, başına gələnləri siyasi opponentlərin kənarlaşdırılması kimi qiymətləndirir. Məhkəmənin Robert Köçəryanın azad edilməsi haqqında qərarını vəkillərinin qələbəsi hesab edir.
“Bu, ittihamın bu və ya digər hissəsinini zəif olduğunu deməyə imkan verən hal deyil. Bütün ittihamlar yalançı, saxtalaşdırılmış, süni sübut və rəylər üzərində qurulub”.
Köçəryan məhkəmə araşdırmasını açıq keçirməyə və cəmiyyətə cinayət işinin detalları ilə tanış olmaq imkanı verməyə çağırıb.
“Müdafiə tərəfinə işlə bağlı olan hər şey haqqında açıq danışmaq imkanı verin. İşin süni olduğunu görəcəksiz, bu, klassik siyasi təqib modelidir”.
Keçmiş prezident həm də baş nazir Nikol Paşinyanla görüşməyə hazır olduğunu bildirib:
“Əlbəttə, onunla görüşməyə hazıram. Heç vaxt danışıqlardan qaçmamışam, həmişə onlara hazır olmuşam”