Ermənistanın keçmiş prezidenti Robert Koçaryan həbs olunacaq. Bununla bağlı vəsatət Yerevan şəhəri birinci instansiya məhkəməsinə göndərilib. Bu, bu gün, iyulun 26-da Koçaryanın “1 mart 2008-ci il” işi ilə bağlı dindirilməsindən sonra baş verib.
2008-ci ildə növbəti prezident seçkilərinin nəticələri elan olunandan dərhal sonra etirazlar başlayıb. Bu seçkilərdə iştirak edən birinci prezident Levon Ter-Petrosyanın tərəfdarları Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrlə razılaşmayıb. MSK Serj Sarqsyanı seçkilərin qalibi elan edib. Müxalifət seçkilərin çoxsaylı pozuntularla keçdiyini bəyan edib və öz tərəfdarlarını küçələrə çıxarıb.
Martın 1-də səhər polis nümayişçilərin əsas toplandığı yeri – Azadlıq Meydanını təmizləyib. Axşam polis və etirazçılar arasında yenidən toqquşmalar baş verib. Həmin vaxt prezident səlahiyyətləri hələ Robert Koçaryanın əlində idi. Ordu və hərbi texnika şəhərə yeridilib. Nümayişin dağıdılması zamanı 10 nəfər həlak olub. On il müddətində 1 mart işi açılmamış qalıb.
“Xüsusi İstintaq Xidmətində 1-2 mart 2008-ci il hadisələri üzrə cinayət işinin araşdırılması çərçivəsində əldə edilən sübutları qarşılaşdırarkən, iyulun 26-da keçmiş Ermənistan prezidenti Robert Koçaryana qarşı “konstitusiya quruluşunun devrilməsi” maddəsi ilə ittiham irəli sürülüb. Həmin gün onun haqqında həbs qətimkan tədbirinin seçilməsi” barədə məhkəməyə vəsatət verilib”, – qurumun məlumatında deyilir.
Daha əvvəl bu işlə əlaqədar olan Ermənistanın keçmiş müdafiə naziri Mikael Harutunyan təqsirləndirilən şəxs qismində işə cəlb olunub. Onun haqqında eyni maddə ilə – “konstitusiya quruluşunun devrilməsi” ittihamıyla axtarış elan olunub.