Ermənistanın Gümri şəhərində gürcü şairi Şota Rustavelinin adını daşıyan köhnə küçə bərpa olunub. Bu küçə “qədim şəhərin” mərkəzində yerləşir və uzun illər acınacaqlı vəziyyətdə idi.
Bununla əlaqədar Gümridə təntənəli mərasim təşkil olunub. Bütün qonaqlara paxlava və qata təqdim edilib, küçələrdə “kinto” gürcü rəqsi ifa olunub, çoxları milli kostyum geyinib və şəhərdə köhnə faytonlarda gəzmək mümkün olub.
Keçmişdə Gümri Kumayri adını daşıyıb, bu gün isə mərkəzi hissəni – “qədim şəhəri” belə adlandırırlar.
“Bura şəhərimizin ürəyidir. Başqa harada belə gözəl yer var? Bu küçədə hər daş, hər çınqıl çar dövründən qalmadır. Yaxşı ki, indi hamısını təmir ediblər”, – Gümri sakinlərindən biri deyib.
Digər yerli sakin Gümrini “açıq səma altında muzeylə” müqayisə edib. Rustaveli küçəsi dağıldığı üçün muzey müvəqqəti olaraq bağlanmışdı, o deyib:
“İndi isə biz başımızı dik tuta bilərik, sahib olduqlarımızı dünyaya daha əminliklə nümayiş etdirə bilərik”.
“Kumayri” tarixi rayonunda 1000 hektardan çox ərazini birləşdirən muzey-qoruq fəaliyyət göstərir. Orada 1600-dən çox abidə təqdim olunub.
Hələ uzun illər əvvəl Rustaveli küçəsinin döşəndiyi qədim çay daşları oradan daşınıb. “Asparez” yerli jurnalist kubunun rəhbəri Levon Barseqyan o zaman danışırdı ki, çay daşlarını burada “Qara qala” kimi tanınan kompleksin ərazisinə daşıyıblar. Barseqyanın sözlərinə görə, bu “qala” hazırkı merin ailəsinə məxsusdur.
İndi Rustaveli küçəsi qranitlə döşənib, skamyalar quraşdırılıb, güllərlə bəzədilib, işıqlandırılıb.
“Küçə çox parlaq və koloritli olub”, – açılış mərasimində Ermənistanın baş naziri Karen Karapetyan deyib.
Gümrinin tarixi mərkəzində incəsənət və istirahət mərkəzlərinin, həmçinin qədim üslubda dizayn edilmiş emalatxanaların açılması planlaşdırılır.