Ermənistanın baş naziri onun yer aldığı video “sızdırılandan” sonra dövlət aparatından qovulmalar dalğasının anonsunu verib
Ermənistanın baş naziri dövlət aparatından yeni işdən qovulmalar dalğasını anons edib. Bu haqda o, aprelin 19-da gecə Facebook səhifəsində yazıb.
Eyni zamanda Paşinyan vurğulayıb ki, “vendetta və kadr döyüşləri” olmayacaq. O bildirib ki, sadəcə verilən şansı dəyərləndirməyən “keçmişdən” qalmalar gedəcəklər.
Baş nazirin sosial şəbəkədəki son çıxışı aprelin 17-də televiziyada canlı efirə hazırlıq zamanı onun kadrlarından montaj olunan video-çarxla bağlı qalmaqal fonunda səslənib.
Həmin gün Paşinyan ölkə sakinlərinə koronavirusla mübarizə və iqtisadi itkilərin neytrallaşdırılması istiqamətində hökumətin atdığı addımlarla bağlı müraciət edib.
Müraciət Birinci – ictimai kanalda çəkilib, amma başqa kanallar tərəfindən də yayımlayıb.
İstehza qarışıq montaj olunan efirə hazırlıq kadrları sosial şəbəkələrdə yayılıb və qızğın müzakirələrə səbəb olub. Videoda Paşinyan zarafat edir, butulkadan su içir, dərman qəbul edir və öskürür.
Baş nazirin mətbuat katibi video-çarxa kəskin reaksiya verib. O, Birinci kanalı qeyri-peşəkarlıqda və “pinti” iş görməkdə günahlandırıb.
Bu video həm hakim partiyanı, həm də müxalifəti təmsil edən deputatlarda, o cümlədən də ombudsmendə qəzəb doğurub.
Baş nazir nə deyib?
Nikol Paşinyanın aprelin 19-da gecəyarısına yaxın Facebook səhifəsində canlı yayım zamanı səsləndirdiyi çıxışı emosional alınıb.
Mövzulardan biri bədnam video-çarx olub.
Paşinyanın sözlərinə görə, insanlar bu cür əməllərə görə sözün həqiqi mənasında dar dalanda qabaqlarının kəsilməsindən, döyülməkdən və ya öldürülməkdən artıq qorxmurlar.
“Keçmiş hakimiyyət zamanı insanlar həyatlarına və sağlamlıqlarına görə ehtiyat etdikləri üçün hakimiyyəti söyməkdən, təhqir etməkdən qorxurdular. Bu gün hakimiyyətin əhalini terror etmək üçün əlinin altında saxladığı həmin kriminal qruplaşmalar, küçə avtoritetləri yoxdur. Bu gün hamı bilir ki, biz belə addım atan deyilik, odur ki, qudurublar.
Onlar elə eləmək istəyirlər ki, bizim haqqımızda qorxaq, onurğasız hakimiyyət olduğumuzu düşünsünlər. Onlar bizi özümüzdən çıxarmaq istəyirlər, amma biz bu yolla getməyəcəyik”.
Baş nazir bildirib ki, kadrları yenidən gözdən keçirməyin vaxtı çatıb və dövlət aparatından yeni qovulmalar dalğasının anonsunu verib:
“Biz demişik ki, vendetta olmayacaq, sevgi və həmrəylik inqilabı olacaq. Kadr döyüşləri olmayacaq. Və biz sözümüzün üstündə durduq. Biz düz elədik sözümüzün üstündə durmaqla. Biz bundan ziyan çəkdikmi? Bəli.
Kadr təmizliyi olmayacaq, amma “məxmərdən” sui-istifadə edənlər atılmalıdırlar. Verilən şansdan sui-istifadə edənlər… dövlət idarəçiliyi sistemindən çıxarılmalıdırlar.
2018-ci ildə baş verənlər emosiyalar idi. Əsl inqilab indi baş verir”.
Baş nazirin video çıxışına erməni dilində buradan baxmaq olar
Video niyə yayılıb: Birinci kanalın versiyası və baş nazir aparatının cavabı
Birinci telekanal Facebook səhifəsində bəyan edib ki, kadrların sızması ilə heç bir əlaqələri yoxdur, çünki hökumətin israrı ilə səkkiz digər teleşirkətə də canlı yayıma açıq giriş verilib.
“Baş nazirin müraciətini yayımlayan bütün teleşirkətlər həmçinin texniki videosiqnalı da alıb… Yayım başlamazdan əvvəl teleşirkət əməkdaşları orada olanlara bərkdən elan ediblər: biz çəkiliş rejimindəyik. Bu, mütləq prosedurdur”, – bəyanatda deyilir.
Amma ictimai yayımçının bu bəyanatı baş nazirin mətbuat katibi Mane Qevorqyan qane etməyib.
O deyib ki, müraciətlə bağlı efir başlayana qədər yalnız Nikol Paşinyanın şəkilləri yayımlanmalı idi. Digər telekanallar da efirə “5, 10, 15 və ya 20 dəqiqə əvvəl yox”, yalnız bir neçə saniyə qalmış yayıma çıxış əldə etməliydi.
“Baş nazirə artıq efirdə olduqları haqda məlumat verilməyib, hətta texniki efir olsa da. Baş nazir aparatı adekvat izahat gözləyir”, – Mane Qevorqyan bəyan edib.
Nikol Paşinyan hələ müxalifətçi olduğu zaman dəfələrlə İctimai telekanalı doğru olmayan informasiya yaydığı üçün tənqid edib.
2018-ci ilin yazında baş verən “məxməri inqilab” nəticəsində o, hakimiyyətə gələndən sonra telekanalda ciddi dəyişikliklər baş verib. Baş direktor Marqarita Qriqoryan isə öz vəzifəsində qalıb.
İqtidar fraksiyası: bu, informasiya təhlükəsizliyi məsələsidir
İqtidarda olan çoxluq baş verənləri informasiya təhlükəsizliyi ilə əlaqələndirir.
“Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makuntsun fikrincə, baş nazir orada olanlar üçün heç bir şey ifadə etməyən, amma təhlükəsizliklə bağlı ciddi problem yaradacaq cümlə və ya ifadə işlədə bilərdi.
Bununla əlaqədar olaraq “Mənim addımım” günahkarların təcili tapılacağını və cəzalandırılacağını gözləyirlər.
Ombudsmen Arman Tatoyan şəbəkədə yayılan videonu mənəviyyatsızca baş naziri məsxərəyə qoymaq cəhdi kimi dəyərləndirib.