Ermənistanın bir qrup vəkili “qanunsuz baxış və axtarışa” etiraz olaraq tətil elan edib. Hazırda etiraz aksiyasına 138 vəkil qoşulub.
Artıq bir neçə aydır ki, vəkillər məhkəmə və cəzaçəkmə müəssisələrində axtarışa məruz qalmaları ilə bağlı həyəcan təbili çalırdı.
Vəkil Armine Fanyan bildirib ki, Xüsusi İstintaq Xidmətində onun çantasını yoxlamaq istəyiblər. “Tələb edirdilər ki, çantamı açım. İmtina etdim, bildirdim ki, yoxlanışdan keçmək fikrim yoxdur, çünki bu, qanunda nəzərdə tutulmaylb”, – o, söyləyib.
Digər vəkil Lusine Saakyan deyir: “Əvvəl kiminsə vəkilə “çantanı aç” deməsini heç təsəvvür belə etməzdik”.
Vəkillər hesab edirlər ki, baş verənlər onların peşəsinə, nüfuzuna və müstəqilliyinə qarşı yönəlib.
İlk dəfə məhkəmədə vəkillərin üstünün yoxlanılması haqda “Sansa srer” qrupu üzvlərinin vəkilləri bildirmişdi.
2016-cı il iyulun 17-də silahlı şəxslərdən ibarət qrup Polisin Post-Patrul Xidməti alayının ərazisini ələ keçirmişdi, onlar daha əvvəl həbs olunmuş müxalifətçi Jrayr Selifyanın azad olunmasını tələb edirdilər. Onlar əsasən prezident Serj Sarqsyanın istefasını tələb edən “Sansa Srer” qrupunun üzvləri idi. Qrupu və onların irəli sürdüyü tələbləri çox sayda insan dəstəklədi və nəticədə etiraz aksiyası etiraz hərəkatına çevrildi. İyulun 31-də “Sansa srer” silahları yerə qoyub, hakimiyyətə təslim oldu. Onların tələblərindən heç biri yerinə yetirilmədi.
Belə bir fikir var ki, səs-küylü, rezonans doğuran işlərə çıxan vəkillərin üzərini yoxlayırlar, çünki axtarışlar “Sansa srer” işi üzrə ilk məhkəmə iclasından – bu qrup üzvlərinin müdafiəçilərindən başlayıb.
Amma Vəkillər Palatasının sədri Ara Zohrabyan vəkillərin məruz qaldığı proseduranın axtarış adlandırılmasının doğru olmadığı fikrindədir. O bildirib ki, bu, “axtarış deyil, baxışdır, aralarındakı fərq isə ondan ibarətdir ki, baxış zamanı baxışı həyata keçirən şəxs müstəqil şəkildə axtarış işi apara bilməz, yəni çantanı aça, cibə girə bilməz. Əgər belə etsə, o zaman axtarış aparmış olar”.
Zohrabyanın fikrincə, əgər vəkil çantasını açıb içindəkiləri göstərirsə, bu, “baxış” anlayışına uyğun gəlir, bu isə onun bildirdiyinə görə, məhkəmə məcəlləsilə təsbit olunub, vəkillər baxışa məruz qala bilər.