Ermənistanda yüksək maaş alanlar üçün gəlir vergisi azaldılıb
Ermənistanda 2020-ci il yanvarın 1-dən əməkhaqqının həcmindən asılı olmayaraq bütün sakinlər büdcəyə eyni həcmdə vergi ödəyəcəklər – öz gəlirlərinin 23 faizi qədərində. İndiyə qədər ən varlı insanlar üçün vergi 36 faiz təşkil edirdi. Bununla da dəyişiklik çox qazanan şəxslərin vəziyyətini xeyli yaxşılaşdıracaq. Əməkhaqqı yüksək olmayan insanlar isə əvvəl ödədikləri faizi ödəməyə davam edəcəklər – onların gəlirləri artmayacaq. Onlar isə ölkədə çoxluq təşkil edirlər.
Hakimiyyət ümid edir ki, yeni yanaşma sayəsində işverənlər öz əməkdaşlarının yüksək əməkhaqlarını gizlətmək məcburiyyətində qalmayacaq, bu da ümumilikdə iqtisadiyyatın inkişafına kömək edəcək.
Amma ekspertlər güman edirlər ki, islahatlar cəmiyyətdə yeni problemlər yaradacaq, çünki sosial qütbləşməni daha da dərinləşdirəcək.
Bütün təfərrüatlar – kim nə qədər və nə üçün ödəyəcək?
________________________________________________________________________________________
• Niyə ermənistanlı fəhlələrə Rusiyaya getmək sərf eləmir?
_________________________________________________________________________________________
Əvvəl necə idi?
İndiyə qədər vergi ödənişi üç mərhələli idi – aşağı, orta və yüksək gəlirli şəxslər üçün. “Proqresiv şkala” əməkhaqqıdan asılı olaraq ödəmələrin yüksəlməsini nəzərdə tuturdu.
Məsələn, 150 min dramdan [314 dollara yaxın] yüksək olmayan əməkhaqqı üçün vergi 23 faiz; 150 mindən iki milyon drama qədər [4,192 dollara yaxın] əməkhaqqı üçün isə vergi 28 faiz təşkil edirdi. Əməkhaqqı iki milyon dram və daha yüksək olanlar ən yüksək vergi ödəyirdi – 36 faiz.
İndi necə olub?
Ölkə “düz” və ya “proporsional” gəlir vergisi ödənişi sisteminə keçib. Xüsusən əməkhaqqı 150 min dramdan yüksək olanlar üçün müsbət dəyişiklikdir. Onlardan tutulan vergi əhəmiyyətli dərəcədə azalacaq.
Əsasən bu kateqoriyaya hakimiyyətin iqtisadi inkişafın prioritet istiqaməti elan etdiyi informasiya texnologiyaları sahəsinə aid olan şirkətlərin əməkdaşları daxildir.
Maliyyə Nazirliyinin məlumatına əsasən, Ermənistanda mütləq çoxluq – əmək haqqı alanların 65 faizi həmin maaşları 150 min [314 dollara yaxın] dramdan çox olmayan işçilərdən ibarətdir.
Hökumət həmçinin elan edib ki, 2023-cü ilə qədər hər növbəti il vergi bir faiz olmaqla azalacaq. Yəni 2023-cü ildə gəlir vergisi 20 faiz təşkil edəcək.
Hakimiyyətin mövqeyi və ekspert rəyi
“Mənim addımım” iqtidar fraksiyasının üzvü, Milli Məclisin iqtisadi məsələlər üzrə komissiyasının sədri Babken Tunyan hesab edri ki, bu islahatın əsas vəzifəsi işverənləri öz işçilərinin real yüksək əməkhaqlarını açıq göstərməyə sövq etməkdir:
“İslahatın əsas müsbət nəticəsi Ermənistanda məhsulların və xidmətlərin rəqabətə davamlılığının yüksəlməsi olacaq, bu da gələcəkdə işçilərin rifahında da özünü göstərəcək”.
İqtisadçı Tadevos Avetisyan isə real gəliri az olan yox, yüksək olan vətəndaşların əməkhaqlarının yüksələcəyini ədalətsiz hesab edir, bu da o deməkdir ki, cəmiyyət çox kasıb və çox varlılara bölünəcək.
“Minimum istehlak səbəti həcmindən daha az əməkhaqqı alan vətəndaşlar Ermənistanın 25 faizini təşkil edir. onlar üçün heç nə dəyişməyəcək. Əvəzində yaşayış səviyyəsi onsuz da xeyli yüksək olan azlıq daha da yaxşı yaşamağa başlayacaq”.