Ermənistanda sürücülər yol hərəkət qaydalarını daha az pozmağa başlayıblar. 2018-ci ilin 10 ayı ərzində erməni sürücülər yol hərəkət qaydalarını 1 milyon 394 min dəfə pozublar. Amma bu göstərici yenə də ötən ilki eyni göstəricidən 200 minə qədər azdır. Bununla yanaşı Ermənistan polisi bu göstəricinin azalmasını polis əməkdaşlarının çox vaxt şifahi xəbərdarlıqla kifayətlənməsi ilə izah edir.
Ən çox təkrarlanan pozuntular
Pozuntuların ən böyük hissəsini – 80 faizə qədərini – yollarda quraşdırılmış video-nəzarət kameraları qeydə alır.
Ən çox yayılmış pozuntular sırasına daxildir –
sürət həddini aşmaq,
təhlükəsizlik kəmərinin bağlanmaması,
avtomobili idarə edən zaman telefondan istifadə.
Smartfonlar getdikcə daha çox yol hadisələrinə səbəb olur. Bir çox sürücülər avtomobili idarə edərkən nəinki telefonla danışır və yazışırlar, hətta video-çarxları da izləyirlər, bunun da nəticəsində diqqətləri yayınır.
Yol hadisələri statistikası və zərərçəkənlərin sayı
2018-ci ilin 10 ayı ərzində 5 minə yaxın yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə daha çoxdur. Polis hesab edir ki, bu, avtomobillərin sayının artması ilə bağlıdır.
2018-ci ildə qəzalar nəticəsində 273 nəfər həyatını itirib, dörd mindən çox adam zərər çəkib.
Ermənistan polisi qanun pozucuları ilə necə mübarizə aparmaq niyyətindədir?
Ermənistanda sürücülərin balla dəyərləndirilməsi sistemini tətbiq etmək niyyətindədirlər. Hər bir sürücüyə ilin əvvəlində doqquz bal veriləcək. Hər bir qayda pozuntusuna görə ballar silinəcək. Ən ciddi pozuntulara görə dörd bal birdən itirmək mümkündür. Ballar bitdiyi zaman sürücü sürücülük vəsiqəsindən məhrum olacaq.
Ermənistan polisində hesab edirlər ki, yeni cərimə balları sistemi yollarda vəziyyəti yaxşılaşdıracaq.