Ermənistanın Baş Prokurorluğu “parlament seçkiləri günü jurnalist fəaliyyətinə mane olma ilə bağlı” cinayət işləri qaldırıb. Jurnalistlər seçicilərin satın almasını aşkara çıxardıqları zaman onların üzərinə hücum olub.
İnsident Yerevanın Kond rayonunda iqtidarda olan Ermənistan Respublikaçılar Partiyasının namizədi Akop Beqlaryanın qərargahı qarşısında baş verib.
Azadlıq Radiosunun jurnalisti Sisak Qabrielyan və Araratnews.am portalının əməkdaşı Şoqik Qalstyan səsverməyə getməzdən əvvəl seçicilərin namizəd Beqlaryanın qərargahına girdiklərini və oradan əllərində pulla çıxdıqlarını görüblər.
Sisak Qabrielyan özü qərargaha daxil olub. Qərargah üzvləri jurnalisti görüncə bildiriblər ki, “rüşvət yox, əmək haqqı paylayırlar və onun məkanı tərk etməsi məsləhətdir”. Mübahisə zəminində cavan oğlanlar jurnalistə hücum edib telefonunu əlindən alıblar. Daha sonra onlar əlbəyaxa olublar, nəticədə Sisak Qabrielyan göz nahiyəsindən yüngül zədə alıb.
Şoqik Qalstyan qərargahda baş verənləri çöldən çəkib. Yerli sakinlər onun telefonunu əlindən alıb, təhqir edib və ərazidən uzaqlaşdıraraq video-çəkiliş etməsinə imkan verməyiblər.
Cinayət işləri ER CM-nin 149-cu maddəsinin 3 və 52-ci hissəsilə (bir qrup şəxs tərəfindən zorakılıq tətbiq edərək və ya zorakılıq təhdidi ilə seçki hüququnun həyata keçirilməsinə, seçki komissiyasının işinə və ya seçkidə iştirak edən şəxsin səlahiyyətlərinin icrasına mane olmaq) qaldırılıb.
Ümumilikdə bu gün Ermənistanda səsvermə günündə baş vermiş pozuntularla bağlı doqquz cinayət işi qaldırılıb. Əsasən bunlar təkrar və ya başqasının yerinə səsvermə ilə bağlıdır.