Ermənistanda müqaviləli hərbi qulluqçulara siqaret əvəzinə pul veriləcək
Paylaşmaq
Paylaşmaq
Fevralın 23-də hökumət toplantısında dinc dövrdə hərbçilərin ərzaq payından siqareti çıxarmaq qərarı alınıb, söhbət Müdafiə Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin müqaviləli qulluqçularından gedir. Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının payından isə siqaretlə yanaşı, kibrit də çıxarılacaq.
Ermənistan müdafiə naziri Vigen Sarqsyanın sözlərinə görə, əsgərlərə gün ərzində bir qutu siqaret verilir ki, bu da hesablamalara görə onların tələbatını ödəmir. Buna görə də qərara alındı ki, hərbi qulluqçulara bu məbləğ ödənsin.
Ehtimal olunur ki, bu qərar siqaret çəkməyən hərbi qulluqçuları siqaretdən uzaq durmağa sövq edəcək. Artıq çəkənlər isə üstünlük verdikləri marka siqaret ala biləcəklər.
Bu layihənin vacibliyi “Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyasının” tələbilə diktə edilib. Ermənistan Milli Məclisi bu sənədi 2004-cü il oktyabrın 12-də ratifikasiya edib. Bu qərar həmçinin Siqaret çəkməyə qarşı mübarizə ilə bağlı Dövlət Proqramı və Ermənistan Müdafiə Nazirliyinin əsas məqsədi hərbi qulluqçuların sağlamlığı olan “Sağlam əsgər siqaretsiz əsgərdir” proqramına əsaslanıb.