Ermənistanın keçmiş prezidenti Robert Koçaryanı həbsdən azad ediblər. Apellyasiya məhkəməsi daha öncə birinci instansiya məhkəməsi tərəfindən onun saxlanılması barədə qəbul edilmiş qərarı qeyri-qanuni sayıb.
Robert Koçaryan 1998-2008-ci illərdə Ermənistanın prezidenti olub. Onun həbsi 1-2 mart 2008-ci il hadisələri ilə bağlıdır. 19 fevral 2008-ci il prezident seçkilərindən sonra ölkədə həyəcanlar başladı – Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi siyasi blokun tərəfdarları iddia edirdilər ki, seçkilərdə Ter-Petrosyan qalib gəlib və seçkilərin nəticələrinə yenidən baxılmasını tələb edirdilər.
Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrinə görə Serj Sarkisyanı artıq qalib elan etmişdi, lakin həmin vaxt o, hələlik vəzifələrinin icrasına başlamamışdı – ölkənin prezidenti hələ də Robert Koçaryan idi. O, fövqəladə vəziyyət tətbiq etdi. 1 mart 2008-ci ildə nümayişin dağıdılması vaxtı döyüş silahından istifadə edildi, on nəfər həlak oldu – bunlardan səkkizi mülki şəxs, ikisi isə polis əməkdaşı idi.
Koçaryanın vəkili Ruben Saakyan jurnalistlərə deyib ki, azad edilmə üçün əsas kimi keçmiş prezident olaraq Konstitusiyaya görə Robert Koçaryanın toxunulmaz şəxs olması barədə müddəa olub.
O həmçinin bildirib ki, Robert Koçaryan məhkəmə binasından çıxan kimi dərhal gedib və heç kimlə ünsiyyətdə olmayıb.
Eks-prezidentin vəkilləri qeyd edirlər ki, onların müvəkkilinin barəsində cinayət işi toxunulmazlıq amili nəzərə alınmaqla ümumiyyətlə bağlana bilər.