Ermənistanda ən yeni Kalaşnikov avtomatlarının – AK-12 və AK-15 – istehsalına başlanacaq. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan bildirib ki, müvafiq saziş artıq Moskvada imzalanıb:
“Sazişi “Royalsys Engineering ltd.” şirkətinin prezidenti David Qalstyan və “Kalaşnikov” konserninin direktor müavini Andrey Barışnikov imzalayıb”.
Sazişin təfərrüatları məluum deyil. Yerevandan olan hərbi ekspert Karen Vrtanesyan diqqəti Ermənistan tərəfdən sazişin “tamamən naməlum şirkətin” imzalamasına çəkir.
Onun moskvalı həmkarı Leonid Nersisyan qeyd edir ki, söhbət məhz müqqavilədən gedir, memorandum və ya ilkin razılaşmadan yox. Onun fikrincə, Ermənistanda çox güman ki, avtomatların yığılması həyata keçiriləcək:
“Mənə elə gəlir ki, ayrı-ayrı hissələrin yığılması və ya istehsalı həyata keçiriləcək. Amma çox güman ki, bu, lisenziyalı yığma olacaq. Detalların böyük hissəsini Rusiyadan göndərəcəklər”.
Rusiya şirkətinin Ermənistanda istehsalata başlamaq qərarını Leonid Nersisyan iqtisadi maraqla izah edir:
“Logistika baxımdan detalların Ermənistanda istehsalı daha sərfəlidir. Ən əsası isə Ermənistanda əməkhaqqı daha az olduğu üçün yığım daha sərfəlidir. Ermənistan tərəfi üçün isə bu, əlavə iş yerləri deməkdir”.
Ekspert onu da qeyd edir ki, Ermənistan üçün hərbi sənayeyə uzun müddətli sərmayə haqda danışmaq hələ tezdir. Və çox şey AK-12 və AK-15 Kalaşnikov avtomatlarının istehsal həcmindən asılı olacaq.