Ermənistanda ilk koronavirus hadisəsi – yoluxmuş şəxs və onunla əlaqədə olmuş 31 nəfər izolyasiya edilib
Martın 1-də Ermənistanda koronavirusa yoluxmanın ilk hadisəsi qeydə alınıb. 29 yaşlı Ermənistan vətəndaşı Tehrandan gəlib.
Fevralın 23-dən, İranda ilk xəstələnmə hallarından sonra Ermənistan iki həftə müddətinə bu ölkə ilə sərhədini bağlamışdı ki, virusun ölkəyə daxil olmasının qarşısı alınsın. Lakin xüsusi olaraq qeyd edilirdi ki, İran və Ermənistan vətəndaşlarının vətənlərinə qayıtmaları üçün heç bir məhdudiyyət olmayacaq.
Onlar üçün xüsusi reyslər təşkil olunur ki, ilk yoluxmuş şəxs də bunlardan biri ilə qayıdıb. Ermənistann Tehrandakı səfirliyinin məlumatına əsasən, son bir neçə gün ərzində İrandan Ermənistana təxminən 360 nəfər qayıdıb.
• Koronavirus Gürcüstan iqtisadiyyatına zərbə vurur
• Koronavirusla əlaqədar Azərbaycan İranla sərhədi bağlayıb, ölkədə artıq üç nəfər xəstə var
Bütün təfərrüatlar
Yoluxmuş şəxs barədə ilk məlumatı martın biri gecə özünün “Facebook” səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyan verib. O yazıb ki, yoluxmuş şəxs Tehrandan fevralın 28-də həyat yoldaşı ilə birlikdə gəlib.
Artıq günorta vaxtı səhiyyə naziri mətbuat konfransı çağıraraq, təşvişə düşməməyi, sadəcə olaraq virusa qarşı təhlükəsizlik tədbirlərinə riayət etməyi məsləhət görüb.
Arsen Torosyan bildirib ki, yoluxmuş şəxs hələlik müalicə almır, çünki onda virusun heç bir əlaməti və hətta temperatur yoxdur. Onun həyat yoldaşında koronavirus testi mənfi nəticələnib, lakin qadında da inkubasiya dövrü ola bilər.
Nazir xüsusilə vurğulayıb ki, bütün sərnişinlər həm İranda, həm də Ermənistanda hava limanında yoxlamadan keçiriliblər. Hazırkı ana qədər artıq 32 nəfər izolyasiya olunub.
Təhlükəsizlik tədbirləri
“Onun [yoluxmuş şəxsin] təyyarədə oturduğu sıranın hamısı, iki sıra arxadan və iki sıra öndən, hətta onlar hamısı yoluxublarsa belə, hələlik kimisə yoluxdurmağa imkan tapmayıblar”, – səhiyyə naziri deyib.
O həmçinin bildirib ki, koronavirusa yoluxmuş şəxs şəhərdə taksi ilə hərəkət etməyib. Hava limanından evə o, tanışlarının maşını ilə gəlib ki, həmin insanlar da artıq izolyasiya olunublar. Evdən xəstəxanaya onu “Təcili yardım” maşını ilə aparıblar, onunla əlaqədə olmuş həkimlər briqadası da izolyasiya edilib.
Arsen Torosyan hesab edir ki, bütün zəruri ehtiyat tədbirləri görülüb, təşviş üçün səbəb yoxdur. O xatırladıb ki, əllər tez-tez və diqqətlə yuyulmalı, xəstələrlə əlaqədə olarkən maska taxılmalı, görüşərkən öpüşməməli və əl sıxılmamalıdır.
Ənənəvi yürüş ləğv edildi
Ermənistanda martın 1-də ənənəvi olaraq 2008-ci ilin faciəvi hadisələrinin qurbanlarının xatirəsinə aksiyalar keçirilir. O zaman prezident seçkilərinin yekunlarından narazıların nümayişinin dağıdılması nəticəsində 10 nəfər həlak olmuşdu.
İnqilabdan sonrakı Ermənistan hakimiyyəti həmin hadisələrin araşdırılmasına xüsusi diqqətlə yanaşır, bu iş – konstitusiya quruluşunun devrilməsi ittihamı üzrə keçmiş prezident Robert Koçaryan həbs edilib.
Martın birində baş nazir Nikol Paşinyanın lideri olduğu “Vətəndaş müqaviləsi” partiyası 2008-ci il hadisələrinin qurbanlarının xatirəsinə növbəti nümayişi hər halda ləğv edib. Partiyanın ofisindən bildirilib ki, “aksiya koronavirusa ilk yoluxma hadisəsi qeydə alındığı üçün ləğv edilir”.