Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları naziri Vaan Martirosyan bildirib ki, Ermənistanda nəqliyyat üçün vahid bilet sistemi tətbiq edilə bilər.
Bu, elektron kartların dövriyyəyə daxil edilməsini nəzərdə tutur ki, bunun da sayəsində sərnişinlər gediş haqqını kartla ödəyərək istənilən yerə gedə biləcəklər.
“Kartda müəyyən məbləğ olacaq və bundan həm marşrut taksidə, həm də digər nəqliyyat vasitəsində, istənilən istiqamətə gedərkən istifadə eləmək mümkün olacaq”, – nazir deyib.
Martirosyanın sözlərinə görə, bu proses tariflərin aşağı salınmasına gətirib çıxara bilər.
Metroda, avtobusda və marşrut taksilərdə gediş haqqı 100 dram (təxminən 20 sent), trolleybusda isə 10 sent təşkil edir.
Hazırda sərnişinlər gediş haqqını sürücülərə nağd ödəyirlər. Nazir bildirib ki, nəqliyyat sistemində daha bir neçə dəyişiklik də nəzərdə tutulub. Məsələn, müxtəlif iş sahibkarlara məxsus olan vilayətlərarası marşrutlara bir ümumi operator tərəfindən xidmət göstəriləcək.