Vəkillərə qarşı cəza və cərimələrin tətbiqi üzrə layihə onların ciddi narazılığına səbəb olub. Layihəyə əsasən, hakimlər vəkilləri məzəmmət etmək, iclas zalından çıxarmaq və ya 100 min drama qədər (207 dollar) məbləğdə cərimələmək imkanı əldə edəcəklər.
Ədliyyə naziri David Harutünyan bildirib ki, məhkəmə cərimələri haqda müddəa Prosesual Məcəlləyə daxil ediləcək.
Cərimə məhkəmənin davranışlarını hüquqa və vicdana zidd dəyərləndirdiyi vəkillərə qarşı tətbiq oluna bilər. Davranışın hüquqa və ya vicdana zidd olduğunu isə bu davranışın obyekti olmuş məhkəmə müəyyən edəcək. Vəkillərin fikrincə, bu vəziyyətdə müvafiq olaraq, qərar obyektiv ola bilməz.
JAMnews-la söhbətində vəkil Lusine Saakyan izah edib ki, bu yolla hakimlərə istənilən məqamda, xüsusən də səs-küylü siyasi işlərdə müdafiəçilər fəallıq göstərdikləri zaman vəkillərə qarşı sanksiya tətbiq etmək imkanı verilib.
“Belə bir müddəa olmamalıdır. Onun məqsədi vəkilləri susdurmaqdır. Son zamanlar Ermənistan məhkəmələri vəkillərə qarşı çox sanksiyalar tətbiq edir. İndi isə onlara qanunla cərimələr şəklində sanksiyalar tətbiq etmək imkanı veriləcək, bu isə yolverilməzdir”, – Lusine Saakyan hesab edir.
Onun sözlərinə görə, Ermənistanın məhkəmə təcrübəsində müdafiəçiyə vəsatət qaldırmaq imkanının verilmədiyi hallar olub, indi isə hakimlərin cərimə aləti var, onlar vəsatət qaldırmağa görə cərimə tətbiq edə bilərlər.
“Əgər vəkil bir dəfə vəsatət qaldırdığı üçün cərimələnsə, ikinci dəfə vəsatət qaldırar? Bu, təzyiq vasitəsidir. Əlbəttə, bu, bütün vəkillərə aid deyil, amma istənilən halda məqsəd məhz budur”, – Saakyan əmindir.
O hesab edir ki, Vəkillər Palatası özünü passiv aparıb və layiqli şəkildə etiraz etməyib:
“Vəkillər ciddi addımlar atmalıdırlar, birlikdə tətil elan etməlidirlər. Amma bunu edən olmadı”.
Lusine Saakyan xatırladıb ki, daha əvvəl də cərimə tətbiqi ilə bağlı belə bir cəhd olub, amma Vəkillər Palatasının müqaviməti nəticəsində buna nail olmayıblar.