Ermənistanda baş nazirin səlahiyyətləri artırılır. Ona hesabatlı olan orqanlar sırasına polis, Milli Təhlükəsizlik Xidməti, Dövlət Mühafizəsi və Dövlət Nəzarəti xidmətləri də daxildir.
Əvvəl prezidentə tabe olan bu güc strukturları Ermənistan hökumətinin təqdim etdiyi və Milli Məclisin təsdiqlədiyi qanunverici paketə əsasən baş nazirin idarəçiliyinə keçəcək. Qanunlar hazırkı prezident Serj Sarqsyan tərəfindən imzalanandan dərhal sonra qüvvəyə minəcək.
Aprelə təyin olunmuş baş nazir seçkiləri Ermənistan üçün həlledici olacaq. Konstitusiya dəyişikliklərinə əsasən 2015-ci ildə Ermənistan tam şəkildə parlament üsul-idarəsinə keçəcək və ölkənin lideri prezident yox, baş nazir olacaq.
Baş nazir seçkiləri ərəfəsində hökumət və parlament onun səlahiyyət dairəsini genişləndirir. Müvafiq olaraq, ölkə prezidentinin səlahiyyətləri bir o qədər daralır. Bu vəzifə isə Konstitusiya dəyişikliklərinə əsasən, onsuz da rəmzi xarakter daşıyır.
Hakimiyyət əmin edir ki, güc strukturları siyasi proseslərə cəlb olunmadıqları və sadəcə qəbul olunmuş qərarları yerinə yetirdikləri üçün onlar üzərində nəzarət baş nazirə verilir.
“Bu orqanlara görə hökumətin hansısa üzvü cavabdeh olmalıdır. Hazırkı halda biz bu məsuliyyəti baş nazirin üzərinə qoymağı məqsədyönlü hesab etdik”, – ədliyyə naziri David Harutyunyan deyib.
Müxalifətin fikrincə, dəyişikliklərin mahiyyəti əslində başqadır: bütün güc strukturlarının bilavasitə əmrinə tabe olduğu “super” baş nazir vəzifəsi formalaşdırmaq üçün mümkün olan hər şey edilir.
“Bu, Ermənistanda parlament idarə sisteminin feyk olduğundan xəbər verir”, – “Yelk” müxalif parlament fraksiyasından olan deputat Edmon Marukyan bildirib.
Qeyri-hakimiyyət siyasi qüvvələrin nümayəndələri hesab edirlər ki, baş nazirin səlahiyyətlərinin çoxalması hazırkı prezident Serj Sarqsyanın hökumət başçısı vəzifəsinə namizədliyini irəli sürmək niyyətilə şərtlənib.
Serj Sarqsyanın başçılıq etdiyi Ermənistanın Respublikaçılar Partiyasının nümayəndələri bildirirlər ki, onların lideri ölkə başçısı vəzifısində əvəzolunmazdır və bu dərəcədə məsuliyyətli vəzifəni tuta biləcək başqa heç kim yoxdur.
Serj Sarqsyan adı baş nazir vəzifəsinə namizədlər siyahısına düşən hələlik yeganə şəxsdir.
Ermənistan Konstitusiyasına əsasən baş nazir vəzifəsinə namizəd irəli sürmək haqqı yalnız Milli Məclisdə çoxluğa sahib olan siyasi qüvvəyə aiddir. Hazırda Ermənistanda parlament çoxluğunu səlahiyyət müddəti hələ bitməyən prezident Serj Sarqsyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyası təşkil edir.