Ermənistan. Uzun sürən qarşıdurma mərhələsi
İyulun 17-də silahlı şəxslərdən ibarət qrup Polisin post-patrul xidməti alayı ərazisini zəbt edərək, bundan təxminən bir ay əvvəl həbs olunan müxalifətçi Jirayr Sefilyanın azad olunmasını tələb etdi. “Təsis parlamentinin lideri olan Jirayr Sefilyan silah və hərbi sursatların qanunsuz alınması, daşınması və saxlanması ittihamı ilə həbs edilib.
İyulun 17-də qiyamçılar onun gətirilməsini tələb edirdilər və ancaq onun əmrlərinə tabe olacaqlarını bildirdilər. Bundan əlavə, qrup üzvləri Ermənistan prezidenti Serj Sarqsyanın istefa verməsini tələb edirdilər. Qrup üzvləri və onların tələblərinə dəstək hələ konkret liderləri olmayan etiraz hərəkatına çevrildi.
PPX alayı ərazisinin ələ keçirilməsi zamanı polkovnik Artur Vanoyan həlak olub, beş polis əməkdaşı və bir silahlı qrup üzvü yaralanıb.
28.07.2016 22.00
“Təsis parlamentinin üzvü Alek Yeniqomşyanın vəkili İnsan haqları müvəkkilinə bildirib ki, müdafiə etdiyi şəxsin həbsdə saxlanma hüquqları pozulur, o isə sağlamlıq durumu ilə bağlı olaraq xüsusi şəraitdə saxlanılmalıdır. Ombudsmen aparatı bölməsinin müdaxiləsi nəticəsində Yeniqomşyanın saxlanma şəraitini nisbətən yaxşılaşdırdılar.
30-a yaxın ictimai təşkilat parlament deputatlarına bəyanatla müraciət etdilər. Bu bəyanatda “Milli yığıncağın bağışlanmaz və yolverilməz fəaliyyətsizliyi pislənir. Hadisələrin 11-ci günü, vəziyyət bir az da gərginləşəndə, vətəndaş cəmiyyətinin üzvləri deputatları nəhayət ki, reaksiya verməyə, yaranan vəziyyətin müzakirəsi və problemin dinc yolla həllinin axtarılması üçün özlərinin parlamentin növbədənkənar iclasını çağırmaq hüququndan istifadə etməyə çağırdılar.
Hakim “Respublika Partiyasından olan deputat Ermine Naqdalyan jurnalistlərə bununla bağlı fikrini bildirdi. O bir daha Ermənistan “Respublika Partiyasının nümayəndələrinin uzanan susqunluğuna bəraət qazandırmağa çalışaraq, bunu “Sasna tsrer üzvləri ilə kövrək, amma hələ də davam edən danışıqlar prosesinə ziyan vurmaq istəməmələri ilə izah etdi. Xatırladaq ki, bundan bir qədər əvvəl eyni bəyanatla partiyanın mətbuat katibi Eduard Şarmazanov çıxış edib.
Eyni zamanda 13 jurnalist və hüquq müdafiəsi təşkilatı “Asparez mətbuat klubunun rəhbəri Levon Barqesyana qarşı “soyuq silah daşınması ilə bağlı yalançı ittihamla cinayət təqibinə təcili surətdə son qoyulması tələbi ilə çıxış etdi. Bu bəyanatın altında imza atan təşkilatlar hesab edirlər ki, Barqesyanın üstündə tapılan balaca bıçaq onun vətəndaş mövqeyinə görə cəzalandırılması üçün bəhanə oldu.
Saat 20.00-da ənənəvi olaraq “Sasna tsrer qrupunun üzvləri və onların, o cümlədən prezidentin istefası ilə bağlı tələblərinə dəstək verən vətəndaşların mitinqi başladı. Artıq ikinci gündür ki, o ələ keçirilən alayının qonşuluğunda yerləşən Xorenatsi küçəsində deyil, Azadlıq meydanında keçirilirdi.
Saat 21:00-da aksiya təşkilatçıları nümayişçilərə bildirdilər ki, bu dəfə prezident iqamətgahı istiqamətində yürüş keçirməyi planlaşdırırlar. Bu, toplaşanların coşqun reaksiyasına səbəb oldu, çünki onlar çoxdan idi ki, bu əmri gözləyirdilər.
“Azad, müstəqil Ermənistan, “Sasna tsrer sözlərini qışqıran və prezidenti istefa verməyə çağıran nümayişçilər bir nəfər kimi yola çıxdılar.
Aksiya iştirakçılarını yürüşün demək olar ki, ilk dəqiqələrindən başlayan şiddətli yağış da qorxutmadı. Bununla belə, təşkilatçılar yarı yolda dayanmaq qərarına gələrək, bunu yağışın güclənməsi və belə bir şəraitdə aksiyanı keçirməyin mümkün olmaması ilə izah etdilər.
İştirakçılar bu qərardan və hər dəfə ziddiyyətli əmrlər aldıqlarından narazılıqlarını bildirdilər. Amma bu narazılıq belə insanların dağılışmasına səbəb olmadı.
Onlar ancaq saat 22:00-da, təşkilatçıların özlərinin onları “soyuqlamayın, çünki sizi, yəni fəal vətəndaşları hələ uzun sürən mübarizə gözləyir sözləri ilə yola salandan sonra getdilər.
______________________________
28.07.2016 15.00
İnsan haqları müdafiəçisi ofisinin əməkdaşları bu gün məhbuslar üçün xəstəxanaya baş çəkərək, orada müalicə alan “Sasna tsrer qrupunun yaralı üzvlərinin sağlamlıq durumu ilə bağlı məlumat aldılar.
Onlar həm də “Təsis yığıncağı nın üzvü Alek Yeniqomşyanın saxlandığı MTX-nin qurumuna və “Asparez mətbuat klubunun rəhbəri Levon Barseqyanın hələ də olduğu polis idarəsinə baş çəkdilər.
Ombudsmen ofisi hələlik əməkdaşlarının hansı nəticəyə gəlməsi barədə məlumat verməsə də, aşağıdakı bəyanatla çıxış etdi:
“Vətəndaşların lazımi izahat verilmədən və bunun üçün əsaslar təqdim olunmadan polisə aparılmasını yolverilməz sayırıq. Xatırladırıq ki, Ermənistan Respublikasının konstitusiyasına görə, şəxsi azadlıqlarından məhrum olunan bütün şəxslər onlara aydın olan dildə azadlıqdan məhrum olmanın səbəbləri barədə məlumat almalıdırlar. Bu konstitusiya norması birbaşa işləyir və onun qeyd-şərtsiz yerinə yetirilməsi tələb olunur.
______________________________
28.07.2016 02.00
Növbəti etiraz aksiyası hadisəsiz ötüşdü. İştirakçıların əksəriyyəti artıq dağılışıb.
______________________________
27.07.2016 22.00
Mitinq təşkilatçıları “sınmadıqlarını sübut etmək üçün iştirakçılara Polis, Milli Təhlükəsizlik Xidməti və hökumət binalarının qarşısından yürüş keçirməyi təklif etdilər. Amma toplaşanlar təklif olunan marşrutla razılaşmadılar, səsvermə keçirdilər və onun nəticələrinə görə də Xorenatsi küçəsinə, yəni silahlı qrup tərəfindən tutulan əraziyə tərəf getdilər.
Aksiya təşkilatçıları başa salmağa çalışdılar ki, qadağan olunmuş istiqamətdə yürüş “Sasna tsrer qrupuna dəstək olmayacaq, əksinə təxribatçıların xeyrinə işləyəcək, amma bu sözlər nümayişçilərə heç bir təsir göstərmədi.
Yürüş dinc şəraitdə “Ölkəmizin sahibləri bizik sözlərini qışqıraraq şəhərin küçələri ilə irəlilədi. Həmişəki kimi, etiraz aksiyası iştirakçılarının polislə qarşılaşması narahatlıq doğururdu. Burada nümayişçilər prezidentin bir saat ərzində gəlib, istefa verməsi bəyanatı ilə çıxış etməsini tələb etdilər.
Təyin olunan müddət bitəndə və hamı tələbin yerinə yetirilmədiyini başa düşəndən sonra isə mübahisə aksiya iştirakçılarının özləri arasında başladı, amma nəticəsiz ötüşdü.
_______________________________
27.07.2016 20.00
Bu dəfə gündəlik mitinqin keçirildiyi yer Azadlıq meydanı oldu. Polis Xorenatsi küçəsində, yəni bundan bir gün əvvəl ələ keçirilən alay ərazisi qonşuluğunda toplaşmağı qadağan etdi. Amma onda qadağaya riayət olunmadı.
Bu dəfə ənənəvi mitinq başlamazdan bir neçə saat əvvəl polis Xorenatsi küçəsində bütün yoldan ötən adamları tutmağa başladı. Ancaq jurnalistlərə dəymirdilər. Qonşu binaların sakinləri qorxu içində çörək almaq üçün evdən çıxırdılar. Bu vəziyyət təşkilatçıları “görüş yerini dəyişməyə məcbur etdi.
Mitinq vaxtı hərəkatın təşəbbüs qrupu üzvlərindən biri Albert Baqdasaryan bildirdi ki, məsləkdaşı, bu aksiyaların daimi natiqi Alek Yeniqomşyan tutulub, MTX-də saxlanılır. Baqdasaryan özü də sabah etiraz aksiyasına qoşulub-qoşula bilməyəcəyinə əmin deyildi və gələcək natiqlərin hansı məsələlərinə diqqət verməli olduqları ilə bağlı göstərişlər verirdi.
Ötən gecə, jurnalist, Gümrinin “Asparez mətbuat klubunun rəhbəri Levon Barseqyan da tutulub. Oğlu məlumat verib ki, atasına qarşı “soyuq silahın, daha doğrusu, balaca qatlanan bıçağın qanunsuz saxlanması ittihamı irəli sürülüb.
Burada 64 nəfərin polis şöbəsinə aparılması, onlardan birinin həbs edilməsi barədə məlumat verildi. Eyni zamanda Ermənistan mediası xəbər verib ki, Xorenatsi küçəsində tutulanları polisin hərbi hissəsinə aparıblar. Vəkillər etiraz edirdi ki, bu qanun pozuntusudur, bura tutulan insanların saxlanma yeri deyil.
Toplaşanlara ötən gecə yaralanan silahlı qrup üzvləri barədə məlumat verdilər. Pavel və Aram Manukyanların vəziyyətləri stabilləşib, Aramı məhbuslar üçün xəstəxanaya aparıblar. Hər ikisinə artıq Ermənistan Cinayət Məcəlləsinin 219-cu maddənin 3-cü hissəsi ilə (binaların, nəqliyyat, əlaqə və rabitə vasitələrinin zəbt edilməsi) ittiham irəli sürülüb
PPX alayı ərazisinə yaralılara yardım etmək üçün gələn və silahlı qrup tərəfindən saxlanılan təcili tibbi yardım briqadasına gəlincə, “Sasna tsrer onların girov olmadığını bildirir. Amma onları başqa həkimlərlə əvəz olunana qədər buraxmırlarsa, deməli onlar girovdurlar. Bununla belə, axşama doğru tibb işçilərindən biri olan David Tonoyanı “Sasna tsrer qrupunun üzvləri buraxdılar.
Təcili tibbi yardım briqadasının həkimi Salvador Xeçoyan isə telefonla bildirib ki, PPX ərazisində xəstəxanaya çatdırılmalı olan bir nəfər yaralı var, burdakı şəraitdə lazımi dərman preparatları olmadan ona kömək etmək mümkün deyil.
Milli Təhlükəsizlik Xidməti növbəti bəyanatla çıxış etdi. Silahlı qrup üzvlərinə aşağıdakı tələblər irəli sürülüb:
- yaralılara peşəkar tibbi yardım göstərilməsinə imkan vermək,
- bütün girovları buraxmaq,
- silahı təhvil verib, hakimiyyətə təslim olmaq.
______________________________
27.07.2016 14.40
Hadisələr haqqında ziddiyyətli xəbərlər gəlir
İndicə sona çatan mətbuat konfransı zamanı Təsis parlamentinin üzvü Alek Yeniqomşyan bildirib:
- Alay ərazisində girov yoxdur, sadəcə qrup onların yanında olan həkimlərin başqaları ilə əvəz olunmasını tələb edir ki, daimi növbətçilik təşkil olunsun
- Qrup üzvləri təslim olmayıb, onlar yaralılara xərək gətirən an polislər onları oğurlayıb
- Polis kordonunu yarıb keçərək, qrupa yemək gətirən Artur Sarqsyan hazırda alayın ərazisindədir. Onun polis tərəfindən göndərilməsi haqqında şayiələr yayılıb. Qrup üvləri bu fikri bölüşmür
- Danışıqlar imitasiyadan başqa bir şey deyil
- “Sasna tsrer qrupu parlament deputatlarını onlarla görüşməyə təkilf edir.
______________________________
27.07.2016 11.30
Ələ keçirilən alay ərazisində “Sasna tsrer qrupunun daha iki yaralı üzvü varıydı. Onlara yardım üçün gələn həkimləri qrup üzvləri girov götürüb. Polisin mətbuat xidməti onların azad olunması ilə bağlı danışıqların aparıldığı barədə məlumat verir.
______________________________
27.07.2016 09.00
Polisin mətbuat xidməti rəisi özünün “Facebook səhifəsində yazıb ki, gecə ələ keçirilən alay ərazisində baş verən atışma nəticəsində silahlı qrupun iki üzvü [Pavel Manukyan və oğlu Aram] və bir polis əməkdaşı yaralanıblar. “Sasna tsrerin iki üzvü Qaqik Yegiazaryan və Aram Akopyan polisə təslim olub.
Yaralıları xəstəxanaya çatdırıb, əməliyyat etdilər. “Sasna tsrer üzvlərinin vəziyyəti ağırdır, həkimlərin sözlərinə görə, onların həyatları təhlükə altındadır, polis əməkdaşının vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
“Sasna tsrer qrupu bildirib ki, onlardan dördü polis hücumu nəticəsində yaralanıblar, polislər yaralıları (Pavel və Aram Manukyanları) və daha iki nəfəri oğurlayıb.
Gecə polis Xorenatsi küçəsində gedən aksiya iştirakçılarından bir neçəsini, o cümlədən də etiraz aksiyası təşəbbüs qrupunun liderlərindən biri olan Levon Barseqyanı tutub.
______________________________________
27.07.2016 02.00
İyulun 26-sı saat 20.00-22.00 arası Xorenatsi küçəsində növbəti mitinq keçirildi. Hərəkatı idarə edən təşəbbüs qrupu polisin xəbərdarlığına baxmayaraq, etiraz aksiyasının keçirilmə yerini dəyişməmək qərarını verdi. Əsas mövzu artıq ənənəyə uyğun olaraq, prezidentin istefası idi. Mitinq hadisəsiz ötüşdü.
Sonda mitinq iştirakçıları Yerevanın küçələriylə polis binasına, sonra da Milli Təhlükəsizlik Xidmətinə tərəf yürüş etdilər. Təşkilatçıların fikrincə, yürüşdə təxminən 20 min nəfər iştirak edib.
Aksiya iştirakçıları Jirayr [silahlı qrupun azadlığa buraxılmasını tələb etdiyi Sefilyanın adı], “Bütün siyasi məhbuslara azadlıq qışqıraraq, onlara qoşulmağa çağırır, əl çalır, ayaqlarını yerə vururdular – bu qısa müddətli yürüş mütəşəkkil, dinc şəraitdə və böyük ruh yüksəkliyi ilə keçirildi, bu da Ermənistanın paytaxtında çoxdandır ki daha doğrusu, ötən ilin iyun ayından müşahidə olunmur, onda insanlar elektrik enerjisinin qiymətlərinin qalxmasına etiraz olaraq küçələrə çıxdılar.
“Azadlıq radiosu Jirayr Sefilyanın adından məlumat verib ki, o hakimiyyətin ağıllı yanaşmasına ümid edir, buna görə də prosesə mane olmamaq üçün davam edən danışıqların detallarını açıqlamır.
Bundan əlavə, Sefilyan bildirib: “Bizim problemin dinc yolla həlli üçün aydın siyasi proqramımız var. Görünür ki, danışıqlar prosesinin ləngiməsi vəziyyətin kəskinləşməsinə gətirib çıxarır, bu şəraitdə də yeni qarşıdurmalar, yaralılar, qurbanlar ola bilər ki, bu da şübhəsiz, hakimiyyətin günahıdır.
Yürüş başladığı Xorenatsi küçəsində də bitdi. Burada təşkilatçılar polislərə yaxınlaşaraq, “Sasna tsrer qrupunun üzvləri ilə əlaqə saxlamağı xahiş etdilər – hər şeyin qaydasında olduğuna əmin olmaq üçün bircə telefon zəngi etmək istəyirdilər.
İş orasındadır ki, yürüş zamanı onlara ələ keçirilən alay ərazisində atışmanın getməsi haqda məlumatlar çatdı. Aksiya iştirakçıları polisin yüksək rütbəli şəxslərinin onlara yaxınlaşmasını uzun müddət gözlədilər. Bu zaman polislərə çağırış da səsləndirildi: əlaqə bərpa olunmasa, müqavimət göstərmədən, alayın ərazisinə keçməyə imkan versinlər.
Mitinq sıravi polis əməkdaşlarına aksiya iştirakçılarına qoşulmaq çağırışı ilə davam etdi. Xəbərdarlıq da səsləndirildi ki, qan axıdıldığı halda buna görə polis rəisi cavabdeh olacaq.
Təşkilatçılar bir-biriylə razılığa gələ bilmədilər, bununla belə, polislə qarşıdurmaya getməmək qərarı verildi.
___________________________________________
26.07.2016 18.00
Hücum haqqında xəbərdarlıq?
Saat 17.00 radələrində Milli Təhlükəsizlik Xidməti bəyanat yayaraq, polis PPX alayı ərazisini ələ keçirən qrup üzvlərinin “hüquq-mühafizə orqanlarının həyat və sağlamlığını təhlükə altına salan, həm də əmlakın məhvinə səbəb olan hərəkətləri davam etdirdiklərini bildirib. Bəyanatda həm də deyilir ki, silahlı qrupun üzvlərinin davranışı yolverilməzdir, bununla bağlı olaraq, MTX “konkret vəziyyətlə diktə edilən, yeni qanun pozuntularının qarşısının alınması və həyata keçirilməsinə imkan verilməməsi üçün sərt tədbirlər həyata keçirməyə məcbur olacaq.
Bəyanata silahlı qrup üzvlərinin söhbətinin yazısı da əlavə olunub, MTX hesab edir ki, bu yazı silahlı qrupun hərəkətlərinin “aqressivliyini və təhrikçiliyini sübut edir.
Buna qədər, təxminən 16.00-da polis aşağıdakı bəyanatı yaydı: “Xorenatsi küçəsinin mühasirəyə alınmış hissəsində gözlənilməz nəticələrə gətirib çıxaracaq, gərginliyin kəskin artması ilə bağlı real və birbaşa təhdid var.
Təbii ki, yığıncaq iştirakçılarının həyat və sağlamlığına, həm də ictimai təhlükəsizliyə olan təhlükəni yığıncağın başqa yerə köçürülməsindən başqa cür qarşısını almaq mümkün deyil [söhbət hər gün saat 20.00-dan 22.00-a qədər Xorenatsi küçəsində keçirilən ənənəvi mitinqdən gedir].
Buna görə də Ermənistan Respublikasının polisi yığıncağın faktiki rəhbərlərindən qısa müddət ərzində onu Ermənistan Respublikası polisinin dinc yığıncaqlara kömək etməklə bağlı öhdəlikləri çərçivəsində yığıncaq iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi mümkün olan başqa yerə keçirməyə tələb edir.
Əks halda Ermənistan Respublikası polisinin yığıncaqları qanunla müəyyən olunmuş qaydada dayadırmaqdan başqa yolu qalmayacaq.
____________________________________________
26.07.2016 10.00
Səhər media “Sasna tsrer qrupundan iki hadisə haqqında məlumat aldı. “Sasna tsrerin məlumatına görə, polis kordonu tərəfindən qrup üzvlərinə atəş açıldı, onlardan ikisi ayağından güllə yarası aldı. Hər ikisi xəstəxanaya aparılıb. İkinci insident saat yeddi ərəfələrində baş verib. “Sasna tsrerin bəyanatında deyilir ki, Artur Sarqsyan öz maşınında polis kordonunu keçərək, qrup üzvlərinə yemək çatdıra bildi. Polislər maşına güllə atsalar da Artur Sarqsyan yaralanmadı.
Bəyanat “Birgə mübarizəni davam etməyə çağırırıq. Qələbə uzaqda deyil – sözləri ilə bitir.
Polis bu hadisənin videosunu yayaraq məlumat verib ki, atəş kordonu yarıb keçən maşına, özü də mühərrik tərəfə, sonra da avtomobilin təkərlərinə açılıb. Nəticədə maşında olan üç nəfərdən ikisi yaralanaraq, xəstəxanaya çatdırılıblar.
Yeri gəlmişkən, PPX alayının ərazisində “Sasna tsrer qrupunun daha bir yaralı üzvü var. O, ərazinin ələ keçirildiyi gün yaralanıb. Ermənistan mediasının yazdığına görə, təxminlərə görə məhz onun açdığı atəş nəticəsində o gün polis ölüb. Son günlərdə qrupun yaralı üzvünün xəstəxanaya çatdırılması bir neçə dəfə təklif olunsa da, o bundan imtina edib, hətta tutulmuş əraziyə gətirilən həkimdən tibbi kömək almağa da razı olmayıb.
____________________________________________
25.07.2016 22.00
Son günlərdə olduğu kimi, saat 20.00-22.00 Polis alayının post-patrul xidməti ərazisi ilə qonşuluqda yerləşən Xorenatsi küçəsində mitinq keçirilirdi. Etiraz aksiyasını idarə edən təşəbbüs qrupu bildirib ki, silahlı qrup hələ də yemək, dərman preparatları və elektrik enerjisi ilə təmin olunmayıb, düzdür vaxtaşırı olaraq PPX-də olanlarla əlaqə saxlamaq mümkün olur.
Yenidən aksiyanın tələbləri səsləndirilib, onlar da hazırda aşağıdakı kimi ifadə olunur:
· siyasi məhbusların azad olunması,
· Ermənistanın müstəqilliyinin bərpası,
· azad olunmuş ərazilər [Dağlıq Qarabağ ətrafında] qaytarıla bilməz,
· etimad hökumətinin formalaşdırılması,
· növbədənkənar seçkilər və Serj Sarqsyanın istefası.
Mitinq get-gedə daha çox emosional xarakter alır, bu gün iştirakçılar burada çıxış edən jurnalist və hüquq müdafiəçisi Levon Barqesyanla birlikdə mübarizəyə səsləyən “David Sasunski eposundan sətirləri oxuyurdular. Bildirilib ki, mitinq iştirakçılarının sayı dünən və daha əvvəllər olduğundan daha çoxdur, bundan sonra da bu aksiyaya Gümri və Vanadzor sakinləri də qoşularaq, öz şəhərlərində bu cür aksiyalar təşkil edəcəklər.
Eyni zamanda polisin mətbuat xidmətindən məlumat veriblər ki, PPX ərazisində silahlı qrup “Şevrolemarkalı xidməti avtobusu yandırıb. Bu, qrupun od vurduğu üçüncü nəqliyyat vasitəsidir. Dünən “Sasna tsrer qrupunun üzvləri “QAZel mikroavtobusunu yandıraraq bildiriblər ki, bununla da onlar İnternet və elektrik enerjisinin söndürülməsinə etirazlarını bildirirlər.
Hüquq-mühafizə orqanları onları insanların həyat və sağlamlığı üçün təhlükəli olan hərəkətlərə yol verməməyə çağırdılar.
___________________________________________
25.07.2016 14.00
Milli Təhlükəsizlik Xidməti bir daha silahlı qrupun üzvlərini təslim olmağa çağıran bəyanatla çıxış edib. Onlar tərəfindən törədilən hüquq pozuntuları və bununla bağlı onları gözləyən cəzaların siyahısı veriləndən sonra bildirilir ki, onların hər birinin günahı fərdi olaraq müəyyən olunacaq. Bundan əlavə bildirilir ki, öz tələblərindən imtina edən və könüllü olaraq girovları azad edən, həm də könüllü surətdə ələ keçirdiklərini qaytaran şəxslər cinayət məsuliyyətindən azad olunur.
Yuxarıda deyilənləri nəzərə alaraq, təslim olmaq qərarına gələnlərə necə hərəkət etməli: hara getməli, silahı necə tutmalı və onu necə təhvil verməli olduqları izah edilir.
____________________________________________
25.07.2016 12.30
Xorenatsi küçəsində (zəbt edilmiş Polis alayının post-patrul xidmətinin ərazisi yaxınlığında) keçirilən mətbuat konfransı zamanı “Təsis yığıncağının üzvü Alek Yeniqomşyan bildirb ki, Jirayr Sefilyan prezident Serj Sarqsyan və “Sasna tsrer qrupunun üzvləri ilə görüş tələb edir. Sefilyan prezidentlə istefa haqqında deyil, yaranan vəziyyətdən çıxış yolu barədə danışmaq istəyir.
“Təsis yığıncağının üzvü Albert Baqdasaryan bildirib ki, silahlı qarşıdurmanı vətəndaş və siyasi müstəviyə keçirəcəklər. Yerevan və regionlarda “itaətsizlik ocaqları yaradılacaq.
Hakimiyyətə silahlı qrupun yemək, elektrik enerjisi və rabitə ilə təmin olunması məsələsini həll etmək üçün 20.00-a qədər vaxt veriblər. O vaxta qədər sadalanan məsələlər həll olunmazsa, onlar öz sonrakı addımlarını müzakirə edəcəklər.
_____________________________________________
24.07.2016 14.00
Girovlar azadlıqdadır, silahlı qrup təslim olmur. Hakimiyyət başa düşür ki, silahlı qrupun yerləşdiyi əraziyə hücum cəmiyyətin narazılığına səbəb olacaq, həm də təhlükəli olacaq, özü də tək hücum çəkilən insanlar üçün yox.
İlk növbədə bu, hücumçular üçün təhlükəli ola bilər, çünki onlar döyüşməyi bacaran, üstündə silahı olan və hətta ola bilsin, bəzi Ermənistan media orqanlarının yazdığı kimi, əraziyə mina qoyan adamları tutmalı olacaqlar. Ərazi minalanıbsa əgər hücum həm də bütün yaxınlıqda yerləşən ərazinin sakinləri üçün də təhlükəli olacaq.
Özü də “Sasna tsrer qrupu öz tələblərindən geri dönmür. Qrup üzvlərindən biri Varujan Avetisyan 23 iyulda ələ keçirilən Polis Alayının Post-Patrul xidməti ərazisində keçirilən mətbuat konfransı zamanı bildirib: “Əsas tələb kimi, biz Serj Sarqsyanın istefası və xalqın etibar edə bildiyi hökumətin formalaşdırılması tələbini irəli sürdük, bu yolda ilk tələb Jirayr Sefilyanın və bütün digər siyasi məhbusların azad edilməsidir.
Silahlı qrupa dəstək olaraq və artıq ənənəyə çevrilən mitinqlərin keçirildiyi Xorenatsi küçəsində vəziyyət indi sakitdir. Artıq polislə burada toplaşan insanlar arasında qarşıdurma baş vermir. Bura ölkədə əsaslı dəyişikliklərin baş verməsini istəyənlər gəlir. Amma “etimad hökumətinin formalaşdırılması prosesi asan getmir.
Hərəkatın siyasi liderliyini öz əlinə keçirmək istəyən parlament deputatı Nikol Paşinyanı qrup rədd etdi. Qrup üzvü Varujan Avetisyan bununla bağlı dedi: “Cənab Paşinyan faktiki olaraq… ayağa qalxmaqdan olan xalq hərəkatını özünün şəxsi, partiya daxili maraqlarında istifadə etməyə çalışdı ki, bu da təqdirəlayiq hərəkət deyil. Ümid edirəm ki, gələcəkdə cənab Paşinyan bu cür addımlara yol verməyəcək.
Nəticədə Paşinyan bu mitinqlərdə iştirakdan ümumiyyətlə vaz keçdi. İş orasındadır ki, Post-patrul xidməti alayının ərazisində keçirilən mətbuat konfransı zamanı Jirayr Sefilyanın adından onun prezidentin istefası tələbindən imtina etməsi ilə bağlı bəyanat səsləndirildi. Bu, silahlı qrupla hakimiyyət arasında vasitəçi kimi çıxış edən və nəticədə girovların azad edilməsinə və PPX ərazisində mətbuat mərkəzinin yaradılmasına nail olan Vitali Balasyan tərəfindən səsləndirildi.
Paşinyan Sefilyanın bu informasiyanı təkzib etməsi üçün imkan tapa biləcəyinə ümidvar olduğunu bildirərək, “Məni ikinci dəfədir ki, şəxsi piarımla məşğul olmaqda ittiham edirlər. Mən və “Vətəndaş müqaviləsi partiyasının bütün üzvləri [Paşinyan bu partiyanı təmsil edir] bu platformanı tərk edərək, öz istəyimizi, münasibətimizi ifadə edəcəyik… sözləri ilə buranı tərk etdi.
Paşinyan gedəndən sonra mitinqin əsas natiqinə çevrilən “Qarabağ Komitəsinin üzvü Albert Baqdasaryan dedi: “Biz Jiayr Sefilyanın vasitəçilər olmadan öz sözünü çatdıra bilməsi üçün mexanizmlər yaradacağıq, əminəm ki, Jironun sözünü eşidə biləcəyik.
Bu zaman Ermənistanda silahlı qrupun öz hərəkətləri ilə Qarabağ məsələsi üzrə, birtərəfli güzəştləri nəzərdə tutan və yerli mətbuatda DQ üçün təhlükəli olan sənəd kimi qiymətləndirilən sənədin imzalanmasının qarşısını aldığına əmin olmağa başlayırlar.
Bunu Rusiya mətbuatında çıxan məqalələr də sübut edir. Bu sənədin imzalanmasının təşəbbüskarı, həm də müəllifi Rusiya tərəfi olduğu üçün, guya Qarabağ üzrə sülh danışıqlarını pozan ABŞ-ın ünvanına da kəskin ifadələr səsləndirilir:
“… “Təsis parlamentinin fəallarının hərəkətlərinin arxasında daimi DQR-də kövrək sülhü dağıtmağa çalışan, indi də aprel qarşıdurmaları zamanı vurulan yaraların sağalmasına yardım edən diplomatik danışıqları pozan ABŞ-ın mahir oyunu aydın görünür.
Sefilyan Gümridəki Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasını istəyən çox az erməni siyasətçilərdən biridir, o bu bazanı “Rusiya maraqlarının Cənubi Qafqazdakı bələdçisi hesab edir.
Təəccüblü deyil ki, onun özü kimi dinclik bilməyən tərəfdarları Rusiyanın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında konstruktiv inkişaf edən sülh danışıqlarını çox əsəbi qəbul edirdilər. Danışıqlar faktının özü onların yeni qanlı müharibəyə başlamaqla bağlı məqsədlərinin realizəsinə mane olur. Buna görə də diplomatik uğurlar özünü nə qədər aydın şəkildə göstərirdilərsə, Sefilyanın tərəfdarları özlərini bir o qədər də aqressiv aparırdılar.
Rusiyanın versiyasına görə, “onları Amerika kəşfiyyatı gözaltına alaraq, respublikadakı vəziyyəti silkələmək üçün kifayət qədər perspektivli bir qrup kimi qiymətləndirdi. Rusiya oxucusu üçün bütün bunlar kifayət qədər məntiqli səslənə bilər, amma Ermənistanda yox, axı burada bilirlər ki, Sefilyan radikal müxalifətçi, mövqeyində həddən artıq qəti olsa da, “qanlı müharibəyə başlamaq kimi bir niyyəti yoxdur. O, Qarabağ müharibəsi iştirakçısı olub və onun ölkəyə və xalqa nə gətirəcəyini bilir.
Rusiya tərəfinin təklif etdiyi “Lavrovun planı “Azərbaycan dövləti daxilində Rusiyanın zəmanəti altında DQ-ın geniş muxtariyyətini, həm də DQ-ın təhlükəsizliyini təmin edən ərazilərin qaytarılmasını nəzərdə tutur.
Məsələnin bu cür həlli tərəflərə birinci dəfə deyil ki, təklif olunur və Ermənistanın bütün prezidentləri bilirdilər ki, bu sənədin altında imza onların bu vəzifədə atdıqları son imza olacaq – bundan sonra onları ancaq könüllü və ya məcburi istefa gözləyə bilər. Buna görə də bu baxımdan indiki prezident silahlı qrupa hətta onu siyasi karyerasının bu cür sonluqla nəticələnməsindən “xilas etdiyinə görə minnətdar da ola bilər, bu silahlı qrupun onun istefasını tələb etməsinə baxmayaraq.
Ermənistan mətbuatı mətbuat konfransı zamanı Ermənistanı “kvazi-dövlət adlandıran “Sasna tsrer qrupunun üzvü Varujan Avetisyandan sitat gətirir: “Burada institutlar yoxdur, partiya partiya deyil, xadim xadim deyil, məmur məmur deyil, bəziləri isə sadəcə əclafdırlar. Bu cür davam edə bilməz, biz hər şeyimizi itiririk. Qrup hərəkatın “onu öz şəxsi və ya partiya maraqlarına tabe edən iki-üç nəfər deyil, “təmiz tərcümeyi-halı olan insanlar tərəfindən idarə olunmasına çağırır:
“Qəlblərimizlə birləşək, hərəkat konstruktiv forma alır, tezliklə də arzularımıza nail olacağıq… Biz yeni dövlət yaradırıq, Ermənistan Respublikasını yenidən qururuq.
Hələlik bütün bunlar utopiyanı xatırladır. Bununla belə, silahlı qarşıdurma davam edir və bu realdır. Hələlik daha real çıxış yolu təklif edən yoxdur.
____________________________________________
23.07.2016 19.00
Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının müşayiəti ilə 63 jurnalist 4 polis maşınında Polis Alayının Post-Patrul Xidmətinə getdilər. Burada, neytral ərazidə silahlı qrup üzvlərinin mətbuat konfransı keçirilirdi.
Jurnalistlərə özləriylə kompüter və telefon götürməyə icazə vermədilər, onlar ancaq səsyazma qurğuları və kameralar götürə bildilər. “Sasna tsrer qrupunun üzvü Varujan Avetisyan ilk növbədə bildirdi ki, onların təslim olmaq istəməsi ilə bağlı məlumat həqiqətə uyğun deyil.
Qrupun qalan üzvləri də ancaq bir halda təslim olacaqlarını dedilər: qeyd-şərtsiz qəbul etdikləri və həyatlarını bağladıqları Jirayr Sefilyandan bununla bağlı əmr aldıqları halda.
Xatırladaq ki, qrup Sefilyanın azad olunmasını və prezident Serj Sarqsyanın istefasını tələb etməkdə davam edir. Hökumətin istefası onları maraqlandırmır və irəli sürdükləri tələbləri əvəz edə bilməz.
Mətbuat konfransı başlayandan təxminən bir saat sonra jurnalistlərə gətirdikləri texnikadan istifadə etmək və silahlı qrupun üzvləri ilə canlı yayım təmin etmək imkanı verdilər.
Həmin andan da jurnalistlərin yanında Dağlıq Qarabağ parlamentinin deputatı, bu günlərdə qrupla danışıqlar aparan Vitali Balasyan da varıydı.
Jurnalistlərə həm də xəbər verildi ki, yaxın 15 gün və ya bir ay ərzində onlar istənilən vaxt bura gəlib, informasiya ötürə bilərlər.
______________________________
23.07.2016 14.30
Silahlı qrup Yerevan polis rəisinin müavini Valeri Osipyanı və Ermənistan polis rəisinin müavini Vardan Yegizaryanı buraxıb.Artıq girov yoxdur. Girovların hamısı azadlıqdadır.
Bundan bir qədər əvvəl “Sasna tsrer qrupunun üzvü Varujan Avetisyan Araratnews.am saytının müxbirinə silahlı qiyama başladıqları və onun hələ davam etdiyi barədə məlumat verib. Prezidentin istefa verməsi ilə bağlı tələb qüvvədə qalır.
______________________________
23.07.2016 11.00
“Sasna tsrer qrupunun üzvü, “Təsis parlamentinin mətbuat katibi Varujan Avetisyan “QALA telekanalına məlumat verib ki, Artsax qəhrəmanı Vitali Balasanyanın vasitəçiliyi ilə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Georgi Kutoyanla görüş baş tutub. Mətbuat mərkəzinin yaradılması şərtiylə girovların azad edilməsi haqda qərar qəbul edilib.
Axşam silahlı qrupun üzvləri məsləhətləşərək, daha bir xeyirxah addım atmaq – iki gənc polis əməkdaşını azad etmək qərarına gəldilər: “Bu proses elə indi cənab Balasyanın iştirakı ilə həyata keçirilir, – Varujan Avetisyan “QALA teleşirkətinin müxbirinə bildirib.
Mətbuat mərkəzinin harada olması ilə bağlı məsələnin həllini qrup üzvləri Balasyanın öhdəsinə buraxdılar, qalan iki girovu – general və polkovniki mətbuat mərkəzi açılandan sonra buraxacaqlar.
_______________________________
22.07.2016 23.50
Sosial şəbəkələrdə
“Facebookda Yerevanda son günlərdə baş verən hadisələrin bir neçə istiqamətdə müzakirəsi davam edir:
Birinci trend: “Sasna tsrer üzvləri qəhrəmandırlar, onları dəstəkləmək lazımdır
“Yaşasın Pavlik [silahlı qrupun üzvlərindən biri Pavel Manukyan] və onun dostları. O, özüylə bu əməliyyata oğlunu da götürdü, yəni tək öz həyatını deyil, oğlunun həyatını da qurban verməyə hazırdır. Bundan sonra onu və onun mübarizəsini necə dəstəkləməyə bilərik? Biz bir nəfər kimi, onun və “Sasna tsrerin digər üzvlərinin yanında olmalıyıq.
“Sasna tsrer şərəf, igidlik və vicdan nümayiş etdirdi. Onlar millətin qürur yeridir.
İkinci trend: zorakılıq yolu ilə gələnləri hakimiyyət başına buraxmaq olmaz
“Təsəvvür edirsiz, həqiqətən də hakimiyyət dəyişsə və girov götürən, söyüşlə müsahibə verən insanlar hakimiyyətə gəlsə, nələr baş verəcək?
Üçüncü trend: hərəkata başçılıq etmək istəyən siyasətçilərin öz maraqları var
“Nikol Paşinyan 2017-ci il parlament seçkiləri ərəfəsində divident toplayır. Bu günlərdə gücdən istifadə etməməyə çağırmağını müsbət, təkcə bir gün ərzində dörd dəfə mövqeyini dəyişməsini mənfi hal kimi qiymətləndirirəm.
Dördüncü trend: hakimiyyəti dəyişmək lazımdır
“Mən prezidentin reaksiyasını gözlədiyimi, onun mövqeyini bilmək istədiyimi demişəm. İndi, onun çıxışından sonra o dərəcədə məyus olmuşam ki, sözümü geri götürürəm: çıxış etməsəydi, daha yaxşı olardı.
“Nəhayət ki! Baş nazir səsini çıxardı! “Ermənistan hakimiyyəti Yerevanda alayın post-patrul xidmətinə hücum çəkilməsi ilə bağlı vəziyyəti tənzimləmək üçün əlindən gələni edəcək, – deyə Ovik Abramyan bildirib. O, iyulun 17-də baş verənləri yolverilməz adlandırdı. Görünür, 18, 19 və 20 iyulda baş verənlər, son illər ölkədə baş verənlər onun fikrincə, yol veriləndir.
Eyni zamanda ölkədə korrupsiya ilə mübarizə aparan əsas adam olan baş nazir, bildirib ki, “zorakılıq yolu ilə dəyişikliklərə nail olmaq mümkün deyil. Bu, təhlükəli və perspektivsiz prosesdir. Vəziyyət narahat edicidir. Bəs insanlar nə etməlidir? Hakimiyyətdə olan kimsə nəyisə əsaslı şəkildə ölkə vətəndaşlarında ümidin yaranması üçün dəyişməyə hazırdır?
“Hakimiyyətin “vəziyyəti tənzimləmək üçün əlindən gələni edəcəyinə heç kim şübhə etmirdi. İnsanların həyatını tənzimləyin! Öz məişətinizdən başqa daha nələrisə tənzimləyin!
Beşinci trend: insanlar köməksiz qalıb, real lider yoxdur
“İşiylə bağlı sutkada 24 saat ərzində hadisə yerində, canlı efirdə, iş yoldaşları ilə telefon danışığı zamanı bütün xəbərləri izləməli olan adam kimi deyə bilərəm ki, Yerevanda bütün baş verənlər heç də xoşuma gəlmir. Məni belə bir hiss buraxmır ki, barrikadaların hər iki tərəfində olan insanlar – özbaşına atılıb. Hakimiyyəti silahlı adamlar öz əlinə alıb. Bu o deməkdir ki, hər şey ola bilər. Buna görə də mən üç gün bundan əvvəlki arzumu təkrar edəcəm: qoy bu gün heç kim ölməsin. Sabah da…
___________________________________________
22.07.2016 23.00
Artıq ənənəyə çevrilən axşam mitinqi siyasi çalar aldı. İyulun 21-i axşam liderlərin və dəqiq məqsədlərin olmadığı hiss olunurdusa, ayın 22-də hərəkatı öz əllərinə keçirmək istəyən siyasətçilər peyda oldu.
O cümlədən polislə nümayişçilər arasında qarşıdurma yaranan zaman burada olan və bütün bu günlər ərzində bütün tərəflərlə (polis, aksiya iştirakçıları, silahlı qrupla) danışıqlar aparan parlament deputatı Nikol Paşinyan bu gün bura toplaşanlar tərəfindən etibarlı və xalqın adından çıxış etməyə layiq bir siyasətçi kimi qəbul edilirdi.
Aksiyanın məqsədləri dəqiq ifadə olundu: siyasi məhbusların azad olunması və prezident Sarqsyanın istefası. Aksiyanın bundan sonra artıq permanent olması ilə bağlı bəyanat səsləndirildi, yəni hər axşam saat 20.00-22.00-da vətəndaşlar bura öz fikrini ifadə etmək və başqalarını dinləmək üçün gələcəklər. Evdə mitinqin yayımını izləmək əvəzinə aksiya iştirakçılarına qoşulmaqla bağlı çağırış da səsləndirildi.
Xorenatsi küçəsində toplaşanlarla vidalaşarkən Nikol Paşinyan bildirdi ki, daha baş verənləri şəbəkədə izləmək vaxtı deyil, şəxsən aksiyalarda iştirak etmək lazımdır, əks halda bu indiki prezidentə dəstək kimi qiymətləndirilə bilər. O hətta növbəti mitinqə diaspora ermənilərini də dəvət etdi ki, onlar da vətənlərinin gələcəyini həll edən prosesdə iştirak edə bilsinlər.
______________________________
22.07.2016 18.00
Mətbuat üçün çox nadir hallarda açıqlama verən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan müxtəlif medialardan gələn sorğulara cavab olaraq, 17 iyul hücumu və bundan sonra baş verən hadisələr barədə fikrini yazılı şəkildə bildirdi. Nə qədər təəccüblü olsa da məlum oldu ki, radikal müxalifətçi mövqeyini tutan Ter-Petrosyan əslində indiki prezident Serj Sarqsyanla eyni fikirdədir. Aşağıda birinci prezidentin Ermənistan mətbuatına cavabından parçalar verilir:
“Özünün müxtəlif daxili çəkişmələri və ziddiyyətləri olan istənilən dövlət, xalq və ya cəmiyyət vətəninə təhlükə olan xarici çağırışla üzbəüz dayananda bir qayda olaraq, hər şeyi müvəqqəti olaraq kənara qoyur və ümumi səylərlə buna müqavimət göstərməyə çalışır.
Apreldə baş verən 4 günlük müharibədən sonra erməni xalqı məhz belə bir çağırışla, daha doğrusu Artsax erməniliyinin təhlükəsizliyinin təminatı və Qarabağ münaqişəsinin sərfəli həlli kimi olduqca vacib problemlərlə üz-üzə dayanıb ki, bu da erməni xalqını narahat edən bütün digər məsələləri kölgədə qoyur.
Deməli hazırda hakimiyyətin, partiyaların, ictimai təşkilatların, analitiklərin, jurnalistlərin hər bir addımını, sözünü və hərəkətini onların bu mühüm məsələnin həllinə kömək etməsi və ya mane olması baxımından qiymətləndirmək lazımdır.
Amma təəssüf ki, bir çoxları deyəsən, öz söz və hərəkətlərinin bu meyarının qiymətinin vacibliyini dərk etmirlər ki, bu da çox təhlükəlidir, bizdə hələ ki, yetkin dövlət, xalq və cəmiyyətlərə məxsus, onların xarici çağırış qarşısında daxili problemlərini bir kənara qoyaraq, səylərini birləşdirdiyi qızıl qanun hələ ki işləmir. Bu isə milli fəlakətə gətirib çıxara bilər.
Jirayr Sefilyan [silahlı qrup onun azad edilməsini tələb edir] və onun silahdaşlarına ağıl öyrətmək və vətənpərvərlik dərsi keçmək mənasızdır. Onların vətənpərvərliyinin sübuta ehtiyacı yoxdur. Onlar bunu döyüş meydanında, Artsax müharibəsində fədakarcasına və könüllü iştirak etməklə sübut etdilər.
Bütün çılğınlıq və zahiri maksimalizminə baxmayaraq, şəxsi ünsiyyətimiz zamanı əmin oldum ki, Jirayr Sefilyan soyuq ağılla düşünmək və düzgün qərarlar vermək iqtidarındadır. Ümid etmək istəyirəm ki, bu dəfə də onun bu bacarığı qalib gələcək və o Qarabağın, Ermənistanın taleyini hər şeydən üstün tutacaq.
______________________________
22.07.2016 15.00
Ermənistan prezidenti bu gün hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas çağıraraq, nəhayət ki son hadisələrlə bağlı danışdı:
“Girovlar azad olunmalı, silahlı qrupun üzvləri silahlarını təhvil verməlidir. Vəziyyətin sonrakı gedişatı Ermənistan Respublikasının konstitusiyası və qanunlarına ciddi riayət olunması ilə həyata keçiriləcək. Bütün şəxsi qisas almaq cəhdlərinin qarşısı qanunun gücü ilə alınacaq. Düzdür, Ermənistanda narazı insanlar çoxdur. Amma heç kim yanılmasın və düşünməsin ki, hər hansı bəhanə və ya səbəbdən istifadə edərək, dövlətçiliyimizin bünövrəsini sarsıda bilər.
Ölkəmizin hər bir vətəndaşının həyat və sağlamlığı bizim üçün dəyərlidir. Biz bu cür vəziyyətlərdə istifadə olunan klassik yolla getdik. Bununla da biz silahlı qrupa geri çəkilmək imkanı verdik. Amma bütün cəmiyyətin bu gərgin vəziyyətin girovuna çevrilməsinə imkan verə bilmərik. Düşünürəm ki, vəziyyət bizim imkan verə biləcəyimizdən daha çox uzandı. Aprel ayından [Azərbaycan və Qarabağ SQ-nin təmas xəttində baş verən hərbi əməliyyatlar] hələ çox az vaxt keçib ki, cəmiyyətin baş verənləri unutmaq imkanı olsun.
Bir daha hamını Ermənistan Respublikası, xalqımızın gələcəyi naminə sayıqlıq və dözüm göstərməyə çağırıram.
_______________________________
22.07.2016 09.00
Gecə sakit keçdi. Gözlənilən qarşıdurma baş tutmadı, çünki aksiya iştirakçıları silahlı qrup və onların girov saxladıqları insanların yeməklə təmin olunması haqqında məlumat aldılar. Belə bir təəssürat yaranır ki, qarşıdurma yeni, uzun sürən mərhələyə keçir. Bir çoxları bura yalnız “Sasna tsrer qruplaşmasına dəstək olmaq üçün deyil, həm də ölkədə ümumiyyətlə dəyişikliklərin baş verməsi ümidiylə gəlirlər, amma bunun üçün hələlik burada lider, aydın ifadə olunan məqsəd yoxdur.
______________________________
21.07.2016 23.30
Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov bu yaxınlarda keçirilən brifinq zamanı niyə hakimiyyətin, o cümlədən də ölkə prezidentinin və hakim partiyanın nümayəndələrinin silahlı qrupun hərəkətlərini və son günlərdə baş verən hadisələri heç cür şəhr etmədiyi sualına cavab verib.
Şarmazanov deyib ki, partiya məsələnin ancaq danışıqlar vasitəsiylə, yəni dinc yolla həllinin tərəfdarıdır. Partiya nümayəndələri də danışıqlar prosesinə mane olmamaq üçün müsahibə verməyiblər.
Vətəndaşların mitinqi davam edir, mitinq hələlik dinc şəraitdə keçir.
______________________________
21.07.2106 22.20
Bağlanan küçənin qarşısında toplaşan insanlarla polis əməkdaşları arasında yenidən qarşıdurmanın baş verməsi təhlukəsi yaranıb. Silahlı qrupun tərəfdarları yenidən onlara yemək göndərilməsi ilə bağlı məsələni həll etməyə çalışırlar. Artıq xəbər verdiyimiz kimi, qrup üzvlərindən biri Pavel Manukyan bu gün bir daha yemək və siqaretlərinin olmadığını dedi. Dünən qarşıdurma polis əməkdaşları aksiya iştirakçılarının qrup üzvlərinə yemək göndərməsi ilə bağlı suallarına cavab verməyəndən sonra başladı. Bu gün də həmin vəziyyət təkrar olunur.
______________________________
21.07.2016 21.00
ArmLur.am saytı “Sasna tsrer qruplaşması üzvü Pavel Manukyanla daha bir telefon danışığının mətnini yaydı. O bildirib ki, hakimiyyətlə danışıqlar vasitəçilərin – qrup üzvlərinin hörmət etdiyi insanların köməyiylə davam etdirilir.
Bu gün vasitəçi funksiyasını Dağlıq Qarabağ parlamentinin deputatı, general-mayor, Qarabağ müharibəsi iştirakçısı Vitali Balasyanyan yerinə yetirirdi. Danışıqların məzmununun təfərrüatları haqqında məlumat yoxdur.
_______________________________
21.07.2016 13.45
ArmLur.am saytı silahlı qruplaşmanın üzvlərindən biri olan Pavel Manukyanla aparılan telefon söhbəti zamanı onun dediyi sözləri yaydı. O, yemək və siqaretlərinin olmadığını təsdiq etdi, bununla belə buna dözəcəklərini bildirdi. Bir daha “ölsək də, təslim olan deyilik bəyanatı səsləndirildi. Pavel Manukyan həm də bildirdi ki, həm “Sasna tsrer təşkilatının üzvlərinin, həm də girovların vəziyyəti yaxşıdır, “hətta əladır.
Yerevanın İstintaq İdarəsi 20 iyul hadisələri ilə bağlı Cinayət Məcəlləsinin 225-ci maddəsinin ikinci hissəsi ilə (hüquq qaydasının pozulması, əmlakın korlanması, xidməti vəzifələrini yerinə yetirən şəxslərə qarşı zorakılıq) cinayət işi açıb. Komitədən gələn məlumata görə, bilavasitə iştirakda şübhəli bilinən 28 nəfər saxlanılıb, onlardan 16 nəfəri həbs edilib.
Baş nazir Ovik Abramyan hökumət iclasının əvvəlində bildirib ki, “zorakılıq yolu ilə dəyişikliklərə nail olmaq olmaz, bu təhlükəli və perspektivsizdir, “hakimiyyət məsələni dinc yolla həll etmək üçün əlindən gələni edəcək.
________________________________
21.07.2106 10.30
Polisin məlumatına görə, gecə 136 nəfər saxlanılıb. Xəstəxanalarda 51 nəfər tibbi yardım alır, onlardan 29 nəfəri polis əməkdaşlarıdır.
___________________________________________
21.07. 2016 05.20
Saat 04.14-də polis işçiləri aksiya iştirakçılarından küçənin hərəkət hissəsini boşaltmağı tələb etdilər, bir müddət sonra ümumiyyətlə bu ərazini tərk etməyi tələb etdilər, bunun üçün də 15 dəqiqə vaxt verdilər. Saat 04.38-də polis əməkdaşları artıq heç bir xəbərdarlıq etmədən, irəliyə hücum edərək, onların tələblərinə riayət etməyən hər kəsi saxladılar. Ərazidə ancaq polislər və jurnalistlər qaldı, amma onların da buradan getməsi tələb olunurdu.
_______________________________
21.07. 2016 02.45
Vəziyyət sakitləşir. Aksiya iştirakçılarının bir hissəsi polis tərəfindən mühasirəyə alınan rayonun ətrafında maşınlarda gedərək, siqnal verir, bir hissəsi polis kordonunun yanında durmaqda davam edir, bununla da özlərinin dediyi kimi, polisin post-patrul xidməti alayının ərazisində olanlara dəstək olmaq və qanın axıdılmasına imkan verməmək üçün edirlər.
_____________________________________________
21.07.2016 01:30
Atışma və açıq qarşıdurma. Aksiya iştirakçıları bildirir ki, polislər bir neçə dəqiqə bundan əvvəl yoldaşlarını saxlayıb, onun buraxılmasını tələb edirlər. Polislə danışıqlara gedən keşişlər onsuz qayıdaraq, aksiya iştirakçılarına bildirdilər ki, orada saxlanılan şəxsi görmədilər, polis də saxlanılan şəxs haqqında heç nə bilmir. Onlara inanmırlar.
________________________________
21.07.2016 00.55
Səhiyyə Nazirliyinin məlumatına görə, 45 nəfər xəsarət alan şəxs hazırda Yerevan xəstəxanalarında tibbi yardım alır. Onlardan 25-i polis əməkdaşlarıdır.
________________________________
20.07.2016 23.48
Toqquşmalar təkrarlanır. Atışma başlayıb.
________________________________
20.07.2016 22.55
Deyəsən, vəziyyət sakitləşir. Amma toqquşmaların təkrarlanmayacağına dair əminlik yoxdur.
________________________________
20.07.2016 22.15
Gənclər silahlı qruplaşma tərəfindən ələ keçirilmiş əraziyə gedən küçəyə canlı sədd çəkmiş polislərə daş atır. Bundan az əvvəl vətəndaşlar polisə müraciət edərək qrup üzvlərinə yemək verə bilərlərmi deyə soruşmuşdular. Jurnalistlərin bildirdiyinə görə, polislərin cavab verməməsi toplaşanların qəzəbinə səbəb olub. Onlar polislərə daş, tüstü şaşkası atmağa başladılar, toqquşma baş verdi. Həm polislərin, həm də vətəndaşların arasında yaralananlar var.
Məsələ burasındadır ki, silahlı qruplaşma üzvləri yeməklərinin olmadığını bildiriblər. Halbuki hüquq-mühafizə orqanları bəyan edir ki, onlar lazım olan hər şeylə təmin ediliblər. Buna görə də sakinlər yemək toplayaraq polis post-patrul xidməti alayının hər tərəfdən mühasirəyə alınmış ərazisinə gətiriblər.Parlamentin deputatı Nikol Paşinyan vəziyyəti sakitləşdirməyə çalışır. Jurnalistıər və operatorlar hazırda polislərin və vətəndaşların arasında qalıb.
____________________________
20.07.2016 09:30
Gecə sakit keçdi, vəziyyət dəyişməz olaraq qalır. Polisin post-patrul xidməti alayının ərazisini ələ keçirənlər və hələ də dörd nəfəri girov saxlayanlarla silahın istifadəsi və yeni qurbanların olmasının qarşısının alınması üçün intensiv danışıqlar aparılır.
Bir qədər əvvəl silahlı qruplaşmanın yerləşdiyi əraziyə hücum etmək üçün Ermənistana Rusiyanın “Alfa dəstəsinin dəvəti və gəlişi haqda məlumatlar yayıldı, Yerevan polisinin rəisi Aşot Karapetyan isə bu informasiyanı inkar etdi.
______________________________________________
19.07.2016 07:30
Hadisə yerində sakitlikdir, polis əməkdaşlarının sayı, burada toplaşan adamların sayına müvafiq olaraq azalıb.
________________________________
19.07.2016 03:00
Polis post-patrul xidməti alayının ərazisində girov saxlayan silahlı qruplaşmanın dəstəyiylə mitinq davam edir, düzdür, iştirakçıların sayı xeyli azalıb.
________________________________
19.07.2016 00:30
Hadisə yerinə toplaşan aksiya iştirakçıları mətbuat üçün bəyanatla çıxış ediblər, bəyanat həm də İnternetdə yayımlanan Azadlıq Radiostansiyasının canlı televiziya efirində verilib.
Onlar Ermənistan sakinlərini, o cümlədən də paytaxtın mərkəzində keçirilən mitinq iştirakçılarını “Sasna tsrer təşkilatı üzvlərinə hücum edilməsinə və qan axıdılmasına imkan verməmək onlara qoşulmağa çağırdı. Onlar deyirdilər: “Bu uşaqların bir hissəsi ölkəmiz uğrunda vuruşublar, onlar terrorçu deyillər.
Sonra Azadlıq radiostansiyasının efirində jurnalist hüquq-mühafizə orqanlarının vətəndaşları polisə anti-terror əməliyyatını keçirməyə mane olmamağa çağıran bəyanatını oxudu – əks halda onlara qarşı qanunvericiliklə müəyyən olunan tədbirlər görüləcək. Amma bundan bir neçə dəqiqə sonra bura hərbi qruplaşma tərəfdarlarının onlara qoşulmağa çağırdığı mitinq iştirakçıları gəldi.
________________________________
18.07.2016 23:50
Təxminən saat 23.00-da polis hadisə yerinə böyük qüvvələr cəlb etdi, kordonun birinci sıralarında bronejiletli polislər durmuşdu. Saat 23.45 radələrində bura silahlı qrupu dəstəkləmək üçün 100 aksiya iştirakçısı gəldi.
Polisin post-patrul xidməti alayı ərazisindən onları burada girov saxlayan silahlı qrupun üzvləri fişənglə qarşıladılar. Buna cavab olaraq, mitinq iştirakçıları “Azad, müstəqil Ermənistan – deyə qışqırırdılar.
_________________________________
18.07.2016 21.00
Bu gün “А1+in müxbiri ilə telefon söhbəti zamanı http://www.a1plus.am/ silahlı qruplaşma üzvlərindən biri Pavel Manukyan işlərini sonuna qədər davam etdirəcəklərini deyib: “Son da müxtəlif cür olur: ya qələbə, ya da ölüm.
Hazırda Yerevanın mərkəzində “Siyasi məhbuslara azadlıq şüarı ilə yürüş keçirilir. Mitinq iştirakçıları polis rəisinin müavini Unan Poqosyanla danışıqlar nəticəsində yürüş keçirməyə icazə alıblar. Onlar paytaxtın küçələri ilə “Azad, müstəqil Ermənistan, – sözlərini qışqıraraq yürüş edirlər.
____________________________
18.07.2016 16.00
Milli Təhlükəsizlik Xidməti daha bir bəyanatla çıxış edib. Bu dəfə bildirilir ki, “İyulun 18-də Polis post-patrul xidməti alayının ərazisində olan adamlar yemək və lazımi dərman preparatları ilə təmin edilib.
Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən kompleks tədbirlər, o cümlədən də danışıqlar nəticəsində ələ keçirilən ərazidən daha bir girov çıxarılıb. Amma yenə də bu cür ümidverici epizodlar hər şeyin arzu olunan sonluqla bitəcəyinə zəmanət vermir və mümkün faciəvi nəticələri istisna etmir ki, buna görə də məsuliyyəti ancaq hücumun təşəbbüskarları daşıyacaq.
_____________________________
18.07.2016 15.00
Sosial şəbəkələrdə
Erməni istifadəçiləri fəal şəkildə baş verənləri müzakirə edirlər.
Birinci trend: baş verənlərdə günahkar hakimiyyətdir
“Üsyanlar fərqli olur, tələbləri də fərqlidir, səbəbsə həmişə birdir: hakimiyyətin qabiliyyətsiz siyasəti. Günahkarları Baqramyan, 26-da axtarın [prezident iqamətgahının ünvanı].
İkinci trend: silahlı qrup üzvləri əsl vətənpərvərlərdir
“Aleksey Peşkov yazırdı: “Cəsarətli insanların igidliyini vəsf edirik. Bu uşaqlar bizə təqdim etməyə çalışdıqları kimi, səfeh deyil, kamikadzedirlər. Onlar erməni xalqının ümumi kütləsi arasında daha az səbirli çıxdılar. Onlar apriori uduzublar, amma onların bu addımı məndə təəssüf hissindən başqa, həm də böyük hörmət hissi oyatdı! Onların vətənpərvərliyi şəksizdir, bunu 20 il əvvəl sübut etdilər. Axı Şuşanı alanlar məhz onlar oldu! Uduzacaqlarını bilirəm, şansları sıfıra bərabərdir, bununla belə onlar üçün dua edirəm və Tanrıdan qanın axıdılmasına imkan verməməyi diləyirəm!
Bir az tələsdiz, oğlanlar, tələsdiz… Bütün bunları bir qədər sonra, əvvəlcədən xalq tərəfindən dəstəklənəcəyinizə əmin olandan sonra etmək lazım idi, sizi vicdanınız, səmimiyyətiniz və coşqunluğunuz aldatdı… Ölümdən qorxmadığınızı bilirəm, amma Tanrıdan sağ qalmağınızı istəyirəm. Amin!
Üçüncü trend: silahlı qrupun üzvləri vətənpərvər olsalar da, cinayət törədiblər
“Min dəfə deyilib ki, əli silahlı demokratiyanı bərqərar etmək mümkün deyil. Əli silahlı hakimiyyətə gələn elə əli silahlı da öz hakimiyyətini qoruyur. Ancaq siyasi metodlarla, sülh yolu ilə gələn hakimiyyət əsaslı dəyişikliklər edə, vəziyyəti kökündən dəyişə bilər. Nifrət nifrət oyadır, zorakılıq zorakılığa gətirib çıxarır.
“Başqa bir ölkədə bu hadisə haqqında məlumat təxminən aşağıdakı kimi verilərdi:
Ultra radikal silahlılar qrupu polis bölməsi binasında girov götürərək, sağ- millətçi siyasi xadimi həbsdən azad etməyi tələb edir. Onlar həm də prezidenti istefa verməyə çağırırlar.
Bizdə bu başqa cür səslənir: “Bir qrup Qarabağ müharibəsi veteranı bir neçə gənc fəalla birlikdə (davamı mətn üzrə), Qarabağ müharibəsi qəhrəmanını həbsdən azad etməyi tələb edirlər. Onlar həm də…
Sözgəlişi dedim. Bu daha çox ictimaiyyətə, onun qiymət vermək bacarıqsızlığına aiddir.
Reallığa gəlincə isə qrup o qədər balacadır ki, onun enerjisi və “inqilabi ruhu ancaq bir polis bölməsinə çatdı. Rəhbərlərin nədən ilham aldıqlarını bilmirəm – ya Türkiyədəki çevriliş cəhdi, ya da Yerevanda 1999-cu ildə parlamentə hücumla bağlı hadisə. Yeri gəlmişkən, hər iki variant pisdir.
Dördüncü trend: xalq silahlı qrupu dəstəkləmədi
“Müşahidə: görünən odur ki, Erebunidəki polis alayına hücum çəkənlərin geniş xalq kütləsinin dəstəyinə ümidi özünü doğrultmadı. Onlar nə etdiklərini bilirdilər. Geniş kütlələrin bütün bunların nəyinə gərək olduğunu geniş və o qədər də geniş olmayan kütlələr anlamır. Hər şeyin qan axıdılmadan ötüşəcəyinə ümid etmək qalır.
_______________________________________
18.07.2016 12.00
Milli Təhlükəsizlik Xidmətinin yaydığı növbəti bəyanatda deyilir ki, uzunsürən danışıqlar və xüsusi tədbirlərdən sonra iki girovun: bir polis əməkdaşı və təcili tibbi yardım maşınının sürücüsünün azad olunmasına nail ola bildilər. Silahlı qrup qalan girovları azad etmək, eyni zamanda da silahı təhvil verib, təslim olmaqdan imtina edir.
MTX-nin bəyanatından sitat:
“Əlində çoxlu sayda silah olan və artıq bir neçə cinayət törədən terrorçular tək girovlar üçün deyil, cəmiyyət üçün də aşkar və bilavasitə təhlükədir.
Hüquq-mühafizə orqanları vəziyyətin dinc yolla həlli üçün bütün mümkün tədbirləri həyata keçirirlər, amma bu cür vəziyyətlərdə bu kifayət etməyə də bilər. Bununla əlaqədar olaraq da silahlı qrup üzvlərini bir daha yeni qurbanların və cinayət fəaliyyətinin ağır nəticələrinin olmasına imkan verməməyə və hərbi müqaviməti dayandırmağa çağırırıq. Bunun üçün hələ vaxt və imkan var.
________________________________
18.07.2016 09.30
Gecə deyişikliksiz keçdi. Gərginlik azalmır. Ermənistan polisinin post-patrul xidməti alayı ərazisinə soxulan silahlı qruplaşmasına gecə hecum olunmadı. “Azadlıq radiostansiyası bütün gecə boyu hadisə yerindən canlı bağlantı edib, bağlantı indi də davam edir. Hərbi qruplaşma üzvlərinin gözləntilərinə rəğmən onlara qoşulmalı olan sadə vətəndaşların sayı azıydı. Burada əsasən jurnalistlər idi, ictimai xadimlər, siyasətçilər gəlib, jurnalistlər və təcili tibbi yardım briqadası növbə çəkirdi.
________________________________________________
17.07.2016 21:30
Ermənistanın Milli Təhlükəsizlik Xidməti silahlı qruplaşma ilə danışıqların davam etməsi barədə növbəti bəyanat yayıb. MTX qrup üzvlərini könüllü surətdə təslim olmağa çağırır. Hələlik danışıqlar bir nəticə verməyib.
Aşağıda hazırda girovları saxlamaqda davam edən “Sasna tsrer qruplaşmasının bəyanatından parçalar təqdim edirik:
“Uzun illərdir ki, Jirayr Sefilyan və onun tərəfdarları sülh yolu ilə Ermənistandakı vəziyyəti dəyişməyə çalışıb. Nəticədə Jirayr Sefilyanı hərbi qiyam törətməklə bağlı saxta ittihamlarla həbs etdilər, tərəfdarları isə daimi təzyiq və zorakılığa məruz qalıb.
İllərin acı təcrübəsi bizə göstərdi ki, xalqa zülm edən hakim rejim onu o dərəcədə hüquqsuz edib, gücdən salıb ki, onun artıq uzun sürən və kütləvi sülh mübarizəsi aparmağa taqəti qalmayıb. Buna insanların kütləvi şəkildə ölkədən getməsi də əlavə olunur ki, bu da müqavimətimizin son qalıqlarını da stabil şəkildə məhv edir. Bununla yanaşı, Serj Sarqsyanın xəyanəti: hakimiyyəti öz əlində saxlamaq üçün Artsaxın [Dağlıq Qarabağın] verilməsi dövlətçiliyimizin qəbrinə çalınan son mismar olacaq.
Biz, “Sansa tsner qruplaşmasının üzvləri, vəziyyətin bütün ağırlığını dərk edərək, özümüzün və övladlarımızın layiqli həyatını təmin etmək qərarına gəldik, bu məqsədlə də silahlı qiyam qaldırdıq.
___________________________
17.07.2016 19:30
Silahlı qrupla danışıqlar davam edir. Polis rəisi müavini Unan Poqosyan bildirib ki, yaralanan iki polis əməkdaşının vəziyyəti kritik ağır qiymətləndirilir.
_______________________________________
17.07.2016 16:30
“Çağırışlarımıza məhəl qoyulmasa, biz onları zərərsizləşdirmək iqtidarındayıq, çünki qatillərlə başqa cür rəftar edilmir. Problemidanışıqlar yolu ilə həll etmək ümidini itirməyincə, danışıqları davam etdirəcəyik, – polis başçısı müavini Unan Poqosyan bildirib.
O yaralı polislərin sayının bir az öncə xəbər verildiyindən daha çox olduğunu əlavə etdi.
____________________________
17.07.2016 14:30
Milli Təhlükəsizlik Xidməti bir polis əməkdaşının həlak olması, iki nəfərin yaralanması barədə məlumat verir.
____________________________
17.07.2016 10:30
İyulun 17-də Milli Təhlükəsizlik Xidmətinin yaydığı bəyanatda deyilir ki, bu gün səhər bir qrup silahlı şəxs Erebuni icmasının polis patrul xidmətinin ərazisinə daxil olub, və insanları girov götürüb.
Polis Erebunidən Yerevana yolları bağlayıb. Həm polis, həm qiyamçılar arasında yaralılar var.
Bu gün səhər “Təsis parlamentinin üzvü Varujan Avetisyan özünün “Facebook səhifəsində hərbi qiyama başladıqlarını yazıb. O həm də polis rəhbərinin müavinləri Vardan Yegizaryan və Valeri Osipyanın girov götürüldüyünü bildirib.
“Təsis parlamentinin lideri Jirayr Sefilyan dövlət çevrilişi cəhdinin hazırlanması ittihamı ilə həbs edilib. Onun qiyam qaldıran tərəfdarları onu gətirməyi tələb edirlər və ancaq onun əmrlərinə tabe olmağa hazır olduqlarını bildirirlər.
KİV məlumat verir ki, hərbi qrupun üzvlərindən biri aşağıdakı tələblərinin olduğunu bildirib: Jirayr Sefilyan azad edilsin və Ermənistan prezidenti Serj Sarqsyan istefa versin.
Dərc ediilb: 17.07.2016