Ermənistan-Türkiyə münasibətlərinin normallaşması: perspektivlər və təhlükələr
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının, Ermənistan-Türkiyə dəmiryolunda və avtomobil magistralında hərəkətin bərpasının mümkünlüyü haqda bildirib. O qeyd edib ki, bu prosesdə həm Türkiyə və Ermənistan, həm də Rusiya və Qərb, o cümlədən də Ermənistanın Şərq tərəfdaşları Hindistan və Çin maraqlıdır.
Ermənistanın baş nazirinin sözlərinə görə, söhbət “regionun qərblə şərqi, şimalla cənubu birləşdirən qovşağa çevrilməsindən” gedir. Bu imkan haqda danışarkən o, Paşinyan hökumətinə uğur diləyən və “konstruktiv yanaşmaya”, qarşılıqlı ərazi bütövlüyünü tanımağa çağıran Ərdoğanın bəyanatına istinad edib.
Bununla yanaşı Ermənistanın XİN-i hazırda Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması üzrə hər hansı danışıqların getmədiyinə əmin edir.
Türkoloq Suren Manukyanın hadisələrin necə inkişaf edə billəcəyi, tərəflərin hədəfləri və prioritetləri, Ermənistan üçün mümkün perspektivlər və təhlükələr haqda fikirləri.
Tərəflərin prioritetləri
“Amma pərdəarxası danışıqlar baş verir, Ermənistan və Türkiyə rəhbərlərinin sinxron bəyanatları da bundan xəbər verir.
Məsələnin problemli tərəfi ondadır ki, Ermənistan əsasən iqtisadi faydalar haqda danışır, halbuki bizin üçün bu gün siyasi dialoq çox vacibdir. Türkiyə isə məsələnin siyasi tərəfini qaldırmağa üstünlük verir.
Amma mən hesab edirəm ki, Türkiyə Ermənistanla münasibətlərdə siyasi ritorikasına baxmayaraq, məhz iqtisadi faydalarda maraqlıdır, bu, nə qədər qəribə səslənsə də.
Ermənistan iqtisadi nöqteyi-nəzərdən çox da maraqlı deyil, amma Türkiyənin yalnız Azərbaycanla yox (onunla İran vasitəsilə əlaqəsi var), həm də Mərkəzi və Orta Asiya ölkələri ilə bağlaya biləcək tranzit zona kimi vacibdir.
Türkiyə öz uzaqgedən – regionda özünəməxsus neft-qaz nəqli mərkəzi olmaq planlarını gizlətmir.
Türkiyə ehtimal edir ki, Orta Asiyadan bütün enerji resursları Azərbaycan və Ermənistanın (Meğridən keçən yolla) cəbubundan Türkiyəyə axacaq, oradan da Avropa üzrə paylanacaq.
Bu layihə Qərb üçün də sərfəlidir, çünki indi Orta Asiyadan gələn resursların bir hissəsi Rusiya vasitəsilə nəql olunur”.
Rusiyanın maraqları
“Rusiya üzərindən sanksiyalar götürülmür, əksinə, daha da sərtləşir və RF təcrid vəziyyətindədir. Buna görə Rusiya öz iqtisadi problemlərini həll etməyə çalışır, öz istehsalını, ilk növbədə də yanacağını (neft və qaz) ölkədən kənara çıxarmaq üçün alternativ yollar axtarır.
Azərbaycan və Ermənistandan keçərək Rusiya Türkiyə vasitəsilə xarici bazarlara çıxa bilər. Beləliklə, o, münasibətlərinin yaxşı olmadığı Ukrayna və Gürcüstandan yan ötə biləcək.
Bu yol Rusiya üçün çox vacibdir, bu haqda dəfələrlə rəsmi səviyyədə danışılıb. Rusiya bu kommunikasiyaların açılmasını dəstəkləyəcək”.
Ermənistan hakimiyyətinin yanaşması
“Paşinyan və onun komandası anlayırlar ki, hətta sabah Ermənistandan Azərbaycana gedən bütün kommunikasiyalar açılsa da, onlar arasında ticarət yenə də başlamayacaq.
Ermənistandan heç kim Azərbaycana və əksinə alver etməyə getməyəcək. Hələ çox vaxt keçməlidir ki, bu iki xalq təmas nöqtələri tapsın və münasibətləri düzəltsin.
Amma Paşinyanın komandası sərhədlərin açılmasını və ticarəti bütün problemlərin həlli elan edir: Ermənistanda hər şey dərhal düzələcək, insanlar varlanacaq, iqtisadiyyat çiçəklənəcək. Bu, belə deyil. Yollarla heç bir problemi olmayan ölkələr var, amma onların ticarət əlaqələri yoxdur. Siyasi münasibətlər və iki cəmiyyət arasındakı münasibətlər mütləq şəkildə açıq kommunikasiyalarla bağlı deyil.
Amma Paşinyan kommunikasiyaları açmaq niyyətindədir və bunun üçün o, Ermənistan əhalisindən mandat alıb”.
Ermənistanın maraqlarından yan ötərək Ermənistandan keçən yol
“Meğridən keçən yol haqda. Burada hər şey belə asan deyil. Problemlər əsasən yolun statusuna dirənir.
Azərbaycan Ermənistan Respublikasının qanunlarının keçərli olmayacağı ərazi xaricindəki ərazidə israr edir ki, istənilən yükü daşısın və Ermənistan prosesə heç cür nəzarət etməsin.
Ermənistan buna etiraz edir. Rəsmi Yerevan dəfələrlə təkrar edib ki, Rusiya və Azərbaycan prezidentləri ilə birlikdə imzalanmış üçtərəfli sənəddə söhbət konkret dəhlizdən yox, Ermənistan hakimiyyətinin nəzarəti altında olacaq yolların açılmasından gedir. Əks halda Ermənistan öz ərazisinin bu hissəsi üzərində suverenliyini itirir.
Rusiya öz tərəfindən yola özü nəzarət etmək istəyir. Ermənistan böyük təzyiq altına düşüb və bu gün buna qarşı durmaq istidarında deyil, xüsusilə də əgər bu təzyiq sadəcə Azərbaycan və Türkiyə tərəfindən yox, həm də müttəfiqi Rusiya tərəfindən gəlirsə.
Buna görə də Ermənistan digər cəbhələrdə də oynamağa çalışır. Vaxtaşırı Vaşinqtondan, Parisdən və digər Avropa ölkələrindən səslənən bəyanatlar Qərbin regionda onların iştirakı olmadan proseslərin getməsindən narazı olduğunu göstərir. Ermənistanın da bu proseslərə qarşı durmaq üçün öz resursları olmadığı üçün böyük ehtimalla onları Qərb torpedolayacaq, düşünürəm ki bu məsələdə biz onların dəstəyini artıq almışıq”.
Meğridən alternativ yol – “Şimal-Cənub” magistralı
“Çin və Hindistan çox ümid edir ki, biz nə zamansa onları Avropa ilə birləşdirəcək Şimal-Cənub avtomobil magistralının inşasını başa çatdıracağıq. Onlar üçün Türkiyədən keçəcək Meğri yolundansa “Şimal-Cənub” magistralı daha maraqlıdır.
Çin NATO ölkələrindən keçməyən yollara üstünlük verir. Çinin ən əsas ticarət opponenti ABŞ-dır, buna görə də bu böyük ticarət oyununda Çin alternativ yollar axtarır və bu yollardan biri də Ermənistandan keçən yol ola bilərdi.
Amma həm Çin, həm Hindistan tədricən böyük layihələrə qadir olan ölkə kimi Ermənistandan ümidlərini üzürlər. “Şimal-Cənub” magistralının inşası indiyə qədər yekunlaşdırılmayıb.
Çin ümid edirdi ki, biz yolu tikəcəyik və “Bir kəmərin – bir yolun” – “İpək Yolu” analoqunun hissəsi olacağıq.
Bu yol üçün ayrılan pullar banal olaraq oğurlanıb və ya büdcədəki keçmiş hakimiyyətdən qalan hansısa dəliklərin yamanmasına sərf olunub”.
“Şimal-Cənub” avtomobil magistralı sayəsində Ermənistan tranzit ölkə ola bilər. Şimaldan o, Ermənistanı Gürcüstanla birləşdirəcək, Qara dəniz və Avropa ölkələrinə çıxışı təmin edəcək. Cənubdan avtomobil yolu ölkəni İranla birləşdirəcək. Yolun inşası 2012-ci ildən başlaylb, 2019-cu ildə istismara verilməsi planlaşdırılmışdı, amma hələlik cəmi 20 faizinə qədər tikilib. 2021-ci ildə Avropa İttifaqı magistralın ən mürəkkəb hissələrinin inşası üçün 600 milyon avro təqdim edəcəyini bildirib.
Türkiyənin ön şərtləri
“Türkiyə öz siyasi maraqlarını nəzərə alaraq öz ön şərtlərini irəli sürüb. Ermənistan da indi zəif olduğu bə müttəfiqlərinin olmadığı üçün Türkiyə bundan istifadə edəcək.
Türkiyənin üç ön şərti var:
- Qarabağ münaqişəsinin tam həlli,
- Erməni soyqırımının beynəlxalq tanınması üzrə səylərin azaldılması,
- Qars müqaviləsi əsasında sərhədlərin tanınması.
Mən bilmirəm bizim hökumətimiz milli kimliyimizlə bağlı məsələlərdə nə dərəcədə güzəştə getməyə qadirdir, iqtisadi xeyir üçün öz siyasi kozır kartlarını əldən verməyə nə dərəcədə hazırdır. Amma məsələn, Ermənistanın özü böyük əhəmiyyət verməsə də, erməni soyqırımı məsələsi artıq çoxdan sadəcə ermənilərə aid deyil və beynəlxalq tanınma prosesinin açarı artıq çoxdan Yerevanda deyil.
Erməni soyqırımını tanıyan bir çox ölkələr bunu bizim yaxşı işləməyimiz və fəal şəkildə buna səy göstərməyimiz nəticəsində etməyib, öz şəxsi maraqlarına görə ediblər.
Türkiyənin Ermənistandan tanımasını tələb etdiyi Ermənistan-Türkiyə sərhədlərinə gəlincə. Paradoksal olsa da, Moskva və Qars müqavilələrindən sonra bizdə iki ölkə sərhədlərini müəyyən edən heç bir sənəd yoxdur.
“Dostluq və qardaşlıq” haqda Moskva müqaviləsi 1921-ci ilin martında Moskvada Türkiyə Böyük Millət Məclisi hökumətinin və RSFSR hökumətinin nümayəndələri tərəfindən imzalanıb. Sənəd Ermənistan, Gürcüstan və Azərbaycan SSR nümayəndələrinin iştirakı olmadan imzalanıb. “Dostluq” haqda qars müqaviləsi bu üç respublika və Türkiyə arasında 1921-ci ilin oktyabrında Moskva müqaviləsinin icrası üçün imzalanıb.
Həmin dövrdə, 100 il əvvəl, öz sərhədləri haqda qərar verən müstəqil suveren Ermənistan yox idi. Birinci halda bu, həmin ərazilərə heç bir aidiyyatı olmayan bolşevik Rusiyası, ikinci halda isə Yerevandakı marionet hökuməti idi.
Biz də yaxşı başa düşürük ki, bu iki sənədin heç bir ciddi beynəlxalq əhəmiyyəti yoxdur və müstəqil Ermənistan Respublikası ilə Türkiyənin sərhəd məsələsini nizamlaya bilməz.
Burada mən qorxuram ki, Türkiyənin ön şərtini qəbul edərək bu məsələni həmişəlik qapada bilərik. Qeyd etmək lazımdır ki, bütün bu ön şərtlərdən Türkiyəni ən çox məhz bu maddə maraqlandırır”.
İqtisadi maraqlar
“Ermənistanın iqtisadi maraqları, hətta əgər sərhədlər açılsa da, çox şübhəlidir. Və yollar açılandan sonra nə olacağına dair bizim hesabımız varmı?
Ermənistan, məsələn, bütün kəndtəsərrüfatı sahəsinin yenidən formatlaşdırılmasına hazır olmalıdır.
İqtisadiyyatın elə budaqları olacaq ki sadəcə ləğv olunmaq təhlükəsi qarşısında qalacaqlar, çünki qonşu Türkiyədən eyni məhsul gətiriləcək, amma daha ucuz.
Bundan başqa, Ermənistan 2021-ci il yanvarın 1-dən Türkiyə mallarının ölkəyə gətirilməsinə qadağa qoyub. İndi hansı məntiqlə sərhədləri açmağa hazırlaşır?
Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması adı altında insanlar yalnız sərhədlərin açılmasını anlayırlar, miqrasiyası, müxtəlif insan qruplarının axınını nəzərə almırlar. Ermənistan bu insan axınının qarşısını necə almağa hazırlaşır? Bunun üçün hansı resurslar var? Ermənistanın təhlükəsizlik sistemi bu təhlükələrə qarşı qoymağa qadirdirmi?
Türkiyə ilə sərhədlərin açılması haqda danışmazdan əvvəl bütün bunlara və digər suallara cavab almaq lazımdır”.