Ermənistan silah və hərbi texnika almaq məsələsində müxtəlif ölkələrlə əməkdaşlıq perspektivini gözdən keçirəcək, – Ermənistan prezidenti Serj Sarqsyan bəyan edib.
“Bu məsələdə bizim əsas müttəfiqimiz və tərəfdaşımız Rusiya Federasiyasıdır, hansı ki, bu gün dünyanın ən nəhəng silah təchizatçısıdır və bu ölkə ilə bizim dəqiq razılaşmalarımız var. Onlar bizə müasir silahları güzəştli şərtlərlə almaq imkanı verir. Əlbəttə ki, biz digər imkanlardan da yararlanacağıq”.
Ekspertlər hesab edirlər ki, bu yolla Ermənistan müdafiə siyasətinin diversifikasiyası haqda bəyan edir ki, bu da bu sahədə Rusiyadan asılılıqdan qurtulmaq imkanı yaradacaq.
Politoloq Stepan Safaryanın sözlərinə görə, Serj Sarqsyan təfərrüatlara varmır, amma Ermənistanın silah almaqda bir mənbə ilə kifayətlənməyəcəyinə açıq şəkildə eyham vurur:
“Bu yaxşıdır. Rusiya həmişə bəyan edir ki, silah alveri onlar üçün sadəcə biznesdir, bizim üçün isə təhlükəsizlik məsələsidir. Bizim müdafiə maraqlarımız bizə lazım olanları və lazım olan yerdən almağı diktə edir. Qorxuram ki, bizim strateji müttəfiqimiz Rusiya ilə münasibətlərimiz də biznes mestəvisinə keçəcək”.
Politoloq bildirir ki, Ermənistan 2016-cı ilin aprelində Qarabağ və Azərbaycanın təmas xəttində baş verən hərbi əməliyyatlardan sonra belə nəticə çıxarıb: yalnız bir mənbədən silah almaq doğru deyil. Eyni zamanda prezident kimi Safaryan da Ermənistanın KTMT üzvü olaraq Rusiyadan silahları daxili qiymətlərlə almasını da vacib hesab edir.