Ermənistan prezidenti: “Artıq bərqərar olmuş atəşkəsi daha pis şərtlər altında atəşkəsə dəyişmək olmaz”
Paylaşmaq
Paylaşmaq
Bu gün Ermənistan prezidenti Serj Sarqsyan Ermənistan SQ rəhbərliyinin operativ toplantı üzvləri ilə görüşdə deyib ki, artıq bərqərar olmuş atəşkəsi daha pis şərtləri olan digər atəşkəsə dəyişmək olmaz, sülh quruculuğu və iki xalq arasında təbii əlaqələrin bərqərar olması üçün möhkəm özül yaratmaq lazımdır.
“Atəşkəsi sülhə çevirmək lazımdır, amma birtərəfli güzəştlərlə buna heç vaxt nail olmaq mümkün olmayacaq. Biz vəziyyəti aydın dəyərləndiririk və Azərbaycandan birtərəfli güzəştlər gözləmirik. Eyni dərrakəni Azərbaycan rəhbərliyindən də gözləyirik”, – Sarqsyan vurğulayıb.
Prezidentin sözlərinə görə, hazırkı məqamda o, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda irəliləyiş üçün əsas görmür. Odur ki, Ermənistan və Azərbaycan arasında qüvvələr balansını qorumaq stabilliyi və kövrək sülhü təmin etmək üçün yeganə yoldur:
“Rəsmi Bakı mütəmadi olaraq bizi yaranmış status-kvonu uzatmaq cəhdlərində ittiham edir. Bu, həqiqətə uyğun deyil. Hər kəsi əmin etmək istəyirəm ki, biz doğrudan da problemin həll olunmasını istəyirik. Amma reallıq belədir: azərbaycanlılar bizə elə həll yolları təklif edirlər ki, bizimçün bu yolverilməzdir, buna görə də problem həll olunmur. Onlar hansı həllin real ola biləcəyini nə vaxt anlasalar, münaqişə də o zaman həllini tapacaq”.
Prezident vurğulayıb ki, Azərbaycan bu səbəbdən mütəmadi olaraq müxtəlif təxribatlara əl atır, cəbhə xəttində vəziyyəti gərginləşdirir və bununla da öz problemini xatırladır.
Serj Sarqsyanın sözlərinə görə, Qarabağ münaqişəsi həll olunmayınca və Türkiyə tərəfindən blokada aradan qaldırılmayınca Ermənistanın uğursuzluğa məhkum olduğu fikri yolverilməzdir: “Bizim daxili problemlərimizi nə türklər, nə də azərbaycanlılar yaradır. Ölkəmizin idarəetməsindəki çatışmazlıqlar onlarla qətiyyən bağlı deyil və onların ucbatından ortaya çıxmır”.