Ermənistanın keçmiş prezidenti ölkənin mütləq hakimiyyətə sahib baş naziri oldu. JAMnews-un reportajı: Ermənistanda etirazların beşinci günü
Yerevanda beşinci gündür ki, keçmiş prezident Serj Sarqsyanın hakimiyyətinin davamına qarşı itaətsizlik aksiyaları keçirilir. Minlərlə insan deputat, “Vətəndaş Sazişi” partiyasının lideri Nikol Paşinyanın başçılığı altında müxalif qüvvələrin başlatdığı etirazlara qoşulub.
Ermənistan “parlament respublikası” kimi tanınan siyasi struktura keçib. Amma dəyişikliklər konteksti o qədər də sadə deyil. Artıq keçmiş prezident Serj Sarqsyan hakimiyyətin böyük hissəsini öz əlində birləşdirmişdi. Siyasi strukturda dəyişiklik bu mövqeyi rəmzi vəziyyətə salıb və indi də Serj Sarqsyanın baş nazir olacağı ehtimal edilir, bu durumda o, demək olar ki, mütləq hakimiyyətə sahib olacaq. Bu məsələ Ermənistan parlamentində bu gün, 2018-ci il aprelin 17-də həll olunmalıdır. Etirazçılar buna imkan verməməyə çalışırlar.
16:55, 17 aprel
Serj Sarqsyan Ermənistanın baş naziri, yəni birinci şəxsi seçilib. Səsvermədə iştirak edən 93 deputatdan 77-i onun lehinə səs verib. Sarqsyan iqtidarda olan və parlamentdə çoxluğu təşkil edən, buna görə də baş nazir kürsüsünə namizədini irəli sürmək haqqına malik olan Respublikaçılar Partiyasının yeganə namizədi idi. Çoxluq digər siyasi qüvvələrin dəstəyi olmadan öz qərarlarının qəbul edilməsinə nail olmaq üçün yetəri qədər mandata sahibdir.
Sarqsyan öz çıxışında deyib ki, hakim partiyanın rəhbəri kimi qərarlar qəbul etməyə məsul olan birinci şəxsin səlahiyyətlərini öz üzərinə götürməyə borcludur. O, məsuliyyətdən qorxmur və bu rolu öz üzərinə götürməyə hazırdır, üstəlik ölkənin hakim partiyanın lideri tərəfindən deyil, başqa biri tərəfindən idarə edilməsində dissonans görür.
14:00, 17 aprel
İclas davam edir.
Nikol Paşinyanın rəhbərliyi altında hərəkat fəalları isə bu arada zəbt etmək məqsədilə hökumət binaları istiqamətində yürüşə çıxıblar. Deputat Paşinyan iclasda iştirak etmir. O, artıq rəsmi şəkildə məxməri inqilabın başlanğıcını elan edib.
Video: Seda Qriqoryan, JAMnews
12:05, 17 aprel
İclas başladı.
11:45, 17 aprel
Hərəkat iştirakçılarının bütün səylərinə rəğmən yolların bağlanması deputatlara parlament binasına gəlib çıxmağa və içəri keçməyə mane olmayıb. 12:00-da baş nazirin seçiləcəyi iclasın başlanması gözlənilir.
11:00, 17 aprel
“Polis deputat Nikol Paşinyan tərəfindən təşkil olunan aksiyanı dağıtmaq qərarı alıb və “Polis haqda” Qanuna əsasən, nümayişi dağıtmaq üçün əsası var”. Polisin yeni bəyanatında deyilir ki, bu haqda təşkilatçıya xəbərdarlıq da edilib, o isə bu tələbə məhəl qoymayıb və insanları nümayişi davam etdirməyə çağırıb.
Bəyanatda jurnalistlərə də müraciət yer alıb, nümayiş dağıdılarkən baş verə biləcək pis nəticələrin qarşısını almaq üçün onlardan aksiya iştirakçılarından bəlli məsafədə dayanmaq xahiş olunub.
10:00, 17 aprel
Aksiya iştirakçıları təşkilatçılarla birlikdə Yerevanın mərkəzində yürüş edərək, yenə də küçələri bağlayırlar.
09:00, 17 aprel
Səhər saatlarında “Armenpress” xəbər agentliyi aprelin 16-da polisin deputat Nikol Paşinyan tərəfindən təşkil edilən aksiyanı dağıtmaq qərarı aldığı və bu məlumatın hərəkat iştirakçılarına çatdırılmasını tələb etdiyi haqda informasiya yayıb. Bəyanatda deyilir ki, polisin tələblərinə itaətsizlik göstərilməsi halında nümayiş dağıdılacaq və bu zaman xüsusi vasitələrdən istifadə oluna bilər.
Polis təşkilatçıları güc tətbiq edilməməsi naminə “qanunsuz aksiyanı bitirməyə” çağırıb.
Hələ ki, küçələr bağlıdır, aksiya iştirakçıları hələ də mühasirəni saxlayır.
Çoxları şəhərdə hərəkət etmək üçün velosipedlərdən istifadə edir.
Xatırladaq ki, bu gün, aprelin 17-də saat 12:00-da parlamentdə baş nazir, yəni Ermənistanın birinci şəxsi seçilməlidir. Müxalifət səsverməyə mane olmaq üçün aprelin 13-dən fasiləsiz itaətsizlik aksiyası elan edib və bu günə qədər də davam etdirir. İnsanlar küçəyə çıxıb, yolları kəsiblər ki, parlamenti mühasirəyə alaraq, deputatların binaya daxil olub, səs vermələrinə mane olsunlar.
Müxalif deputat, “Vətəndaş Sazişi” hərəkatının lideri Nikol Paşinyanın planına əsasən parlamentdə səsvermənyə iki dəfə mane olmaq lazımdır. O zaman Konstitusiyanın baş nazir seçkiləri iki dəfə təxirə düşərsə, parlamentin səlahiyyətlərini itirməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda müddəası işə düşəcək. İdealda xalq başqa tərkibdə parlament seçəcək. Yeni parlamentdə hazırda iqtidarda olan Serj Sarqsyanın liderlik etdiyi Respublikaçılar Partiyası artıq çoxluğa sahib olmayacaq.
Amma məlum olub ki, aksiyanın məqsədi – küçə aksiyaları ilə səsverməyə mane olmaq cəhdi arzuolunan nəticəyə gətirib çıxarmaya da bilər. Bu haqda Konstitusiyanın həmmüəllifi Vardan Poqosyan Azadlıq Radisosuna müsahibəsində bildirib: əgər səsvermə müxalifətin yaratdığı fors-major vəziyyətlə bağlı baş tutmazsa, o zaman müddəa keçərli olmayacaq. Bu müddəa yalnız səsvermə nəticələrinə əsasən seçim iki dəfə baş tutmadığı təqdirdə qüvvəyə minir.
Son beş gündə baş verən itaətsizlik aksiyalarına, paytaxt mərkəzində fasiləsiz mitinqlərə, yolların kəsilməsinə hakim partiyadan olan deputatların, eləcə də polisin dözümlü münasibəti məhz bu amillə izah oluna bilər.
Ötən gün müxalifətçilər seçkilərin keçirilməsi ilə bağlı iki mümkün versiyanı müzakirə ediblər: deputatlar parlamentdən kənarda, başqa bir yerdə səs verəcək və ya binada gecələyəcəklər. Amma konstitusiya həmmüəllifi Vardan Poqosyan izah edib ki, yaranmış vəziyyətlə bağlı seçkiləri təxirə sala da bilərlər. Bu vəziyyətdə müəyyən olunmuş qaydaya əsasən, baş nazir səlahiyyətlərini yerinə yetirən Karen Karapetyanın hökuməti yeni baş nazir seçilənə qədər öz işini davam etdirə bilər.
JAMnews hadisələrin inkişafını izləyir.