Ermənistan parlamentinin vitse-spikeri seçiciləri "oliqarxlarla əlaqələri kəsməyə" çağırır
Ermənistan vitse-spikeri oliqarxlar haqqında
“Qarşıdan gələn seçkilər seçicilərin səslərini kimə verəcəyi barədə olacaq: hazırkı hakimiyyətə, yoxsa [eks-prezident] Robert Koçaryan və iki oliqarxa, onların ətrafına”, – deyə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib. O, iki oliqarx dedikdə yerli iri iş adamı Qaqik Tsarukyanı və Rusiyanın dollar milyarderi Samvel Karapetyanı nəzərdə tutur.
Onların rəhbərlik etdikləri partiyalar artıq 2026-cı il 7 iyun tarixinə planlaşdırılan parlament seçkilərində iştirak edəcəklərini açıqlayıblar. Vitse-spiker vurğulayıb ki, səslərin “digər qüvvələrə” verilməsinə qarşı deyil, lakin Koçaryan və “iki oliqarx”a verilməməlidir.
Onun sözlərinə görə, hakim “Vətəndaş Müqaviləsi” fraksiyası seçkilərdə konstitusion çoxluq qazanmağa çalışır:
“Biz hesab edirik ki, Robert Koçaryan və iki oliqarx, ümumiyyətlə bütün oliqarxlar siyasi arenadan, parlamentdən sıxışdırılıb çıxarılmalıdır”.
Ruben Rubinyan əmindir ki, parlament yalnız seçkilərdə xalq “Koçaryan və oliqarxlarla bütün əlaqələri kəsəcəyi” təqdirdə “normal siyasi debatlar” üçün platformaya çevriləcək.
- “Müxalifət seçkilərdən sonra koalisiya yaradaraq hakimiyyətə gəlmək istəyir” – Ermənistan parlamentinin vitse-spikeri
- Rəy: Samvel Karapetyanın “Güclü Ermənistan” partiyası Rusiya Federasiyasının maraqlarını təmsil edəcək
- Ermənistanda hakimiyyət-kilsə qarşıdurması: Paşinyan Katolikosun kənarlaşdırılması istiqamətində atılan addımlardan danışıb
“Müxalifətçilər saxta təəssürat yaratmağa qərar veriblər”
Vitse-spiker əmin edib ki, bütün sosial sorğulara əsasən hakim partiyanın reytinqi müxalif qüvvələrdən bir neçə dəfə yüksəkdir. Lakin Rubinyan hansı araşdırmaları nəzərdə tutduğunu açıqlamayıb və konkret rəqəmlər də təqdim etməyib.
Onun sözlərinə görə, hakim partiya məğlubiyyətdən ehtiyat etmir. Bununla belə, seçicilərin siyasi arenada baş verənlərdən xəbərdar olmasını istəyir:
“Onlar bilməlidirlər ki, müxalif qüvvələr guya bir-birindən ayrıldıqları barədə saxta təəssürat yaratmağa qərar veriblər. Bunun üçün, məsələn, bir qüvvədən digərinə adamlar göndərirlər”.
Rubinyan eks-prezident Robert Koçaryanın lideri olduğu “Ermənistan” fraksiyasından seçilmiş və sonradan digər müxalif qüvvələrə qoşulmuş sabiq deputatların konkret nümunələrini göstərib:
“Məsələn, Aram Vardevanyan əvvəlcə Koçaryanın komandasında idi və onun vəkili kimi çıxış edirdi, indi isə rusiyalı oliqarxın [Samvel Karapetyan] vəkilidir və onun komandasını təmsil edir. Andranik Tevanyan əvvəlcə Koçaryanın komandasında deputat idi, indi isə Tsarukyanla işləyir”.
“Sabitləşmiş sülh təhlükə altındadır”
Vitse-spiker qeyd edib ki, seçkilər ərəfəsində insanlar siyasi qüvvələrin proqramlarını və onların gələcəyə baxışını nəzərə almalıdır. O, müxalif qüvvələrin hakimiyyətə gələcəyi təqdirdə mümkün nəticələrdən də danışıb:
“Koçaryan və iki oliqarxın seçilməsi və hakimiyyətə gəlməsi korrupsiyanın geri qayıtması deməkdir. Artıq formalaşmış [Azərbaycanla] sülh isə ən azı təhlükə altına düşəcək”.
Rubinyanın sözlərinə görə, eks-prezident və ona qoşulan müxalif qüvvələrin hakimiyyətə gəlməsinə yol vermək olmaz, əks halda “ölkə talan mənbəyinə çevriləcək”.
Son günlər hakim partiyanın bir çox nümayəndəsi seçkilərdə iştirak edəcəyini açıqlayan müxalifətin “Gümrü-2 əməliyyatı”nı həyata keçirmək niyyətində olduğu barədə xəbərdarlıq edir. Vitse-spiker də Gümrüdə keçirilmiş bələdiyyə seçkilərini xatırladıb. O vurğulayıb ki, müxalif mer Vardan Qukasyan seçildikdən bir neçə ay sonra rüşvət alma ittihamı ilə həbs olunub.
2025-ci ilin yazında Gümrüdə növbədənkənar bələdiyyə seçkiləri keçirilib. Nəticələrə görə, heç bir partiya səslərin 50+1 faizini toplaya bilməyib. Ən çox səsi hakim “Vətəndaş Müqaviləsi” partiyası əldə edib. Lakin müxalif qüvvələr onunla koalisiya yaratmaq istəməyiblər.
Seçki baryerini keçən dörd müxalif qüvvədən üçü birləşərək Ermənistan Kommunist Partiyasının namizədi Vardan Qukasyanı dəstəkləyib. Beləliklə, o, ölkənin ikinci böyük şəhərinin meri olub. İndi isə parlament seçkilərinin nəticələrinə əsasən Ermənistanın baş nazirinin kim olacağı müəyyənləşəcək.
Ruben Rubinyan bildirib ki, əgər Koçaryan və digər Rusiyameyilli müxaliflər hakimiyyətə gəlsə, hazırkı hakimiyyət dövründə olduğu kimi rüşvət alanlar həbs olunmayacaq. O bunu belə izah edib: “Onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına öz işlərini yerinə yetirməyə imkan verməyəcəklər, necə ki, hakimiyyətdə olduqları illərdə də belə idi”.
Onun sözlərinə görə, Seçki Məcəlləsi koalisiyaların formalaşdırılmasına və bu yolla hökumətin qurulmasına imkan verir:
“Bu cinayət deyil. Amma cinayət sayılmayan hər şey yaxşı deyil. Biz hesab edirik ki, Koçaryan və iki oliqarxın hakimiyyətə gəlməsi pisdir. Bunun qarşısını almaq lazımdır. Bunun qarşısını necə almaq olar? İnsanlar Koçaryana və iki oliqarxa bir dənə də səs verməməlidir. Biz onları hakimiyyətdə görmüşük. Düşünürəm ki, belə hakimiyyətin təkrarlanmasını istəmirik”.
Ermənistan vitse-spikeri oliqarxlar haqqında