Ermənistan: iri biznesmen və müxalif partiya liderinin dindirildiyi MTX binası qarşısında etiraz aksiyası
Bazar günü, iyunun 14-də səhər saatlarından parlamentin müxalif “Çiçəklənən Ermənistan” fraksiyasının lideri Qaqik Sarukyanın evində axtarış aparılıb.
Axtarışdan sonra o, dindirilmək üçün Milli Təhlükəsizlik Xidmətinə dəvət olunub. Eyni zamanda bina qarşısında “Çiçəklənən Ermənistan” üzvləri və tərəfdarlarının etiraz aksiyası baş tutub, baxmayaraq ki, ölkədə kütləvi tədbirlər qadağan edilib. Ölkədə hələ də koronavirusa görə fövqəladə vəziyyət rejimi davam edir, odur ki, vaxtaşırı olaraq aksiya iştirakçıları saxlanılıblar.
Qaqik Sarukyan və tərəfdarları baş verənləri “Çiçəklənən Ermənistan” partiyası liderinin hökumətin dəyişməsi ilə bağlı elədiyi çağırışa cavab olaraq həyata keçirilən siyasi təqib hesab edirlər.
Axtarış və dindirmənin səbəbləri haqda
Ermənistanın Milli Təhlükəsizlik Xidməti Sarukyana məxsus olan şirkətlərin qanunsuz fəaliyyəti ilə bağlı bəyanat yayıb, nəticədə dövlətə on milyonlarla dollar həcmində ziyan dəyib.
- Ermənistanın baş naziri sağalıb və işə qayıdıb. Onun qayıdışı güc strukturları rəhbərlərinin istefaları ilə müşayiət olunub
- Ermənistanda böyük yoluxma partlamaları gözlənilir. Baş nazir “pandemiya əleyhinə hərəkat” yaratmağa çağırır
Daha sonra MTX-nın mətbuat xidməti bildirib ki, “Çiçəklənən Ermənistan” partiyası nümayəndələrindən ibarət qrupun seçicilərə rüşvət payladığı ilə bağlı faktlar üzə çıxarılıb. Söhbət 2017-ci il parlament seçkilərindən gedir. Onlarla axtarış haqda məlumat yayılıb, bu zaman rüşvət paylandığını təsdiqləyən yazılı sənədlər tapılıb.
“Mənim addımım” iqtidar blokunun bəzi nümayəndələri, o cümlədən də parlamentin vitse-spikeri Alen Simonyan sosial şəbəkələrdəki səhifələrində konkret məbləğin kimə və niyə verildiyini əks etdirən sənədlər dərc edib.
Siyahıda jurnalistlər üçün ayrılan pulun məbləği də göstərilib – 750 min dram (təxminən 1500 dollar), “əhaliyə yardım” – 3 milyon dram (6 min dollardan bir qədər çox).
Qaqik Sarukyanın bəyanatı
Evindəki axtarışdan dərhal sonra Ermənistanın ən böyük biznesmenlərindən biri jurnalistlərə və tərəfdarlarına bildirib ki, siyasi təqibə məruz qalır:
“Onlar təzyiq göstərməyə, şantaj etməyə çalışırlar. Amma mən, Qaqik Sarukyan bildirirəm ki, əxaqsız qadının oğlu olaram, əgər geri çəkilsəm, nə eləyirlər eləsinlər, hansı işi istəyirlər “tiksinlər” mənə”.
İyunun 5-də o, “hökumətin 100 faiz dəyişməsi” çağırışı ilə çıxış edib. O bildirib ki, 2018-ci il məxməri inqilabından sonra hakimiyyətə gələn hökumət xalqın gözləntilərini doğrultmayıb və getməlidir.
Sarukyan xatırladıb ki, bir il əvvəl o artıq hökumətin qarşısına qoyduğu vəzifələrin öhdəsindən gəlmədiyini bildirib:
“Mən onda deyirdim ki, əgər dəyişiklik istəyirlərsə, tərkibin 97 faizini dəyişmək lazımdır. Amma bu gün bütün bu uğursuzluqları gördükcə, hesab edirəm ki, hökumət 100 faiz dəyişməlidir. Bunu demək xoş deyil, amma biz görürük ki, bütün sahələri batırıblar”.
Paşinyan oliqarxın bəyanatını şərh etməyib. Amma mətbuat katibi Mane Gevorqyan Facebook səhifəsində yazıb ki, Qaqik Sarukyan onun adı ilə bağlı olan cinayət işlərinin gedişatından narahatdır:
“Əgər cənab Sarukyan hesab edirsə ki, onun siyasi bəyanatları istintaqın gedişatına təsir edəcək, o, hesablamalarında yanılır, çünki Ermənistanda hamı qanun qarşısında bərabərdir. O cümlədən də qanunsuz əldə olunan əmlakın müsadirəsi haqda qanun qarşısında və bu baxımdan da cənab Sarukyanın narahatlıq üçün səbəbləri ola bilər”.
Partiyadaşlarının reaksiyası
“Çiçəklənən Ermənistan” partiyasının üzvləri də hesab edirlər ki, baş verənlər siyasi təqibdir. Onlar bəyan edirlər ki, hüquq-mühafizə orqanlarının əməlləri qanunsuzdur, rüşvət haqda yayılan sənəd saxtadır, ölkə isə hazırkı hakimiyyətin diktaturasına çevrilir.
Onların fikrincə, hakimiyyət müxalif partiyaya qarşı repressiyaya başlayıb və günahsızlıq prezumpsiyasını unudaraq partiya liderinə qarşı sübuta yetirilməmiş ittihamlar səsləndirib.
Deputat Naira Zoqrabyan partiya lideri ətrafında yaşanan hadisələri oyunbazlıq alandırıb:
“Bu, hakim siyasi qüvvənin sonunun başlanğıcıdır. Bütün bunlar dejavü təəssüratı yaradır. Bir çox partiya üzvlərinin və tərəfdarlarının mənzillərində hazırda MTX əməkdaşları var. Bu hakimiyyət fərqli düşüncəyə dözümsüzdür”.
“Çiçəklənən Ermənistan” partiyasını təmsil edən deputatlar hesab edirlər ki, yalnız partiyaya qarşı yox, həm də ümumilikdə Ermənistan vətəndaşlarına qarşı zorakılıq aktı baş verir. Onlar bildiriblər ki, Qaqik Sarukyanın həbsi haqda qərar alındığı haqda onlara məlumat var, bunun üçün iyunun 15-də onun deputat toxunulmazlığının ləğv edilməsi məsələsinin müzakirəsi üçün parlament iclası çağırılacaq.