Ermənistan: Müxalifətçi 10 ildən çox müddətə məhkum edilib
Foto: azatutyun.am
Müxalifətçi Jirayr Sefilyan bu gün məhkəmənin qərarı ilə 10 il beş ay müddətinə azadlıqdan məhrum edilib.
O, artıq iki ilə yaxındır həbsdədir, onu qeyri-qanuni silah əldə etmək, daşımaq və saxlamaq ittihamı ilə həbs etmişdilər.
Məhkəmə araşdırması zamanı məhkəmə heyyəti Sefilyanın erməni soyqırımının 100 illiyi ərəfəsində kütləvi iğtişaşlar hazırladığının sübuta yetirildiyi qənaətinə gəlib. Ona qarşı hakimiyyət nümayəndələrinə silahlı müqavimət və zorakılıq, əmlakın məhv edilməsi ittihamları da itrəli sürülüb. O, həmçinin 2015-ci ildə, Konstitusiya referendumu ərəfəsində strateji binanı ələ keçirib, hakimiyyəti müəyyən addımlar atmağa məcbur etmək məqsədilə qeyri-leqal silah və sursat əldə etməkdə də təqsirli bilinib.
İttiqamda qeyd olunub ki, Jirayr Sefilyan “öz cinayətkar əməllərini iradəsindən asılı olmayan səbəblər üzündən axıra çatdıra bilməyib”.
Jirayr Sefilyanın 51 yaşı var. O, Beyrutda anadan olub. Qarabağ hərəkatında iştirak etmək üçün 1990-cı ildə ailəsi ilə birlikdə Ermənistana köçüb. O zaman hərbi təlimatçı kimi erməni dəstələrinin yaradılmasında iştirak edib. Şuşa xüsusi dəstəsinin komandiri olub. Birinci dərəcəli Döyüş Xaçı ilə təltif edilib.
Hakimiyyət bir neçə dəfə Sefilyana vətəndaşlıq verməkdən imtina edib. 2007-ci ildə o, qeyri-leqal silah və sursat saxlamaq ittihamı ilə 1,5 il azadlıqdan məhrum olunub. Avropa İnsan Haqları Məhkəməsi bu zaman Sefilyanın hüquqlarının poozulduğunu təsbit edib.
Hökm elan olunan zaman 10 il azadlıqdan məhrumetmə cəzası haqda eşidən Sefilyan hakimi alqışlayıb və bu sözləri qışqırıb:
“Əhsən! Tezliklə sizin üçün də bu cür hökmlər oxunacaq”.
Müxalifətçi öz işi ilə bağlı ifadə verməyib, məhkəmədə müdafiə olunmayıb, hökm oxunduğu gün isə son sözlə çıxış edə bilməyib.
Hakim Tatevik Qriqoryan ona oturduğu yerdən danışmağa icazə verməyib. Sefilyan on aydan çox sürən məhkəmə istintaqında əksərən iştirak etməyib, çünki hakim məhkəmə qarşısında ayaq üstə çıxış etməsini tələb edərək onu hər dəfə zaldan çıxartdırıb. Sefilyan bu tələbi yerinə yetirməkdən imtina edərək, bununla məhkəmə sisteminə münasibatini ifadə edib.
Vəkillərin və hüquq müdafiəçilərinin dəyərləndirməsinə görə, bütün məhkəmə prosesi kobud pozuntularla müşayiət olunub. Hakim Tatevik Qriqoryan yalnız müttəhim və onun vəkilinə qarşı deyil, həm də Sefilyanın məhkəmə istintaqında iştirak edən tərəfdaşlarına qarşı da sanksiyalar tətbiq edib.
Jirayr Sefilyanın vəkili Araik Papikyan bildirib:
“Bu, məhkəmə istintaqı deyildi, açıq siyasi sifariş və haqq-hesab çəkmək idi. Martın 20-i ədalət mühakiməsinin ölüm günü kimi qeyd olunmalıdır, bu gün məhkəmə binaları üzərində bayraqları endirib, onların yerinə qara lent bağlamaq lazımdır. Bu gün tarixdə qalacaq, amma siyasi hakimiyyətin buna görə cavab verəcəyi zaman da gəlib çatacaq”.
Jirayr Sefilyanın özü daha əvvəl bildirmişdi ki, bu, araşdırma deyil, ona qarşı qisas, siyasi təqib və səhnələşdirilmiş tamaşadır.
JAMnews vaxtilə 2016-cı il iyulun 17-də silahlı insanlardan ibarət qrupun Jirayr Sefilyanın azad edilməsi tələbi ilə polisin post-patrul xidməti alayının ərazisini ələ keçirdiyi haqda xəbər vermişdi.
Sefilyanın tərəfdaşları onun gətirilməsini tələb edir və bildirirdilər ki, yalnız onun əmrlərini yerinə yetirməyə hazırdırlar. Bundan başqa, qrup üzvləri prezident Serj Sarqsyanın istefasını tələb edirdi. Bu tələbi əhalinin bir hissəsi də dəstəklədi və paralel olaraq etiraz aksiyaları başladı.
İki həftə sonra silahlı qrup üzvləri polislə qarşıdurma yaratmamaq və “rejimə o qədər də aidiyyatı olmayan” insanların qanını tökməmək üçün “hərbi əsir” statusunda təslim olduqlarını bildirdilər. Polisin PPX alayının ələ keçirilməsi işi üzrə məhkəmə istintaqı davam edir.