Bu gün Ermənistanda ölkə müstəqilliyinin 26 illiyi qeyd olunur. 1991-ci il sentyabrın 21-də referendum nəticələrinə görə Ermənistanda tarixi qərar qəbul edilib – ölkə müstəqillik yolunu seçib.
Bülletenlərdə ancaq bir sual vardı: “Siz Ermənistan Respublikasının müstəqil, demokratik respublika olmasına və Sovet İttifaqının tərkibindən çıxmasına razısınızmı?” Vətəndaşların təqribən 99 faizi “hə” cavabını verdi.
Referendumda 2 milyon 163 min 967 nəfər səs hüququ olan vətəndaşın 95,5 faizi referendumda iştirak edirdi. Səs verənlərin yalnız 0,46 faizi müstəqilliyin əleyhinə idi. Referendumdan iki gün sonra Ali Şura Ermənistanın müstəqilliyini elan etdi. 1995-ci il iyulun 5-də yenə də referendum nəticələrinə əsasən müstəqil Ermənistanın ilk konstitusiyası qəbul olundu.
Ermənistanın 26 illik müstəqilliyi müddətində ölkədə nailiyyətlər də qeydə alınıb, müəyyən itkilər də yaşanıb. Bayram ötən illəri dəyərləndirmək üçün bir fürsət olub.
“Müstəqillik həm zərurətdir, həm də birlikdə sona qədər çəkməli olduğumuz böyük zəhmətdir. Biz anındaca nəticə gözləyirik, ölkəmizin harada yerləşdiyini, qonşularımızın kim olduğun, tariximizi unuduruq. Problem çoxdur, amma ölkəmiz nə qədər kiçik olsa da, məlum olur ki, dünya üçün əhəmiyyətimiz var”, – yazıçı və dramaturq Qurgen Xancyan yazıb.
Yazıçı, dramaturq və kinoşünas David Muradyan qeyd edib ki, son 26 ilin ən böyük nailiyyəti müstəqillik nəslidir. “Bu cür nəsil olduğu müddətcə Ermənistanın müstəqilliyinin təməli möhkəm olacaq. Müstəqillik nəsli bu təməli öz əəməyi, öz ailələri, öz şəxsi insani nailiyyətləri ilə möhkəmləndirəcək. Bu nəsil daha əvvəlkilərdən fərqlənir və bu nəsil doğulduğu ölkəni gücləndirəcək”, – Muuradyan qeyd edib.
Bir il əvvəl, müstəqilliyin 25 illiyində JAMnews ölkə müstəqilliyinin yaşıdlarını təqdim etmişdi.