Ermənistan hökuməti dolu əleyhinə torların istehsalına kömək edəcək
Ermənistanda dolu yenə də ərik, gavalı, alma və tərəvəz məhsulunu vurub. Dolu yarım saat davam edib, ilkin məlumata görə, bu il baş verən ən güclü dolu olub və kəndlilərin məhsuluna böyük zərər yetirib. Ziyanın dəqiq həcmi dəyərləndirilməlidir. Fəlakət episentrinə – Armavir vilayətinə əməliyyat qrupu yollanıb.
Dolu əleyhinə stansiyalar növbəti dəfə bəlli olmayan səbəbdən işə yaramayıb. Kənd Təsərrüfatı Nazirliyi etiraf edib ki, stansiya tam gücü ilə çalışmayıb:
“Dolu əleyhinə stansiyalar işləyib, amma istədiyimiz gücdə yox”.
Ən çox Ermənistanın Armavir vilayətindəki təsərrüfatlar doludan ziyan çəkir, baxmayaraq ki, burada 150-dən çox dolu əleyhinə qurğu quraşdırılıb. Əvvəlki hökumət artıq onların səmərəsiz olduğunu anlamışdı və doludan qorunmağın başqa variantlarını tapmağa çalışırdı. Dolu əleyhinə torların tətbiq olunmasının vacibliyi haqda danışılırdı. Amma bu torlar kəndlilərə çox baha başa gəlirdi və əksəriyyət məhsulu qorumağın bu metodundan imtina etdi.
Nikol Paşinyanın rəhbərliyi altında yeni Nazirlər Kabineti keçirdiyi ilk iclasdaca Armavir vilayətinin sakinlərinə necə kömək etmək və dolunun vurduğu ziyanı necə kompensasiya etmək məsələsini müzakirə edib.
Bu gün Ermənistanın Nazirlər Kabineti “VABA” şirkəti üçün avadanlığın ölkəyə gətirilməsinə əlavə gəlir vergisini üç il müddətinə təxirə salıb. Struktur Ermənistanda dolu əleyhinə torlar istehsal edəcək, bunun üçün Vanadzor şəhərində zavod inşa etmək niyyətindədir.
Ermənistanın iqtisadi inkişaf və investisiya naziri Artsvik Minasyan qeyd edib ki, bütün istehsalat Ermənistanda təşkil olunacaq:
“Şirkət bu layihəyə 2,25 milyard dram (4,6 milyon dollar) sərmayə yatırır. Nəticədə orta aylıq əməkhaqqı 320 min dram (660 dollar) olan 24 iş yeri yaradılacaq”.
Nazir onu da qeyd edib ki, nəticədə Ermənistanda dolu əleyhinə torların qiyməti ucuzlaşacaq.
Amma yenə də fermerlərin çoxu hesab edir ki, bu sisten doludan müdafiə problemini tam çözməyə qadir deyil.
Sarkis Mikaelyan Alaşkert icmasınndakı 5 hektarlıq üzümlüyünü dolu əleyhinə torla örtüb. Buna o, 2,5 milyon dram (5200 dollar) sərf edib. İndi fermer yerdə qalan 9 hektarlıq sahəni də daha ucuz qiymətə qorumağa şad olacaq.
Mikaelyan hesab edir ki, torlar doludan daha səmərəli müdafiə edir. Amma o da digər armavirlilər kimi bildirir ki, bu metodu yalnız üzümlük və gənc, alçaq ağaclar üçün tətbiq etmək olar. Böyük ərik və ya gilas ağaclarını torla örtmək mümkün deyil – onların hündürlüyü 6-7 metr olur.
Ötən hökumət kəndlilərə ağacların xırda sortlarını yetişdirməyi tövsiyə edirdi. Fermerlər isə bu təklifdən qəti imtina etmişdilər. Məsələn, Arqina kəndinin sakini Ripsime Avetisyan belə deyir:
“Mən xırda ağaclar əkmək üçün öz bağımı məhv edə və 5-7 il məhsul gözləyə bilmərəm. Daha bu işə nə qədər vəsait xərcləməli olacağımı demirəm”.
Odur ki, kəndlilər yeni hökumətdən başqa yeni təkliflər gözləyəcəklər.