Ermənistan-Azərbaycan arasında təhlükəsiz kommunikasiya mübahisəsi: Haqlı tərəf hansıdır?
Azərbaycan-Ermənistan arasında kommunikasiya qalmaqalı
Dünən, martın 4-də Armenpress saytında Ermənistanın Baş Naziri Nikol Paşinyanın məqaləsi yayımlanıb. Məqalədə regional kommunikasiyalar, ikitərəfli öhdəliklər, tranzit təhlükəsizliyi kimi bir sıra məsələlərə toxunulub.
Paşinyan bildirib ki, Azərbaycanda regional kommunikasiyalar məsələsi tez-tez gərginlik yaradan əsas mövzudur. Ermənistan ilə Azərbaycan arasında bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması öhdəlik götürülməsinə baxmayaraq, hazırda Azərbaycanda Ermənistana açıq bir yol belə yoxdur.
“Halbuki, Ermənistanda yollar Azərbaycana açıqdır. 2022-ci ildə Ermənistan hökuməti üç sərhəd-keçid məntəqəsinin açılması barədə təklif irəli sürdü, lakin bu, Azərbaycan tərəfindən rədd edildi. Hazırda Ermənistanda tranzit yük daşımaları üçün fiziki infrastruktur mövcuddur və Ermənistan tranzit təhlükəsizliyini təmin etməyə hazırdır. Azərbaycan isə bu təklifləri rədd edir”.
O qeyd edib ki, Ermənistan heç bir yazılı və ya şifahi öhdəlik qəbul etməyib və öz suverenliyinin, yurisdiksiyasının və ərazi bütövlüyünün məhdudlaşdırılmasına razılaşmadığını bəyan edir. Üstəlik, Zəngilan-Mehri-Ordubad və Yerasx-Ordubad-Mehri dəmir yolu yük daşımaları üçün yollar təklif olunub.
“Ermənistan qarşılıqlı anlaşmaya əsasən tranzit prosedurlarının sadələşdirilməsi və avtomatlaşdırılmış mexanizmlərin tətbiqinə razıdır. Bütün regional iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması üçün yalnız Azərbaycanın razılığı lazımdır”, – Paşinyan belə deyib.
Baş nazir onun hökumətinin yükdaşımaların təhlükəsizliyini təmin etməyə hazır olduğunu da dilə gətirib:
“Amma əgər Azərbaycan sürücüləri üçün psixoloji çətinliklər varsa, bu yükdaşımalar Türkiyə yük avtomobilləri ilə təşkil oluna bilər. Çünki bu avtomobillər həmişə səyahət edib və hazırda Ermənistan yollarında çox fəal şəkildə hərəkət edirlər”.
Azərbaycan Xarici İşlər Nazirliyi Paşinyana cavab verib.
XİN-nin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərindən boyun qaçırmamalı və bölgədəki yeni reallıqlara uyğun şəkildə kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atmalıdır.
“30 ilə yaxın bir müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərini işğal altında saxlamış, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının blokadaya düşməsinə səbəb olmuş Ermənistanın 44 günlük Vətən müharibəsindən sonrakı dörd ildə də kommunikasiyaların açılması üzrə real danışıqlar prosesinə müsbət töhfə vermədiyi hər kəsə məlumdur”.
Nazirlik sözçüsü deyib ki, Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları indiyə qədər yerinə yetirməyib.
“Ümumilikdə, Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan, icrası çətin və praktiki cəhətdən uzun marşrutlar üzrə təkliflər irəli sürməsi diqqəti prosesdən və öhdəliklərindən yayındırmaq məqsədi daşıyır”.
JamNews alternativ fikirləri öyrənməyə çalışıb.
“Paşinyanın məqaləsində dedikləri Rusiyaya ünvanlanıb”
Respublikaçı Alternativ Partiyasının sədri Natiq Cəfərli deyir ki, kommunikasiyaların açılması və sülh sazişinin imzalanmasında Azərbaycan və Ermənistanla yanaşı maraqlı tərəf qismində Rusiyanın da təsirləri mövcuddur. Onun sözlərinə görə, Azərbaycanın tələbləri yolun işlədilməsinin necə olacağı ilə bağlı nəzərdə tutulan qaydaları əhatə edir və tam haqlı tələblərdir. Azərbaycandan Azərbaycana, yəni Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına gedən yüklər tranzit üsulu ilə keçməli və yoxlanılmamalıdır.

“Paşinyanın məqaləsində dediyi fikirlər təkcə Azərbaycana deyil, həmçinin beynəlxalq ictimaiyyətə, o cümlədən, Rusiyaya ünvanlanıb. Çünki əsas problem yola nəzarətdir. Rusiya hələ də israr edir ki, yol açılacaqsa, mənim nəzarətimdə olmalıdır. Azərbaycan tərəfi diplomatik kanallarla çatdırmağa çalışır ki, Ermənistan kommunikasiyalar məsələsini Rusiyayla həll etməlidir”.
Partiya sədri deyir ki, sülh sazişi və kommunikasiyalar məsələsini ayrı-ayrılıqda müzakirə edildiyi ilə bağlı Azərbaycan tərəfinin bəyanı da mövcuddur. Bunun səbəbi hər iki məsələnin həllində maneələrin yaranmamasıdır. Azərbaycan diplomatik yollarla, əlindən gələn normal və pozitiv münasibətini göstərib.
“Azərbaycanın təhlükəsizlik təminatı ilə bağlı narahatlıqları həll olunmalıdır, əks halda…”
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elman Nəsirov deyir ki, sülh müqaviləsində qeyd olunan razılaşdırılmamış iki bəndin həll olunması ilə bağlı Ermənistan tərəfi real addımlar atmır.
“Üçüncü dövlətin Ermənistan-Azərbaycan sərhəddində mövcudluğunun olmaması, ona icazə verilməməsi də razılaşdırılmamış qalır. Bir az da açıq desək, Avropa ittifaqının “mülki missiyasının” bu ərazidə yerləşdirilməməsi. Bundan savayı, sülh müqaviləsində öz əksini tapmayan, ancaq Azərbaycanın Ermənistan qarşısında qoyduğu digər tələblər də var, onlardan biri odur ki, ATƏT-in Minsk qrupu hüquqi baxımdan da buraxılmalıdır. Ermənistanın baş naziri son zamanlar bu ideyanı dəstəklədiyini desə də heç bir real addım atmır, ancaq sözdə dəstəkləyir”.

Deputatın sözlərinə görə, eyni zamanda Azərbaycanın Ermənistan qarşısında əsas tələblərindən biri də odur ki, konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarında imtina etsin. O bildirir ki, Ermənistan Baş naziri 2018-ci ildən hakimiyyətə gələndən konstitusiyada dəyişikliklər və yeni konstitusiyanın qəbulundan bəhs edir. İndi də Ermənistan dövləti yeni konstitusuya qəbul etmək istəyir və yəqin ki, onu qəbul edəcəyi təqdirdə Azərbaycana qarşı ərazi iddialarının olmayacağına dair ümidləri böyükdür:
“Ancaq nə zaman bu baş verəcək, nə vaxt referenduma gedəcək və nəzərə alsaq ki, gələn il Ermənistanda parlament seçkiləridir, bu, ən yaxşı halda 2027-ci ilə təsadüf edə bilər. Bu, həm də o deməkdir ki, Ermənistanın Baş naziri sülhdən danışsa da ən azı 2027-ci ilə qədər sülh müqaviləsini imzalamaq niyyəti yoxdur. Birincisi ona görə yoxdur ki, Azərbaycanın tələblərindən biri odur ki, üçüncü tərəf Azərbaycan-Ermənistan sərhədində olmamalıdır, amma Ermənistan Avropa İttifaqının bu “mülki missiyası”nın müddətini 2027-ci il fevralın 19-na qədər uzatdı. Deməli Azərbaycanın ən mühüm şərtlərindən birindən imtina etdi”.
Deputat söyləyir ki, belə olan vəziyyətdə Ermənistan Baş nazirinin ən azı 2027-ci ilə qədər siyasi manipulyasiya ilə məşğul olmaq, beynəlxalq ictimaiyyətin gözünə kül üfürmək və güya sülh müqaviləsi imzalamaqda maraqlı olmasının fonunu yaradıb, bu istiqamətdə heç bir addım atmamaqdan savayı niyyəti yoxdur.
“Zəngəzur dəhlizi məsələsində də Azərbaycanın prinsipial mövqeyi var. Biz mütləq Zəngəzur dəhlizinin salınmasını təmin edəcəyik. Baxmayaraq ki, alternativimiz də var, İran ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsi yarada bilərik, amma biz niyə bunu etməliyik? Biz, Ermənistanın ərazisindən keçməklə bunu təmin etməliyik. Bunun geci-tezi var və mütləq Ermənistan buna razı olmalıdır. Zəngəzur dəhlizinin açılması Ermənistanın özünə də düşdüyü iqtisadi blokada vəziyyyətindən çıxmaq üçün hava, su kimi lazımdır. Azərbaycan dövlətinin mövqeyi odur ki, Zəngəzur dəhlizində biz heç bir maneə ilə üzləşməməli, heç bir halda orda gömrük məntəqəsi olmamalıdır, Azərbaycanın yükləri yoxlanmadan keçməməlidir. Azərbaycandan-Azərbaycana keçid maneəsiz təmin edilməlidir. Bu, Azərbaycan Prezidentinin prinsipial mövqeyidir”.
E.Nəsirov deyir ki, Ermənistan bunun əksini fikirləşir və eyni zamanda təhlükəsizlik məsələləri ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.
“Söhbət 10 noyabr sənədindən gedir. Həmin sənədə görə, Paşinyan da öz imzasını qoyub və qeyd edilib ki, Zəngəzur dəhlizində təhlükəsizlik məsələlərini Rusiyanın qoşunları həyata keçirməlidir. Paşinyan isə bunu inkar edir. Halbuki, özünün imzası var. Ermənistanın polisi və ya təhlükəsizlik qüvvələrinin bu yolun təhlükəsizliyini təmin etməsi isə bizi qane etmir. Bizim mövqeyimiz prinsipial mövqedir, Ermənistan onu nəzərə almalıdır, əks halda sülh müqaviləsinin imzalanması müşkül məsələyə çevrilir, Azərbaycanla kommunikasiya əlaqələri bərpa olunmur, Türkiyə ilə sərhədləri bağlı qalır. Burda uduzan da ilk növbədə Ermənistandır”.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib. Nəticədə, Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib. Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb və bu qərarı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndidə çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini və münaqişənin sona çatdığını bildirib.
Hal-hazırda Qarabağda separatçıların “prezidenti” olmuş Arkadi Gukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, sabiq “xarici işlər naziri” Davit Babayan, “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan və David Manukyan da daxil olmaqla 14 nəfər Azərbaycanda həbsdədir və Bakıda onların məhkəmə prosesi keçirilir.
Azərbaycanla Ermənistan arasında isə hələ də sülh müqaviləsi imzalanmayıb.