Ermənistan. “1 mart” hadisələrindən 10 il keçsə də, etiraz aksiyasının on iştirakçısının qətli hələ də açılmayıb
10 il əvvəl, martın 1-də Yerevanın mərkəzi küçələrində baş verən hadisələr nəticəsində10 nəfər həlak olub.
2008-ci il fevralın 19-də keçirilən prezident seçkilərindən sonra Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi blokun tərəfdarları seçki nəticələrinin yenidən nəzərdən keçirilməsi tələbi ilə Azadlıq meydanında toplaşıblar.
10 gün sərasər minlərlə insan meydanı tərk etmədən bütün sutka davam edən nümayişlərdə iştirak ediblər. Onlar bildirirdilər ki, seçki zamanı əslində hazırkı prezident Serj Sarqsyan yox, Levon Ter-Petrosyan qalib gəlib.
Martın 1-də səhər erkəndən etiraz aksiyası iştirakçıları zorla Azadlıq meydanından dağıdılıb. Daha sonra şəhərin digər hissəsində – Myasnikyan abidəsinin yaxınlığında 10 nəfər nümayişçi öldürülüb.
Bu hadisələrdən 10 il sonra hüquq müdafiəçiləri və müxalifətçilər xatırladırlar ki, cinayətin günahkarları aşkarlanmayıb və cəzalarını çəkməyiblər, bununla da nümayişçilərə atəş açmaq əmrini verənləri nəzərdə tuturlar.
Baş prokuror Artur Davtyan bununla bağlı deyib: “1 mart işi çox mürəkkəbdir”. Səlahiyyət müddəti 2008-ci ildə bitən Ermənistanın keçmiş prezidenti Robert Koçaryan isə qanlı olaylardan dərhal sonra bəyan edib ki, bu, sadə işdir və adi “sahə müvəkkili” də bu işin açılmasının öhdəsindən gələ bilər.
Baş prokuror bildirib ki, on vətəndaşın ölümü ilə bağlı istintaq bitməyib, bu heç mümkün də deyil. Amma o, istintaqın nəticəyə yaxınlaşıb-yaxınlaşmaması ilə bağlı bir söz deməyib.
Martın 1-də xüsusi “Çeryomuxa-7” maddəsinin tətbiqi nəticəsində həlak olan Qora Kloyanın atası Sarqis Kloyan bildirib ki, son dəfə onu işi araşdıran Xüsusi İstintaq Xidmətinə üç il əvvəl çağırıblar.
“İş onların şkaflarında beləcə tozlanır. Prokuror hər dəfə eyni şeyi deyir ki, hər şeyi edəcəyik, amma niyə keçən on il müddətində heç nə eləməyiblər? Özləri özlərini mühakimə etməyəcəklər ki. Yeni qüvvələr gəlsə, hakimiyyət dəyişikliyi baş versə, əminəm ki, işin üstü açılacaq”, – Sarqis Kloyan deyir.
Müxalifət də hesab edir ki, “1 mart” hadisələri yalnız hakimiyyət dəyişikliyindən sonra açıla bilər.
“Guya caniləri tapmaq istəyən bugünkü hakimiyyət blef edir. Bu, növbəti oyun və tətbiq etmək istədikləri fənddir. Hakimiyyətin siyasi sənəd qəbul edəcəyinə, özü özünü martın 1-də baş verən cinayətdə təqsirləndirəcəyinə, martın 1-də qətlin iştirakçısı və təşkilatçısı olmuş öz üzvlərini ifşa edəcəyinə inanacaq qədər sadəlövh olmayın. Onlar problemin həllini bir az da uzada, vədlər verə bilərlər, amma bu blefdir”, – Ermənistan Milli Konqresi partiyasının vitse-prezidenti, birinci Ermənistan prezidenti Levon Ger-Petrosyanın tərəfdaşlarından biri Aram Manukyan hesab edir.
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts bildirib ki, 1 mart hadisələri dövlət səviyyəsində terror təzahürüdür.
O vurğulayıb ki, hakimiyyət baş verənləri kütləvi iğtişaş adlandırıb, halbuki, hakimiyyət xalqa qarşı kütləvi zorakılıq tətbiq edib:
“Hakimiyyətin zor tətbiq etdiyi haqda şahid ifadələri var”.
Bu gün martın 1-də həlak olanların ruhuna dua oxunub. Hüquq müdafiəçisi, keçmiş deputat Zauri Postancyan Milli Təhlükəsizlik Xidmətinin binasının qarşısında etiraz aksiyası keçirərək, cinayətin çözülməsini və günahkarların cəzalandırılmasını tələb edib. Levon Ter-Petrosyanın tərəfdarları da nümayişdə eyni tələblə çıxış ediblər.