“Çiçəklənən Ermənistan” partiyasının lideri, Ermənistanın ən varlı adamlarından biri olan Qaqik Tsarukyan Yerevan Ağsaqqallar Şurasına keçiriləcək seçkilərdə seçiciləri satın almaq niyyətində deyil. Tsarukyan bəyan edib ki, rüşvət payladığı ortaya çıxarsa, ən ağır cəzanı çəkməyə hazırdır.
“Niyə mən pul paylamalıyam? Öz namizədimi – Naira Zohrabyanı mer eləyib, sonra bundan pul qazanmaq üçün? Mən öz vəsaitlərimi təqdim etməyə hazıram ki, o, layihələr həyata keçirsin. Eyni zamanda da zibilin daşınması ilə bağlı məsələni həll etməsi üçün”, – Tsarukyan deyib.
Seçki ərəfəsində o da digər Ermənistan vətəndaşları kimi xeyriyyəçiliklə məşğul ola bilməyəcək. Daha əvvəlki seçkilər zamanı müxtəlif səviyyələrdə çoxları “Çiçəklənən Ermənistan” partiyasını mesenatlıq adı altında seçiciləri satın almaqda günahlandırıb.
Oliqarx bu bəyanatı Ermənistan Milli Məclisi seçkqabağı rüşvət hallarının kriminallaşdırılması ilə bağlı hökumətin təklif etdiyi qanunvericiliyə dəyişiklik paketini yekdilliklə qəbul edəndən sonra səsləndirib. İndən belə yalnız rüşvət paylayan yox, rüşvət alanlar da cinayət məsuliyyəti daşıyacaq.
Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, ədalətinə heç kimdə şübhə yaranmayacaq “mükəmməl” seçki keçirmək niyyətindədir.
Sentyabrın 23-də Ağsaqqallar Şurasına keçiriləcək seçki ərəfəsində Ermənistan Parlamenti qanunvericiliyə dəyişikliklər paketini tələsik qəbul edib.