“Ermənistanın təhlükəsizlik zəmanətçisi bizi qırğına apardı” — Nikol Paşinyan
Ermənistanda sülhün zəmanətçisi barədə mübahisələr
Ermənistanda parlament seçkiləri ərəfəsində hakimiyyətlə müxalifət arasında debatlar aktivləşib. Bu günlərdə ən çox müzakirə olunan mövzu sülh zəmanətləridir. Hakim “Vətəndaş Müqaviləsi” partiyası Ermənistan və Azərbaycan arasında sülhün artıq bərqərar olduğunu iddia edir. Müxalifət isə bu bəyanatları təbliğat hesab edir və uzunmüddətli sülh üçün “zəmanətçilərin” zəruri olduğunu bildirir.
“Son günlər müxalifət dairələrimiz ‘zəmanət maniyasına’ tutulub. Əvvəllər ümumiyyətlə sülhün bərqərar olduğunu qəbul etmirdilər. İndi isə sülhdən danışırlar, amma zəmanətçilərlə”, — deyə xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib.
Bununla yanaşı, baş nazir Nikol Paşinyan xatırladıb ki, Ermənistanın vaxtilə ölkəni “edama aparmağa” çalışan bir zəmanətçisi olub.
“2020-ci ildə bizim təhlükəsizlik zəmanətçimiz vardımı? Var idi. Zəmanətçi kim idi? Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı. Və bu təşkilat bizi qırğına apardı”, — deyə Paşinyan bildirib.
Ermənistan Rusiyanın rəhbərliyi altında fəaliyyət göstərən KTMT hərbi blokunun üzvüdür. Yerevan artıq uzun müddətdir ki, təşkilatdakı üzvlüyünü dondurub, baxmayaraq ki, nizamnamədə belə imkan nəzərdə tutulmayıb. Blokun fəaliyyətində iştirak 2021–2022-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın suveren ərazisinə daxil olmasından sonra Yerevanın müttəfiqlərə yardım üçün müraciət etməsinə baxmayaraq, cavab ala bilməməsi səbəbindən dayandırılıb. KTMT isə cavabında Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiya olunmadığını bildirib.
“Ermənistanla Azərbaycan arasında sərhədin olmadığını demək KTMT-nin də olmadığı deməkdir. Çünki KTMT-nin məsuliyyət zonası sərhədlərlə müəyyən olunur. Əgər sərhəd yoxdursa, məsuliyyət zonası da yoxdur. Məsuliyyət zonası yoxdursa, təşkilat da yoxdur”, — deyə Ermənistanın baş naziri cavab verib.
Hakimiyyətin və müxalifətin zəmanətli sülhə baxışları.
- “Sülh möhkəmlənir”: erməni və azərbaycanlı ekspertlərin üçüncü görüşünün yekunları
- “Ermənistan sıxışdırılıb çıxarıldığı areala qayıdır”: Sülh Şurasına üzvlük barədə fikirlər
- “Ermənistan ordusu ən müasir texnika ilə silahlanmanı davam etdirəcək” – müdafiə naziri
Müxalifət “güclü dövlətlərin” təmin etdiyi sülhdən danışır
Parlament seçkilərində iştirak etməyi planlaşdıran siyasi qüvvələr “sülh zəmanətçiləri”nin zəruriliyi ideyasını fəal şəkildə irəli sürməyə başlayıblar.
“Ermənistan” blokunun lideri, sabiq prezident Robert Koçaryanın sözlərinə görə, Ermənistan və Azərbaycan tərəfindən paraflanmış sülh sazişi “heç bir hüquqi bazaya malik deyil”.
“Biz zəmanətli sülhdən danışırdıq. Bu isə beynəlxalq zəmanətlərin və zəmanətçi dövlətlərin mövcudluğu deməkdir”, — deyə o bildirib.
Koçaryanın sözlərinə görə, sülh “bir nəfərin xoş niyyətindən”, yəni Azərbaycan prezidenti İlham Əliyevdən asılı ola bilməz.
Sabiq prezident iddia edir ki, hakimiyyətin “sülh təbliğatı” populizmdir. Onun fikrincə, Nikol Paşinyan zəmanətçilərdən imtina edir, çünki bu halda sülh onun adı ilə əlaqələndirilməyəcək.
“Güclü Ermənistan” partiyası da “zəmanətli sülh”ün tərəfdarıdır. Partiyanın lideri rusiyalı dollar milyarderi Samvel Karapetyandır. O, hakimiyyətin ələ keçirilməsinə çağırış ittihamı ilə ev dustaqlığındadır. Onun qardaşı oğlu, “Güclü Ermənistan”ın siyasi şurasının üzvü Narek Karapetyanın sözlərinə görə, sənəd bir və ya bir neçə zəmanətçi olmadan heç bir dəyərə malik olmayacaq:
“Bu, Ermənistanda uzunmüddətli sülhün təmin olunmasının yeganə yoludur”.
“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan jurnalistlərə bildirib ki, sülh formal ola bilməz.
“Azərbaycanlılar Ermənistan ərazisində möhkəmlənib, mövqelər qurublar. Belə olan halda hansı sülhdən danışırıq? Bütün ilkin şərtlər mövcuddur, biz 3, 4, 5 güclü dövlətlə razılaşmalıyıq. Bizə əlaqələr, tanışlıqlar, münasibətlər lazımdır ki, zəmanətli sülh olsun, hətta ərazimizdən milçək belə uça bilməsin”, — deyə Tsarukyan konkret ölkələrin adını çəkmədən vurğulayıb.
“Ermənistan vətəndaşı özü özünün zəmanətçisidir” — Paşinyan
Baş nazir parlament tribunasından müxalifətin bəyanatlarına cavab verib:
“Bilirsiniz, Ukraynanın təhlükəsizlik zəmanətçisi kimdir? Bu Rusiyadır. Bilirsiniz, Kiprin təhlükəsizlik zəmanətçisi kimdir? Bu Türkiyədir. Beynəlxalq sənədlərə əsasən, Türkiyə müəyyən rol oynayıb”.
Paşinyan xatırladıb ki, Ermənistanın təhlükəsizlik zəmanətçisi KTMT bloku olub və bu blok 2020-ci ildə ölkəni qırğına aparıb:
“İndi isə bizi qırğına aparan yoldan döndüyümüz zaman deyirlər: ‘Hara gedirsiniz? Bir dəqiqə gözləyin’”.
Paşinyanın sözlərinə görə, Ermənistanın təhlükəsizliyinin zəmanətçisi KTMT olduğu dövrdə ölkə “dana statusunda” idi:
“Zəmanətçi odur ki, dananın boynuna ip salıb və ona hətta nə vaxt qurban olacağına qərar vermək hüququnun belə olmadığını ‘zəmanət edir’. O, yalnız zəmanətçi istədiyi zaman, ‘səni kəsməyin vaxtıdır’ deyəndə qurban ola bilər”.
Baş nazir bildirib ki, indi Ermənistan belə vəziyyətdə deyil və sülhün və təhlükəsizliyin zəmanətçisi ölkənin vətəndaşlarıdır.
“Zəmanətçi kiminsə qara qaşına, qara gözünə olmur” — XİN rəhbəri
Xarici işlər naziri Ararat Mirzoyan vurğulayıb ki, beynəlxalq münasibətlərdə zəmanətçi həmişə öz maraqlarını rəhbər tutur:
“Soyuq hesablamaların hökm sürdüyü dünyada heç kim kiminsə qara qaşına, qara gözünə görə zəmanətçi olmur, öz əsgərlərinin qanını tökmür, xərc çəkmir”.
Mirzoyanın sözlərinə görə, tarixdə hətta zəmanətlə təmin olunmuş və imzalanmış sazişlərin belə pozulduğu, bəzən isə bunu məhz zəmanətçilərin etdiyi çoxsaylı nümunələr var.
Nazirin fikrincə, Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülh gərgin regional şəraitdə öz dayanıqlığını sübut edib.
“Sülh yalnız hər iki tərəf üçün faydalı olduğu müddətdə davam edə bilər”, — deyə o əlavə edib.
Bununla əlaqədar olaraq, XİN rəhbərinin sözlərinə görə, Yerevanın məqsədi Bakı ilə qarşılıqlı faydalı əməkdaşlıq sistemini formalaşdırmaqdır. Bu isə öz növbəsində uzunmüddətli sülhün qorunmasına töhfə verəcək.
Ermənistanda sülhün zəmanətçisi barədə mübahisələr