Ermənistanın Respublikaçılar Partiyası parlamentdəki mütləq çoxluğu itirib
Uzun illərdir Ermənistanda iqtidarda olan Respublikaçılar Partiyası (ERP) bu gün parlamentdəki çoxluqdan və qanun layihələrini yekdilliklə təsdiqləmək və ya rədd etmək imkanından məhrum olub. Bu, tanınmış oliqarx, deputat Samvel Aleksanyan Respublikaçılar Partiyasını tərk etdiyini açıqlayandan sonra baş verib.
Aleksanyan son bir ay ərzində ERP sıralarını tərk edən altıncı parlament üzvüdür. Hazırda fraksiyanın ixtiyarında 105 mandatdan 52-si qalıb.
Samvel Aleksanyan öz qərarını şərh etməkdən imtina edib. Onun əvəzinə Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan bildirib ki, məxməri inqilab həyata keçirib, ERP iqtidarını əvəz edən yeni hakimiyyətin siyasi təqibləri nəticəsində deputatlar bundan sonra da fraksiya sıralarını tərk edəcəklər.
“Bu gün siyasi təqibləri ədalət mühakiməsi ilə maskalamağa çalışırlar. Amma mən xüsusilə qeyd etmək istəyirəm ki, ədalət mühakiməsində ayrıseçkilik müşahidə olunur. Və bu prinsipin tətbiqi inqilab zamanı səsləndirilən hədəflərin reallaşdırılmasına şərait yaratmır”.
Uzun illər Respublikaçılar Partiyasının üzvü olan iri biznes nümayəndələri Milli Təhlükəsizlik Xidməti tərəfindən onlara məxsus şirkətlərdə təftiş aparılandan sonra partiya sıralarını tərk etməyə başlayıblar. Məsələn, Samvel Aleksanyana məxsus “Yerevan Siti” super-marteklər şəbəkəsində təftiş zamanı MTX 16 milyard dram (8 milyon dollar) həcmində vergi maxinasiyası aşkarlayıb.