Ermənistanın Milli Qalereyası dövlət müəssisələrinə müvəqqəti verilmiş yüzlərlə eksponatı geri tələb edir
Ermənistan Milli Qalereyası dövlət strukturlarından muzey tərəfindən onlara müvəqqəti əsasda verilən yüzlərlə dəyərli rəsm əsərini geri qaytarmalarını tələb edir. Qalereya rəhbəri Armen Tsaturyan bildirir ki, onlar rəsmləri qanunsuz olaraq saxlayırlar.
Rəsmlərin müxtəlif dövlət müəssisələrinə təqdim olunması ilə bağlı 26 müqavilənin müddəti bitib.
“Rəsmlər maksimum 3 il müddətinə təqdim olunur. Müddəti çoxdaan bitmiş müqavilələr var. Mədəniyyət Nazirliyi də çoxdan onların geri qaytarılmasını tələb etməli idi”, – Milli Qalereyanın direktoru bildirib.
Bu məsələ üzrə Armen Tsaturyan dəfələrlə əvvəlki mədəniyyət nazirlərinə müraciət edib. Amma rəsmlər qalereyaya geri qaytarılmayıb.
Direktorun müraciətinə yalnız hazırkı mədəniyyət naziri Lilit Makunts cavab verib. O, artıq Mədəniyyət Nazirliyində olan rəsmləri qaytarıb, həmçinin digər strukturların rəhbərliklərinə də eyni çağırışla müraciət edib. Nazirliyin bəyanatında deyilir: rəsmlər dərhal qaytarılmalıdır, əks halda məsələnin həlli ilə hüquq mühafizə orqanları məşğul olacaq.
Hələlik bu çağırışa yalnız Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq cavab verib.
Yeri gəlmişkən, Milli Qalereyanın rəsmlərinin ən çoxu FHN-də olub. Burada 94 rəsm əsəri saxlanılırmış. Qalereyanın ən dəyərli eksponatları isə baş nazir iqamətgahında, hökumət binasında və parlamentdədir.
“Müəyyən edilmiş qayda var, buna əsasən, orada saxlanıla bilərlər, amma qaytarmaq qərarı alınarsa, biz yalnız şad olarıq”, – qalereya direktoru bildirib.