Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qardaşı oğlu sui-qəsd cəhdində şübhəli bilinir
Ermənistanın hüquq-mühafizə orqanları 11 il bundan əvvəlki cinayət işinin istintaqına yenidən başlayıblar. Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın qardaşı oğlu Ayk Sarqsyan sui-qəsd cəhdində şübhəli bilinir.
İstintaq Komitəsi insidentin təfərrüatları barədə məlumat verir. 1 aprel 2007-ci il tarixində polis şöbəsinə Yerevan sakini David Simonyanın xəstəxanaya yerləşdirilməsi haqda məlumat verilib. Həmin gün polis şöbəsinə Yerevanın başqa bir sakini Artur Qevondyan gələrək, silah təhvil verib və onu tapdığını, ehtiyatsız davranması nəticəsində də dostu David Simonyana atəş açdığını bildirib.
Cinayət işi açılsa da, şikayətin olmaması və tərəflərin barışması səbəbindən bağlanıb.
11 sonra Ermənistanın baş prokuroru yeni, əvvəllər məlum olmayan məlumatların aşkar edilməsi səbəbindən cinayət işinə yenidən baxmaq qərarını verir. O cümlədən məlum olub ki, zərərçəkənə Artur Qevondyan deyil, Serj Sarqsyanın doğma qardaşı oğlu Ayk Sarqsyan atəş açıb. Üzləşdirmədən sonra Ayk Sarqsyan bu iş üzrə şübhəli şəxs olub.
Hakimiyyət dəyişəndən və Nikol Paşinyan baş nazir seçiləndən sonra keçmiş prezident Serj Sarqsyanın yaxınları və məsləkdaşları daimi korrupsiya ifşaları və cinayət işlərinin mərkəzində olur.
Ən səs-küylü iş eyni zamanda parlament deputatı olan general Manvel Qriqoryanın işi oldu. Onun evində onlarla bahalı maşın, daşınmaz əmlakın olması barədə sənədlər, silah və ordu üçün nəzərdə tutulan ərzaq, hətta şəxsi zoopartk da aşkar olunub.
Dünən bütün günü Milli Təhlükəsizlik Xidməti keçmiş prezident Sarqsyanın qardaşının evində olub. Hələlik MTX əməkdaşları tərəfindən hansı əməllərin həyata keçirildiyi və qardaşı Aleksandr Sarqsyanın öz evindən onlarla birlikdə hansı statusda çıxması barədə məlumat verilmir.
Serj Sarqsyanın məsləkdaşlarından biri, Ermənistanın keçmiş ədliyyə naziri David Arutunyan bildirib ki, hakimiyyət “konkret adamları hədəfə alıb” və konstitusiyanı pozur. Halbuki onun fikrinə görə, yeni hakimiyyət qanuna qarşı çıxmaqla, mühüm addımlarını dəyərsizləşdirməməlidir.
David Arutunyan o cümlədən bildirib ki, izah edilə bilməyən və deklarasiyada qeyd olunmayan varlanma 1 iyun 2017-ci il tarixinə qədər cinayət sayılmayıb. Konstitusiyanın 72-ci maddəsinə görə isə törədildiyi zaman cinayət sayılmayan əmələ görə sonradan cəzalandırmaq olmaz.
«Başa düşürəm ki, hakimiyyətin hər gün gərginliyi saxlamağa ehtiyacı var, amma bunu bu yolla etmək olmaz», – Arutunyan deyib.