Ermənistanın ilk və hələlik yeganə “smart-dayanacağı” paytaxtda quraşdırılmayıb
Oktyabrın 8-də Eçmiadzin şəhərinin 2704 illiyi qeyd olunub. Bu olayın şərəfinə şəhərdə ilk və hələlik yeganə “smart-dayanacaq” açılıb. Burada telefonu şarj etmək, Wi-Fi şəbəkəsinə qoşulmaq, bankomat xidmətlərindən yararlanmaq, lazımi nəqliyyatın hazırda harada olduğunu monitordan izləmək mümkündür.
• Ermənistan hökuməti regionların inkişafı üçün 20 milyon dollar ayırıb
“Ağıllı dayanacaq” haqda ətraflı
Açılış mərasimində Yerevan və Eçmiadzin şəhərlərinin merləri Hayk Marutunyan və Diana Qasparyan iştirak edib. Ölkənin sürətli texniki modernləşdirilməsində maraqlı olduğunu dəfələrlə vurğulayan baş nazir Nikol Paşinyan da açılışa gəlib.
Eçmiadzin meri Diana Qasparyanın sözlərinə görə, dayanacağın məqsədi nəqliyyatı gözləyən zaman şəhər sakinləri üçün rahat şərait yaratmaq, həmin dəqiqələri maksimum səmərəli etməkdir.
İndi xüsusi ekranların köməyi ilə “ağıllı dayanacaqda” insanlar onları maraqlandıran marşrut, nəqliyyatın gəlmə vaxtı və ümumilikdə şəhər marşrutları haqda informasiya ala biləcək.
Öz əsas funksiyalarından başqa dayanacaq mobil telefonlardan fəal istifadə edənlər üçün də faydalı olacaq – telefonu burada şarj etmək və internet şəbəkəsinə qoşulmaq olur. Burada bankomat və ödəniş terminalı da quraşdırılıb. Burada saatı və havanın temperaturunu da öyrənmək mümkündür – üstəlik uzaq məsafədən görünən hərəkət edən yazı sayəsində.
Dayanacaq şəhər sakinləri üçün də faydalı olacaq. Onlar hara və necə gedəcəklərini, nəyə baxacaqlarını, harada yemək yeyəcəklərini və istirahət edəcəklərini müəyyənləşdirə biləcəklər.
Yeni dayanacaq qapalıdır, ventilyasiya və isitmə sistemləri ilə təchiz edilib. Yanında isə tullantıların çeşidləndirilməsi üçün xüsusi zibil qutuları quraşdırılıb.
Şəhər hakimiyyəti tədricən Eçmiadzinin digər dayanacaqlarını da yeniləmək niyyətindədir.
Ermənistanda bu cür dayanacaqlar
Daha bir “ağıllı dayanacaq” 2019-cu ilin iyulunda Ermənistanın böyüklüyünə görə ikinci şəhərində – Gümridə quraşdırılıb. Düzdür, bu dayanacaq xidmətlərin keyfiyyətinə görə Eçmiadzində quraşdırılandan geri qalır. Həm də Gümridə dayanacaq əslən bu şəhərdən olan iş adamı Norayr Davtyanın təşəbbüsü və maliyyəsi sayəsində quraşdırılıb. O, 20 ilə yaxın Moskvada yaşayıb, amma ötən il Ermənistana qayıdıb.
“Mənim iki yaşım olanda biz Rusiyaya getdik, “məxməri inqilabdan” [2018-ci ilin yazında baş verib – JAMnews] sonra isə Gümriyə qayıtdım. Oğlumun gələcəyini məhz Ermənistanda görürəm. Tamamən bura köçməzdən əvvəl mən ay yarımlıq bura gəldim, gördüm ki, burada yaşamaq və biznes aparmaq mümkündür. Noyabrda biz artıq birdəfəlik bura yerləşdik”, – Davtyan danışıb.
Gümrinin “ağıllı dayanacağını” işıqlandırmaq üçün günəş enerjisindən istifadə olunur. Onu işıqlandıran cihazlar insanlara günəş enerjisi sayəsində telefonlarını şarj etməyə imkan verir.
Gümridə üç il müddətində 35-i bu il olmaqla 70 smart-dayanacaq quraşdırmaq nəzərdə tutulub.
2017-ci ilin iyulunda isə Avropa İttifaqının təşəbbüsü ilə Yerevanda iki avtobus dayanacağında günəş panelləri quraşdırılıb. Onların köməyi ilə mobil telefonları, planşetləri və digər cihazları enerji ilə təchiz etmək mümkündür.
Yerevan dayanacaqlarında günəş panelləri Avropa İttifaqının “Ermənistanda enerji səmərəliliyi günləri” təşəbbüsü çərçivəsində quraşdırılıb. Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin o zamankı rəhbəri Pyotr Svitalski bildirib ki, bu təşəbbüsün məqsədi ölkədə bərpa olunan enerji mənbələrindən istifadə olunmasını təbliğ etmək və ölkənin Rusiyadan asılılığını azaltmaqdan ibarətdir.