Ermənistanın baş naziri Rusiya prezidenti ilə görüşüb
Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyan bu gün Soçidə Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclasında iştirak edib. Vaxtilə müxalifətçi qismində o, AAİİ-ni və Ermənistanın bu strukturda təmsil olunmasını sərt tənqid edirdi.
Paşinyan Rusiya preidenti Vladimir Putinlə görüşüb. Paşinyan bildirib ki, Ermənistan Moskva ilə həm siyasi, həm də iqtisadi sahədə münasibətlərin inkişafına yeni təkan vermək niyyətindədir.
“Biz hərbi-sənaye sahəsində də münasibətlərimizi inkişaf etdirməyə ümid edirik. Biz Ermənistanın daxili siyasi böhran yaşadığı zaman Moskvanın neytral mövqe tutmasını yüksək dəyərləndiririk”, – Ermənistan baş naziri qeyd edib.
Vladimir Putin isə öz növbəsində bildirib ki, Ermənistan Rusiyanın strateji müttəfiqi və vacib iqtisadi tərəfdaşıdır. O, Paşinyanı baş nazir vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Onlar son zamanlar ölkələr arasında qeydə alınan 25 faizlik mal dövriyyəsi artımının daha da yüksələcəyinə ümid ifadə ediblər.
Nikol Paşinyan onu da vurğulayıb ki, Ermənistanda Rusiya ilə strateji müttəfiqlik münasibətləri ilə bağlı konsensus mövcuddur və bu münasibətlərin önəmi heç vaxt şübhə altına alınmayıb.
Bir neçə ay əvvəl Nikol Paşinyan Ermənistan parlamentində “Yelk” fraksiyasının mövqeyini ifadə etdiyi zaman deyirdi ki, Ermənistanın AAİİ-də heç bir işi yoxdur, “Ermənistanın AAİİ-də olmasının yeganə əsaslı səbəbi şantajdır”, “AAİİ Ermənistana heç bir xeyir verməyib, ziyandan başqa” və “Ermənistan AAİİ-ə daxil olandan sonra ərazilərini itirib”.
2017-ci il sentyabrın 14-də Paşinyanın rəhbərlik etdiyi fraksiya Ermənsitanın AAİİ-dən çıxması haqda qanun layihəsini parlamentin müzakirəsinə təqdim edib. Parlament dinləmələrindən sonra hazırda artıq keçmiş Ermənistan hakimiyyəti Ermənistanın AAİİ-dən çıxması üçün heç bir səbəbin olmadığına dair əks-arqumentlər gətirirdi. Nikol Paşinyan isə deyirdi ki, “Yelk” fraksiyası AAİİ-dən çıxmağın xeyrinə arqumentlər təqdim etməklə hakimiyyətə 10:2 hesabı ilə qalib gəlib.
Məxməri inqilabın qələbəsindən sonra Paşinyan bu cür sərt dəyərləndirmə ilə çıxış etməyib. Üstəlik baş nazir kürsüsnə onun namizədliyinin irəli sürülməsindən sonra o deyib ki, onun nazirlər kabinetinə rəhbərlik etdiyi müddətdə Ermənistanın AAİİ-dən çıxması məsələsinə baxılmayacaq.
“Sən müxalifətdə olanda və sənin bu və ya digər strukturda mövcud olan problemləri həmin strukturda idarəçilik səviyyəsində, yəni müvafiq ölkənin hakimiyyəti qismində nəzərdən keçirmək imkanına malik deyilsənsə, variantlardan biri kimi məsələləri qaldırmaq və reaksiya almaq qalır.
Sən hakimiyyətdə olduğun zaman sənin bütün problemləri sənədləşdirmək, tərəfdaş ölkələrlə müzakirə etmək və təmkinli dialoq atmosferində onları həll etmək imkanın var. Biz AAİİ-dən çıxmaq məsələsini qaldırmayacağıq. Amma bu o demək deyil ki, biz problemlərin olmadığını deyirik”, – baş nazir Nikol Paşinyan öz yanaşmalarındakı ziddiyəti belə izah edib.