Ermənistanda yeni turizm: vəhşi təbiət, adrenalin və yerli biznesin inkişafı
Ermənistanın bir qrup bələdçisi ölkənin ən cənubunda ekoturizmi inkişaf etdirmək qərarına gəlib və artıq gələn ildən burada daha çox turist gözləyirlər.
Yeni 70 kilometrlik turist marşrutu Sünik vilayətində yaradılacaq, qoruq və meşələrdən keçəcək, Qafan və Meğri şəhərlərini cığırlarla birləşdirəcək.
Bələdçilər deyirlər ki,bu dağ marşrutu tamamilə vəhşi təbiəti görmək, dərələri aşmaq, çaylardan keçmək, qədim məbədləri və kəndləri görmək imkanı verir.
• Turistlər üçün gələcək “cənnət”? Gürcüstanın Daşbaş dərəsindən fotoreportaj
• Sakinlərinin dolanışıq dalınca heç yana getmədiyi erməni kəndi
“Çinarlıq” qoruğu, şərq fıstığı meşələri, çadır düşərgələrinin qurulduğu Hustup dağı da marşrut üzərindədir. Marşrutun bir hissəsi düz məşhur İpək Yolu üzərindən keçir.
“2019-cu ilin sonuna doğru bizim marşrut hazır olacaq – tam düşünülüb təşkil olunmuş, dövlət standartlarına müvafiq və xəritələrdə əks edilmiş şəkildə. O vaxta qədər yerli bələdçilərin çoxu da yenidən hazırlıq keçəcəklər. Biz yerli və xarici agentliklərlə əməkdaşlıq çərçivəsində böyük piar kampaniyası təşkil edəcəyik və çox sayda turist cəlb edə biləcəyimizə ümid edirik”, – “Cənublu bələdçilər” təşkilatının sədri Robert Matevosyan deyir.
Marşruta və müvafiq olaraq yeni turizm biznesinə “Şikaox” qoruğunun və “Arevik” Milli Parkının ətrafında yerləşən səkkiz kənd cəlb olunub.
“Yerli sakinlər ərzaq satacaq, restoran açacaq, yerli ənənəvi sənətkarlıq növlərinə tələbat yaranacaq. Məqsəd ondan ibarətdir ki, icmalar özləri kənar yardım olmadan inkişaf etsin, turizm onlar üçün stimul olacaq”, – “Cənublu bələdçilər” təşkilatının bələdçisi, ekoloq və proqram koordinatoru David Akopyan deyir.
Bütün proqram “Ekoturizm mühafizə olunan ərazilər ətrafındakı icmaların sosial-iqtisadi inkişaf stimulu kimi” adlanır. 2018-ci ildən bəri artıq 27 bələdçi hazırlanıb – onlarla birlikdə əfsanələr tarixlə və ənənələrlə bağlı hekayələr toplanıb, turistlər üçün proqram tərtib edilib.
“Marşrut hazırlanan zaman bizimlə Peru, Kolumbiya, Rusiya və Polşadan olan könüllülər çalışıb. Əgər lazımi maliyyəni əldə edə bilsək, ilin sonuna qədər mehmanxana biznesinin tenə təşkil olunması haqda kurslar da keçirəcəyik”, – David deyir.
70 kilometrlik bu marşrut üçün ayrıca sayt da hazırlanacaq, orada digər məlumatlarla yanaşı layihəyə daxil olan azı 40 ailənin təqdim etdiyi məhsul və xidmətlərin siyahısı da yerləşdiriləcək. Saytda bu yerlərə xas olan ənənəvi yeməklərin reseptləri veriləcək.
1990-cı illərin əvvəllərindən Şikaox kəndinin əhalisi dörd dəfə azalıb, burada çox az sakin qalıb.
Yerli məktəbin hərbi hazırlıq müəllimi 58 yaşlı Aramais Tadevosyan həyat yoldaşı Goharla birlikdə turizm biznesinə qatılmaq qərarı alıb və ilk addımları atıblar. Onlar ikimərtəbəli evlərini təmir edib və hətta bu evdə ilk turistləri də artıq qəbul ediblər.
Aramaisin oğlunun 28 yaşı var. Lap bu yaxınlarda Baqrat həyat yoldaşı və övladı ilə birlikdə Rusiyadan gəlib.
“Mən qazanc dalınca getmişdim, amma Rusiyadakı həyata alışa bilmədim. Əgər turistlər bizim yerlər haqda bilsələr bizə gələcəklər. Bizim də işlə məşğul olmaq imkanımız yaranacaq, öz kəndimizdən getmək haqda daha düşünməyəcəyik, hətta çıxıb gedənlər də geri dönəcəklər”, – Baqrat deyir.