Ermənistanda xarici nömrəli avtomobillərin sürücüləri də cərimələnəcək
Foto: Gevorq Kazaryan, JAMnews
İndən belə Ermənistanda digər dövlətlərə məxsus qeydiyyat nömrəli avtomobillərin də sürücüləri cərimələnəcək. Onların hansı qayda pozuntusuna görə cərimə ödəməli olduqları sərhəd keçid məntəqələrində bildiriləcək.
Ermənistanın Yol Polisinin rəisi Yeqor Karapetyan bildirib ki, xarici nömrə nişanlı avtomobillərin sürücüləri Ermənistandan çıxan və ya növbəti dəfə ölkəyə gələn zaman gömrükdəcə cəriməni ödəyəcəklər. Üstəlik cərimə ödənilmədiyi təqdirdə qanun pozucusuna Ermənistan vizası verilməyəcək. Yol Polisi yeni qaydalar haqda sürücüləri ilin sonuna qədər məlumatlandırmaq niyyətindədir.
İndiyə qədər Ermənistanda yol hərəkəti qaydalarının pozulmasına görə yalnız yerli nömrə nişanlı maşınların sürücüləri cəzalandırılırdı.
Mətbuat vaxtaşırı xarici, xüsusən də Rusiyaya aid nömrə nişanlı maşınların üstün vəziyyətdə olduğu haqda yazıb. Bu maşınların sürücüləri kameraların və sürət radarlarının qeydə aldığı qayda pozuntusuna görə cərimə ödəmirdi, çünki cərimələrin ödədilməsi mexanizmi işlənib hazırlanmamışdı.
Bir çox yerli sürücülər bu səbəbdən qayda pozuntusuna görə cərimədən yayınmaq üçün digər ölkələrin, əsasən də Rusiyanın və ya Gürcüstanın nömrə nişanlarını əldə etməyə başlamışdılar.