Ermənistanda üç yaşlı uşağı girov götürmüş adam zərərsizləşdirilib
Bu gün bir kişi üç yaşlı uşağı girov götürüb. İnsident Armavir şəhərindəki “Manuşak” uşaq bağçasında baş verib.
Jurnalist Anjela Stepanyan hadisə yerindən JAMnews-a məlumat verib ki, bu adamın keçmiş arvadı və qayınanası həmin bağçada işləyir.
“Kişi uşaq bağçasına gəlib ki, keçmiş arvadından qisas alsın, onu tutub, amma bu zaman bıçaqla öz əlini yaralayıb. Qadın qaça bilib, bundan sonra əlində bıçaq olan həmin adam uşağı girov götürüb və başladıqları söhbəti davam etdirmək üçün arvadının geri qayıtmasını tələb edib”, – jurnalist danışıb.
Ermənistan polisi xəbər verir ki, hüquq-mühafizə orqanlarının bağçaya hücum edən şəxslə apardığı danışıqlar sayəsində uşağı sağ-salamat bağçadan uzaqlaşdırmağa nail olublar.
Anjela Stepanyanın sözlərinə görə, polis adamı zərərsizləşdirmək istəyəndə, o özünə xəsarət yetirmək istəyib, bıçağı özünə saplayıb. Hazırda o, əməliyyat olunur.
Uşaq bağçasına soxulan adamın kim olduğu haqda rəsmi məlumat açıqlanmayıb. Medianın xəbər verdiyinə görə, onun keçmiş həyat yoldaşı və qayınanası bu uşaq bağçasında çalışıqlar, arvadı tərbiyəçi, qayınanası isə müdirədir.