Ermənistanda tələbələr bir həftədir davam edən etiraz aksiyasına son qoyub
Foto və video: Seda Qriqoryan, JAMnews
Tələbələr orduda xidmətlə bağlı möhlət hüququnun məhdudlaşdırılmasına qarşı bir həftə əvvəl başlatdıqları etiraz aksiyasını yekunlaşdırıblar. Onlar bildiriblər ki, hazırkı məqamda küçə mübarizəsi dayandırılır və dəyirmi masa arxasında danışıqlar başlanır.
Yeddi gün ərzində Ermənistanın müxtəlif ali məktəblərinin tələbələri tətil keçirib, dünən isə onlardan beşi özlərini Yerevan Dövlət Universitetinin auditoriyalarının birinə qapadıb, aclıq aksiyasına basmışdı.
JAMnews daha əvvəl tələbələrin mübarizəsi ilə bağlı xəbər yayıb, möhlət hüququnun məhdudlaşdırılması tərəfdarlarının da, tələbələrin də arqumentlərini təqdim edib.
https://jam-news.net/?p=68519&lang=az-AZ
Tələbələr qüvvədə olan qanunun olduğu kimi qalmasını, ona dəyişikliklərin edilməməsini tələb edirlər. Onlar hazırda olduğu kimi 18 yaşı tamam olmuş, ödənişsiz əsasda təhsil alan (yəni göstəriciləri yüksək olan) tələbələrin orduya təhsili başa vurandan sonra çağırılmasını istəyirlər. Hökumətin təklif etdiyi yeni qanun layihəsinə əsasən isə möhlət hüququ yalnız Müdafiə Nazirliyi ilə təhsili başa vurandan sonra xidmətə gedəcəyi haqda müqavilə imzalayacaq tələbələrə veriləcək, həm də adi müddətdən 1 il daha artıq, yəni 3 il xidmət çəkməli olacaqlar.
Bu gün tələbələrin etiraz aksiyası Milli Məclis binası qarşısında davam edib. Parlament ikinci oxunuşda qanun layihəsini qəti təsdiqləyəndən sonra tələbələr yenə də öz şüarlarını səsləndiriblər: “Möhlət olacaq”. Qanun layihəsinin əleyhinə cəmi 6 deputat səs verib.
Gənclər deputatların çıxıb onlarla danışmasını, onların təkliflərini dinləməsini tələb ediblər. Bunun əvəzində isə vitse-spiker onları parlament binasına dəvət edib. Məsələni vitse-spikerlə müzakirə etmək üçün beş aksiya iştirakçısı binaya daxil olub.
Buna qədər nümayiş iştirakçıları və polis arasında qarşıdurma baş verib. Polisdən bildirilib ki, bağlanmış yolda hərəkəti bərpa etmək məqsədilə aksiya iştirakçılarına qarşı müvafiq güc tətbiq edilib.
İnsident nəticəsində aksiya iştirakçısı Robert Qriqoryan saxlanılıb. Daha sonra polisdən bildirilib ki, bu gənc İstintaq Xidmətinin araşdırdığı cinayət işi ilə bağlı saxlanılıb. Söhbətin hansı cinayət işindən getdiyini isə polis dəqiqləşdirməyib.
Vitse-spikerlə görüşdən sonra tələbələr bildiriblər ki, müvəqqəti olaraq tətil və aclıq aksiyasına son verirlər və “dəyirmi masa arxasında” danışıqları davam etdirəcəklər.
“Biz imkan olduğu qədər konstruktiv olmağa çalışırıq. Hazırda hesab edirik ki, bu, mümkün variantların ən yaxşısıdır və arzu edən şəxslər bizə qoşula bilər. Tətil və aclığı bitirmək və dəyirmi masaya hazırlaşmaq lazımdır. Dəyirmi masadan sonra nə olacaqsa dəyirmi masadan sonra olacaq”, – deputatlarla görüşdə iştirak edənlərdən biri David Petrosyan bildirib.
O, Milli Məclis spikeri Ara Babloyanın məsələyə yanaşmasını da jurnalistlərə çatdırıb:
“Cənab Babloyan qeyd etdi ki, əgər biz möhlət hüququnun məhdudlaşdırılması ilə bağlı müvafiq vəziyyətin doğru qərar olmadığını sübut edə bilsək, onlar dəyişikliklərə gedə bilərlər. O, həmçinin rəsmən bildirdi ki, tətildə iştirak edən tələbələr təzyiqlərə məruz qqalmayacaq”, – David Petrosyan bildirib.