Ermənistan valyutası dramın 25 illiyi ilə əlaqədar Mərkəzi Bank 2018-ci ildən etibarən dövriyyəyə yeni əskinaslar daxil etmək istəyir. Bunlar kağız və polimerdən (plastik) ibarət üçüncü nəsil kompozit əskinaslar olacaq. Yeni banknotlar köhnələrdən sadəcə keyfiyyəti ilə deyil, həm də dizaynı ilə fərqlənəcək.
Yeni minlik (min dramlıq) əskinasın üzərində şair və yazıçı Paruyr Sevakın;
Beşminlik əskinasda erməni əsilli məşhur Amerika yazıçısı Uilyam Saroyanın;
Onminlikdə bəstəkar Komitasın;
İyirmiminlikdə rəssam Ayvazovskinin;
Əlliminlikdə isə Erməni Kilsəsinin birinci katolikosu Maarifçi Qriqorinin əksi olacaq.
Bu xəbər sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. Bəzi Facebook istifadəçiləri pullarla bağlı zarafatla öz versiyalarını da təklif ediblər. Əsasən banknotların dizaynı və onların üzərində əks olunacaq şəxslərlə bağlı tənqid və ya dəstək səslənir.
Sosial şəbəkələrdə yayılan bəzi rəyləri təqdim edirik:
“Milli valyuta qaraçı paltarını xatırlatmalı deyil”.
“Bu ajiotaj və ümummilli dizaynerlik hərəkatı tamamilə əsassızdır. Əlvan rənglər cilalanacaq və daha sakit kontrastsız görkəmə salınacaq, o zaman hər şey qaydasına düşəcək”.
“Elektoratı satın alacaqları beş və on minlik əskinasların görünüşü dəyişəcək”.
Mərkəzi Bank xəbərdarlıq edib ki, dövriyyəyə yeni əskinasların buraxılması nə əhali, nə də biznes üçün heç bir problem yaratmayacaq. Əskinasların dövriyyəyə daxil edilməsi tədricən baş tutacaq, köhnələrin dövriyyədən çıxarılması nəzərdə tutulmayıb. Hazırda dövriyyədə olan banknotlar müddətsiz şəkildə istifadə olunacaq və yalnız istifadəyə yararsız olduğu zaman istifadədən çıxarılacaq. Əskinasların nominal dəyəri də dəyişməyəcək. Yəni yeni minlik əskinas köhnə ilə eyni dəyərdə olacaq, sadəcə zahiri görünüşü dəyişəcək.