Ermənistan və Gürcüstan üçüncü ölkələrə birgə ixrac imkanlarını müzakirə edir
WorldPress.com
Ermənistanın İqtisadi İnkişaf və İnvestisiya naziri Suren Karayan Gürcüstanın İqtisadiyyat və Stabil İnkişaf naziri Georgi Qaxariyanın rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyəti ilə görüşüb.
Suren Karayan bildirib ki, Ermənistan və Gürcüstan arasında ticarət dövriyyəsinin artmasına baxmayaraq, bu artımın tempi qənaətbəxş deyil, çünki bütün mövcud potensialdan istifadə olunmur.
Nazir Ermənistan və Gürcüstanın müxtəlif bazarlarda sahib olduğu güzəştləri hesaba alaraq üçüncü ölkələrə birgə ixrac üzrə proqramları müzakirə etməyi və işləyib hazırlamağı təklif edib.
İqtisadiyyat və Stabil İnkişaf naziri Georgi Qaxariya bildirib ki, hər hansı siyasi narazılığın olmamasından istifadə etmək və bütün səyləri ölkələr arasında ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə yönəltmək lazımdır.
Görüş əsnasında hər iki ölkədə işləyən Ermənistan və Gürcüstan iş adamlarının problemləri ilə məşğul olacaq işçi qrupun yaradılması və bu problemlərin tez həll edilməsi haqda razılıq əldə edilib.
Nazirlər hər bir ölkənin güclü tərəfini və rəqabət üstünlüyünü istifadə etmək nəticəsinə gəliblər, bunların ağılla birləşdirilməsi nəticəsində səmərəli müştərək proqramlar həyata keçirmək mümkündür.
Ermənistan naziri Gürcüstanın iş adamlarına Sünik rayonunda azad ticarət zonasının inşasında iştirak etməyi və İranla sərhəddə yerləşən azad iqtisadi zonada biznes layihələri həyata keçirməyi təklif edib. Həmçinin turizmin inkişaf imkanları və müştərək regional turizm layihələrinin həyata keçirilməsi də müzakirə olunub.