Ermənistan və Azərbaycan liderləri növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib
Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın prezidenti İlham Əliyev iqtisadi sammitin keçirildiyi İsveçrənin Davos şəhərində görüşüblər. Dövlət liderləri arasında qeyri-formal görüş baş tutub.
Paşinyan və Əliyev nə haqda danışıb?
Görüşdən sonra Nikol Paşinyan Facebook səhifəsində bildirib ki, ölkə liderləri “danışıqlar prosesi ilə bağlı fikir mübadiləsi aparıblar” [Dağlıq Qarabağ münaqişəsinin nizamlanması haqda – JAMnews]. Görüş yarım saat davam edib.
Növbəti gün Paşinyan görüş haqda geniş danışıb. O bunları deyib:
“Bunlar qeyri-rəsmi görüşlərdir, danışıqların rəsmi başlanğıcı kimi dəyərləndirmək olmaz”.
Paşinyanın sözlərinə görə, sammitin təşkilatçıları Ermənistan və Azərbaycan liderlərindən – hər birindən ayrılıqda – görüş keçirməyə etiraz edib-etmədiklərini soruşublar, onlar da müsbət cavab veriblər.
Paşinyan həmçinin bildirib ki, Əliyevlə onun arasında baş tutan bütün görüşlərdə danışıqlar prosesinin tarixi, nizamlama üçün şərtlərin yaradılması imkanları və mövcud maneələr müzakirə olunub:
“Biz heç bir konkret detal müzakirə etmirik, sadəcə fikir mübadiləsi aparırıq və birlikdə danışıqlar prosesi ilə bağlı nöqteyi-nəzərimizi təqdim edirik”.
Bu artıq Nikol Paşinyan və İlham Əliyevin üçüncü görüşüdür.
Ekspertlər nə deyir?
Erməni politoloq Hayk Martirosyan öz Facebook səhifəsində baş tutmuş qeyri-rəsmi görüşü şərh edərək yazıb ki, Paşinyanla Əliyevin görüşlərinin ciddi gizlilik şəraitində keçdiyinə fikir verib.
“Aydın deyil ki, Əliyevlə görüş niyə keçirilib. Ermənistanın bunda marağı nədir? Niyə əvvəlcədən informasiya təqdim olunmayıb və ya niyə müzakirə olunanların bütün məzmunu haqda məlumat verilmir?” – Martirosyan yazır.
Politoloq Armen Baqdasaryanın fikrincə, baş tutmuş görüşü müsbət dəyərləndirmək olar:
“Düşünmürəm ki, görüş əvvəlcədən planlaşdırılıb. Hər halda bu danışıqlar yox, fikir münadiləsi olub. Nəticələr haqda nəsə demək çətindir, çünki informasiya azdır. Amma ümumilikdə görüşü müsbət dəyərləndirmək olar”.
Siyasi şərhçi Akop Badalyan hesab edir ki, nə Ermənistan, nə də Azərbaycan hələlik konsensusa gəlməyə hazır deyil:
“Qarabağ münaqişəsində toqquşma nöqtəsi olaraq aşağıdakılar qalır: Azərbaycan heç bir güzəştsiz torpaqları tələb edir. Ermənistan isə Qarabağın statusunun ümdə olmasını və problemin hərbi həllindən imtina edilməsini deyir. Burada tərəflər arasında ziddiyyət göz qabağındadır. Və anlamaq lazımdır ki, hansısa tərəf güzəştə getməyə hazırdır, ya yox? Mənim zənnimcə, yox”.